Xəbər verildiyi kimi iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar atasının xatirəsinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb. Məktubda deyilir: “Möhtərəm cənab Prezident. Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncamınızı böyük sevinc və qürur hissiylə qarşıladıq. Ulu Öndərimizin layiqli varisi kimi onun ədəbiyyatımıza daimi diqqətini və qayğısını XXI əsrdə uğurla davam etdirirsiniz.

Bu muzeyi zəngin mədəniyyət ocağı kimi təşkil etmək və yaşatmaq üçün əlimizdən gələni edəcəyik.

Ailəmizin adından, Yazıçılar Birliyi adından, şəxsən öz adımdan Sizə ən dərin və ən səmimi minnətdarlığımı bildirirəm.

Sağ olun, var olun!”

Mənbə: https://azertag.az/