Hər payız dərdimi pıçıldayaraq,
Tökülür ağacdan sapsarı yarpaq.
Dinlə, o həsrətlə səslənən qovaq,
Mənim ürəyimdir, mənim ürəyim.

Məhəbbət sonsuzdur, ömürsə qısa,
Nə olar, sədaqət əbədi qalsa!
Kimin ürəyində bir tel qırılsa,
Mənim ürəyimdir, mənim ürəyim.

Üzlərdə, gözlərdə sevgi oxunur,
Məhəbbət ürəkdən-ürəyə qonur.
Gözəllər gözündə o atəş, o nur
Mənim ürəyimdir, mənim ürəyim.

Bulağam, suyumdan doyunca için!
Çəmənəm, mehriban-mehriban keçin!
Min çiçək içindən bir lalə seçin-
Mənim ürəyimdir, mənim ürəyim.

Şairin qəlbində min bir dilək var,
Çələng toxumağa gül var, çiçək var.
Nə qədər dünyada sevən ürək var,
Mənim ürəyimdir, mənim ürəyim.