Əziz MUSA.”Bu nağıllar”

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Taleyim, qismətim tuş gəldi qəmə,
Dərdimi, qəmimi qoymuşam dəmə,
Bu sevgi bir quru nağılmış demə,
Daha nağıllara inanmıram mən.

Xoşdu söz eşitmək gözəl dilindən,
Neyləyim ayrıldım qönçə gülümdən,
Sevdalı günlərim uçdu əlimdən,
Daha nağıllara inanmıram mən.

Dindirsən bir qəhər boğacaq məni,
Çəkəcək qoynuna od-ocaq məni,
Bu həsrət deyəsən udacaq məni,
Daha nağıllara inanmıram mən.

Döndü gizlənpaça sevda oyunu,
Sevdim, əzizlədim bəstə boyunu,
Əzbərdən bilirəm”Leyli Məcnun”u,
Daha nağıllara inanmıram mən.

İndi nağılları gözüm söyləyir,
Nağılar gecəni səhər eyləyir,
Ötən günlər üçün qəlbim göynəyir,
Daha nağıllara inanmıram mən.