Şeir nədir?
Şeir mənim ürəyimin qanıdır,
Qansız ürək yaşayarmı dünyada?!
Şeir məni el-obada tanıdır,
Necə verim bu şöhrəti mən bada!?
O, paklığın saf arzular dilidir,
Tanrı çalan rübab dinir o dildə.
Haqq səsinin o bəmidir, zilidir,
Neçə-neçə qəlb isinir o dildə.
Hər nəğməsi amalıdı ellərin,
Şah pərdəsi Koroğlunun cəngidir.
Sözlərinə ətri hopub güllərin,
Misraları əlvan çiçək rəngidir.
Ulu Tanrım, rəhmin gəlsin bəndənə,
İmdad elə, ilham pərim küsməsin.
Göstərməsin tərs üzünü o mənə,
Qoy təbimə xəzan yeli əsməsin.
Şeir mənim ürəyimin qanıdır,
Qansız ürək yaşayarmı dünyada?!
Şeir məni el-obada tanıdır,
Necə verim bu şöhrəti mən bada!?
Muğayat olun!
Uymayın, cavanlar, şər əməllərə,
Namusdan-qeyrətdən muğayat olun.
Ər oğlu ərlərin varisləriyik,
Şərəfdən-şöhrətdən muğayat olun!
Biz salam vermişik, salam almışıq,
Qayğı göstərmişik, qeydə qalmışıq.
Zülmət beyinlərə ziya salmışıq,
O ali sərvətdən muğayat olun!
Kişilər tanınıb təmiz ad ilə,
Əsil-nəcabətlə, yaxşı zat ilə.
Ağılla, idrakla, etiqad ilə
Keçmişə hörmətdən muğayat olun!
Mərdlik babalardan əziz mirasdı,
O bizə məxsusdu, o bizə xasdı.
Xalqım ibtidadan qədirşünasdı,
İnsafdan-mürvətdən muğayat olun!
Millətim mətindi, sözün doğrusu,
Bir əlində oddu, bir əlində su.
Ürək güvəsidi vicdan ağrısı,
Saflığa rəğbətdən muğayat olun!
Babanlıyam, dözüm məziyyətimdi,
Düzlük, əyilməzlik əziyyətimdi.
Eşidin, bu sizə vəsiyyətimdi,
Mehri-məhəbbətdən muğayat olun!
İndi qanmışam
Bu sərsəm dünyadan baş açmadım heç,
İlahi, necə də mən nadanmışam!
Əqidə uğrunda, məslək yolunda
Ocağa qalanıb, oda yanmışam.
Bir kövrək rübabın bəm səsiyəm mən,
Haqqı ölənədək sevəsiyəm mən.
Böyük Füzulinin nəvəsiyəm mən,
Sitəm nəhrəsində çalxalanmışam.
Atəşli qəlbimdə qaynayır qanım,
Yaman gözdən iraq, babatdı canım.
Nə söz söykəyim var, nə də həyanım,
Qələmə, ilhama arxalanmışam.
Dövran bəyənmədi iti dilimi,
Vaxt oldu çırpdılar hey mitilimi.
Ucuz söhbətlərdən üzüb əlimi,
Mənliyi hər şeydən uca sanmışam.
Haldan-hala düşür ovqatım müdam,
Gah çiçəkli yazam, gah qarlı qışam.
Özüm də özümə heyran qalmışam,
Nə qədər dözümlü bir insanmışam?!
Babanlıyam, qüssə saldım ürəyə,
Durdum dərdlər ilə kürək-kürəyə.
Ömrün doxsanını verib küləyə,
Həyatın dadını indi qanmışam.
Ana qəbri
Qarşımda köhnəcə, misgin bir məzar,
Oxunmur tarixi, bilinmir yaşı.
Yanına nə gələn, nə də gedən var,
Əyilib, kiçilib çopur başdaşı.
Durmuşam önündə dili-ağzı lal,
Donub, buz bağlayıb gözümdə yaş da.
Cınqır çəkməyə də yox məndə bir hal,
Qalıb nə huş başda, nə ağıl başda.
Əzizdir bu qəbir mənə, çox əziz,
Burda uyqudadır nakam bir gəlin.
Sızlayan qəlbimi qınamayın siz,
O mənim doğmaca anamdır, bilin!
Onun gül üzünü örtəndə torpaq,
Hələ dil açmamış körpə olmuşam.
Vayım-şivənimlə bağır yararaq
Qohumlar qəlbində qəlpə olmuşam.
