Qafqaz Əvəzoğlu

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

VAR SUMQAYITIM1

(Sumqayıt şəhərinin 60 illiyinə)

Sevdim ilk baxışdan, təmasdan səni,
Gördüm ürəklərdə bir dastan səni.
Olasan beləcə gülüstan səni,
Düşməsin üstünə xar, Sumqayıtım!

Qəlbimdə yandırdın od-ocağını,
İlkin bahar bildim hər bucağını.
Açıb ana kimi öz qucağını,
Olmusan bizlərə yar, Sumqayıtım!

Doldun ürəklərə məhəbbətinlə,
Ruha qida verdin ülviyyətinlə.
Tanındın dünyada şan-şöhrətinlə,
Eylədin özünü car, Sumqayıtım!

İgid oğlanların bir tərlan-tülək,
Qoynunu bəzəyən qızların mələk.
Məhəbbət yanğılı gör neçə ürək,
Tapdı qucağında yar, Sumqayıtım!

Hüsnün ürəyimi çəkib qopardı,
Mənimçün qışın da yazdı, bahardı.
Könlüm harda belə qərar tutardı,
Yaxşı ki, a Qafqaz, var Sumqayıtım!!

2009.

1- Bəstəkar Nərminə Nağıyeva tərəfindən mahnı-əsər bəstələnmiş, Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə keçirilən şeir-mahnı müsabiqəsində Sumqayıt üzrə I yeri, Respublika üzrə III yeri tutmuşdur.