Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini


Qonağam dünyada, gedəcəm bir gün
Əlimi həyatdan üzəcəm əlbət.
Məni ayrılığa eylədi sürgün,
Məni qəm oduna atan məhəbbət.

Yığdı çiyinimə EŞQ adlı yükü,
Daşıdım, daşıdım, gücüm yetmədi.
Yoruldum, tükəndi taqətim, çünki
Mən getdim, o mənə sarı gəlmədi.

Yolunda canımdan keçmədimmi mən?!
Niyə bəs ayrılıq yaşatdın mənə?!
SƏN adlı kitabı vərəqləyən mən
Səni öz dilindən danışım sənə.

Dilim söz tutmayıb adın gələndə
Saçlarım tamarzı bir sığalına.
Ətrini duyanda… Sənin kölgəndə
Məni çox aparır məndən uzağa…

Əllərim arxanca uzalı qaldı,
Əl atıb əlimi tutmadın mənim.
Ürəyim o vaxtdan yaralı qaldı,
İNTİZAR o vaxtdan ləqəbim mənim…