Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Respublika Gənclər Kitabxanası böyük söz ustadı Aşıq Ələsgərə həsr olunmuş silsilə tədbirləri içərisində son günlərdə izləyicilərə təqdim olunan “Ustad el aşığı” metodik vəsaiti xüsusi yer tutur.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən kitabxana əməkdaşlarına yardımçı ola biləcək metodik vəsaitdə Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, Azərbaycan ədəbiyyatının görkəmli simalarının ustad haqqında söylədikləri fikirlər yer alıb. Vəsaitdə illərdir ki, Azərbaycanda el sənətinə göstərilən qayğının bariz nümunəsi olan rəsmi sənədlər də işıqlandırılıb. Təqdim edilən vəsaitin özəlliyi şairin 200 illik yubileyi çərçivəsində kitabxanalarda keçiriləcək tədbirlər haqqında tövsiyələrin yer almasıdır. Belə ki, burada Aşıq Ələsgər irsinin kitabxanalarda təbliği mövzusuna geniş və hərtərəfli diqqət ayrılmışdır. Bir çox kitabxanaçılar üçün metodiki tövsiyələr ilə zəngin olan bu vəsaitdə sözügedən mövzuda “elektron məlumat bazası”nın, “viktorinalar”ın, “Virtual kitab sərgiləri”nin, “ekskursiyalar”ın, “ədəbi-bədii gecələr”in, “ədəbi diskussiyalar”ın və s. necə və hansı formada təşkili və idarə edilməsi mövzusunda dəyərli məsləhətlər verilib. Vəsaitdə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə hazırlana biləcək “biblioqrafik icmal”ın əsasında aşıq yaradıcılığına həsr olunmuş bir sıra kitabların annotasiyaları təqdim edilib.

“Ustad el aşığı” metodik vəsaiti kitabxananın rəsmi saytında – https://ryl.az/files/ustad_el_ashigi.pdf linkı altında yerləşdirilib.

Mənbə: https://azertag.az/