Azərbaycan Yazıçılar Birliyinin üzvü

Mənim şirin yuxum sənsən,
Varım sənsən, yoxum sənsən,
Cismim sənsən, ruhum sənsən.
Çox sevirəm səni, lap çox.

Ay, ulduzlu danımdan da,
Hər bir gözəl anımdan da,
Bil ki, hətta canımdan da,
Çox sevirəm səni, lap çox.

Çox ağırdır eşqin yükü,
Etməliyik biri iki,
Tanrı özü şahiddir ki,
Çox sevirəm səni, lap çox.

Dağlar aşım, düzlər keçim,
Sənsiz həyat mənim heçim.
Nəyə desən, qoy and içim,
Çox sevirəm səni, lap çox.

Şirin, şəkər sözümdən də,
Baxan nurlu gözümdən də,
Ömrüm-günüm, özümdən də,
Çox sevirəm səni, lap çox.

Kağız bilir, qələm bilir,
Ahım bilir, naləm bilir,
Bütün dünya, aləm bilir,
Çox sevirəm səni, lap çox.

Olmayaq gəl, eşqə yağı,
Söndürməyək gur ocağı.
Ay eşqimin duracağı,
Çox sevirəm səni, lap çox.