Mən çoxdan anlamışam ki, bu fani həyatda valideynlərim, bacılarım olsa belə, kimsəsizəm mən. Noyabrın 16sı 28 yaşım tamam olacaq. 2022-ci il mənim üçün çətin keçdi. Digər illərdən 2021-i nisbətən yaxşı olaraq, yadımda qalıb. Zaman keçdikcə, insanın həyatındakı süzgəc, buna ələk də demək olar ki, lazımsız hər bir insanı sənin həyatından ələyir. Bəzən insanlar eqoistlik edib, qarşı tərəfi ” Sən tək öləcəksən ” deyə öz aləmlərində hədələyirlər. Ay başınıza döndüklərim, məni sevməsəniz belə, sevdiklərim, bu dünyada kim cüt ölüb ki? Kimləri eyni qəbirdə birliktə basdırıblar? Bunu qəbul etmək lazımdır ki, hər bir insan özünəməxsus və tamamilə təkdir. Mənim, bizim Allahdan başqa kimsəmiz yoxdur. Atam deyir, insanlardan uzaqlaşmışam. O, mənə görə nigarandır. Amma bilmir ki, insanın özü ilə baş-başa qalıb, həqiqətlərlə üzməşləsi ona verilən ən böyük şansdır, hədiyyədir. Mən nə insanlardan, nə canlılardan uzağam. Əvvəlkindən daha yaxınam. Yenə də sevirəm, kimsəyə də kinim yoxdur, çox şükür. Təklik bədbəxtlik deyil. Sadəcə ətrafına, yan-yörənə baxıb, normal söhbət etməyə adam tapmayanda təəssüf edirəm. Kişilər xanım olduğum üçün müəyyən məqsədlər üçün ünsiyyətə can atır, qadınlar da ki… Hər kəsin bir təmənnası var.
O gün, alış-verişdən qayıdırdım, Gənclik metrosu tərəfdə idim. Yüküm də xeyli ağır idi. Mən isə nəqliyyatı sevməyən, 15dəqiqəyə gedəcəyim yola 30 dəqiqə sərf etməyi üstün tutub, piyada gedən adamam. Bir gənc qız yaxınlaşıb, israrla mənə kömək təklif etdi, tələbə idi, dərsdən qayıdırdı. Qadınlardan yaxınlıq, yaxşılıq görmək həmişə mənə qəribə gəlib. Çünki adətən, paxıllıq görmüşəm. Bu tələbə qız mənim qəlbimi fəth etdi desəm, azdır. O da yorğun idi, bəlkə də pulsuzluqdan piyada gedirdi. Amma mən yaşlı biri olmamağıma baxmayaraq, mənim yüklərimə kömək etdi, hətta evə qədər aparmaq istəyirdi, qoymadım, düzü yenə də qoymurdum, əlimdən məcbur aldı. İlk dəfə idi ki, təmənnasız olaraq, bu ölkədə qoca nənə olmasam belə, yaşı yaşıma yaxın bir gənc qız mənə kömək etdi. Bu mənim üçün qeyri-adi hadisə idi. Bu il yaşadığım ən gözəl və az şeylərdən biri idi. Mən demirəm ki, yaxşılıq görməmişəm. Görmüşəm. Ancaq ən çox, kiməsə etdiyimin qarşılığı olaraq. Təmənnasız edilən yaxşılığın dadı hər iki tərəf üçün tamamilə başqa cür olurmuş. Hələ qız mənə qayıdır deyir ki; ” Sizin kimi gənclər bizə lazımdır ” Dedim, ” Gözəlim, əsas sənin kimi gənclər bizə lazımdır. ” Bir az söhbət etmişdik yol əsnasında. Ona mənə yazmağını tapşırmışdım. Gözəl də adı vardı; FİRUZƏ.
Firuzələr olmasa, həqiqətən yaxşılığın var olduğunu insanlar unudar. Mən təkəm. Ancaq bilirəm ki, təklik kimi yaxşılıqlar da, gözəlliklər də seçilən və seçicidir.