Adını qızıma qoydum ki, bəlkə
İsti nəfəsini evimdə duyum.
Uşaq xülyasına uydum ki, bəlkə
Analıq mehrini mən indi duyum.
Amma illər ötdü… Məzarı üstə
Seyrəldi günbəgün gəliş-gedişim.
Gah “vaxtım” çatmadı, gah düşdüm “xəstə”,
Heç düz sarımayıb əzəldən işim…
Baxıram ətrafa, gözüm dağlanır,
Türbələr görürəm min cah-cəlallı.
Ürəyim içimdə od tutub yanır,
Bircə bu qəbirdir belə zavallı.
Müdam üz-üzədir qarla-yağışla,
Bəzən qamçılayır külək də onu.
Bağışla, mümkünsə, ana, bağışla,
Cibi boş, dərdi çox şair oğlunu.
Qocalmağa tələsməyin
Bu zalım qocalıq ah, nə yamanmış!
Ağarıb saç-saqqal, qırışıb üz də.
Dağ başına qonmuş qatı dumanmış,
Can düşüb taqətdən, tor görür göz də.
Hey göynəyir sinə, töyşüyür ürək,
Qılçalar ərinir addım atmağa.
Küt-küt ağrılardan qovuşur kürək,
Böyrək sancıları qoymur yatmağa.
Tapır azar səni, bilmirsən hardan,
Ödü, dalağı da salıb kəməndə.
Qulaqlar bezardı ofultulardan,
Yoxdur bir sağlam yer yazıq bədəndə.
Ömür güvəsidi əsib-coşmalar,
Qocaldıb insanı tez salır əldən.
Xəcalət gətirir həddi aşmalar,
Hanı xeyir görən zəhərli dildən?!
Eşidin, cavanlar, əzmli olun,
Qovun özünüzdən hirsi, acığı.
İradəli olun, dözümlü olun,
Dostu düşmən edir qəzəb qıcığı.
Vaxtsız qocalmağa tələsməyin siz,
O, dop-dolu dərd-qəm dağarcığıdı.
Sizə ünvanlanmış bu ərzim, şəksiz
Açıq etirafın ən açığıdı.
Dünya neyləsin?
Asırıq, kəsirik bu dünyanı biz,
Min qara yaxırıq, dünya neyləsin?
Başımız çəkəni qaxınc eyləyib
Başına qaxırıq, dünya neyləsin?
Gah olur, dönürük qızmış bir nərə,
Qan örtmüş gözümüz görmür dağ-dərə.
Gah da çevrilirik müti nökərə,
Sutək lal axırıq, dünya neyləsin?
Yaman hala saldı bizi bu gərdiş,
Pis-pis əməllərə eylədik vərdiş.
Üzərdə canhacan, ilk sözü “dərdiş”,
Əslində, paxılıq, dünya neyləsin?
Meylimiz al-verə qonandan bəri
Çəkidə çəkirik hər xeyir-şəri.
Şirin arzuları, xoş diləkləri
Daşlara çaxırıq, dünya neyləsin?
Babanlı düz deyər, haqqı itirməz,
Tanrı taqsırsıza xətər yetirməz.
His-pası silinməz, qalay götürməz,
Biz qəlbi paxırıq, dünya neyləsin?
Çağır, gəlim!
Umu-küsü üzdü bizi,
İpə-sapa düzdü bizi,
Qubarlatdı qəlbimizi,
İnsaf elə, a sevgilim,
Çağır məni, çağır, gəlim!
Aralığa pəl qatdılar,
Sənə-mənə şər atdılar,
Eşqimizi alçaltdılar,
Fitnə-fəsad mən nə bilim?
Çağır məni, çağır, gəlim!
Daha yoxdur canda dözüm,
Yollarında qalıb gözüm,
Öz evimi yıxdım özüm,
Dilim olsun dilim-dilim,
Çağır məni, çağır, gəlim!
Dağ döşünə qırov düşüb,
Könlüm qəmə girov düşüb,
Kəməndinə bir ov düşüb –
İtirmə sən ilim-ilim,
Çağır məni, çağır, gəlim!
Ayrılığın bitir ayı,
Küsüşmüşük biz havayı,
Yarım yox səndən savayı,
Darıxmışam, vallah, gülüm,
Çağır məni, çağır, gəlim!
Mənbə: https://edebiyyatqazeti.az/
Şeir nədir?
Şeir mənim ürəyimin qanıdır,
Qansız ürək yaşayarmı dünyada?!
Şeir məni el-obada tanıdır,
Necə verim bu şöhrəti mən bada!?
O, paklığın saf arzular dilidir,
Tanrı çalan rübab dinir o dildə.
Haqq səsinin o bəmidir, zilidir,
Neçə-neçə qəlb isinir o dildə.
Hər nəğməsi amalıdı ellərin,
Şah pərdəsi Koroğlunun cəngidir.
Sözlərinə ətri hopub güllərin,
Misraları əlvan çiçək rəngidir.
Ulu Tanrım, rəhmin gəlsin bəndənə,
İmdad elə, ilham pərim küsməsin.
Göstərməsin tərs üzünü o mənə,
Qoy təbimə xəzan yeli əsməsin.
Şeir mənim ürəyimin qanıdır,
Qansız ürək yaşayarmı dünyada?!
Şeir məni el-obada tanıdır,
Necə verim bu şöhrəti mən bada!?
Muğayat olun!
Uymayın, cavanlar, şər əməllərə,
Namusdan-qeyrətdən muğayat olun.
Ər oğlu ərlərin varisləriyik,
Şərəfdən-şöhrətdən muğayat olun!
Biz salam vermişik, salam almışıq,
Qayğı göstərmişik, qeydə qalmışıq.
Zülmət beyinlərə ziya salmışıq,
O ali sərvətdən muğayat olun!
Kişilər tanınıb təmiz ad ilə,
Əsil-nəcabətlə, yaxşı zat ilə.
Ağılla, idrakla, etiqad ilə
Keçmişə hörmətdən muğayat olun!
Mərdlik babalardan əziz mirasdı,
O bizə məxsusdu, o bizə xasdı.
Xalqım ibtidadan qədirşünasdı,
İnsafdan-mürvətdən muğayat olun!
Millətim mətindi, sözün doğrusu,
Bir əlində oddu, bir əlində su.
Ürək güvəsidi vicdan ağrısı,
Saflığa rəğbətdən muğayat olun!
Babanlıyam, dözüm məziyyətimdi,
Düzlük, əyilməzlik əziyyətimdi.
Eşidin, bu sizə vəsiyyətimdi,
Mehri-məhəbbətdən muğayat olun!
İndi qanmışam
Bu sərsəm dünyadan baş açmadım heç,
İlahi, necə də mən nadanmışam!
Əqidə uğrunda, məslək yolunda
Ocağa qalanıb, oda yanmışam.
Bir kövrək rübabın bəm səsiyəm mən,
Haqqı ölənədək sevəsiyəm mən.
Böyük Füzulinin nəvəsiyəm mən,
Sitəm nəhrəsində çalxalanmışam.
Atəşli qəlbimdə qaynayır qanım,
Yaman gözdən iraq, babatdı canım.
Nə söz söykəyim var, nə də həyanım,
Qələmə, ilhama arxalanmışam.
Dövran bəyənmədi iti dilimi,
Vaxt oldu çırpdılar hey mitilimi.
Ucuz söhbətlərdən üzüb əlimi,
Mənliyi hər şeydən uca sanmışam.
Haldan-hala düşür ovqatım müdam,
Gah çiçəkli yazam, gah qarlı qışam.
Özüm də özümə heyran qalmışam,
Nə qədər dözümlü bir insanmışam?!
Babanlıyam, qüssə saldım ürəyə,
Durdum dərdlər ilə kürək-kürəyə.
Ömrün doxsanını verib küləyə,
Həyatın dadını indi qanmışam.
Ana qəbri
Qarşımda köhnəcə, misgin bir məzar,
Oxunmur tarixi, bilinmir yaşı.
Yanına nə gələn, nə də gedən var,
Əyilib, kiçilib çopur başdaşı.
Durmuşam önündə dili-ağzı lal,
Donub, buz bağlayıb gözümdə yaş da.
Cınqır çəkməyə də yox məndə bir hal,
Qalıb nə huş başda, nə ağıl başda.
Əzizdir bu qəbir mənə, çox əziz,
Burda uyqudadır nakam bir gəlin.
Sızlayan qəlbimi qınamayın siz,
O mənim doğmaca anamdır, bilin!
Onun gül üzünü örtəndə torpaq,
Hələ dil açmamış körpə olmuşam.
Vayım-şivənimlə bağır yararaq
Qohumlar qəlbində qəlpə olmuşam.
Adını qızıma qoydum ki, bəlkə
İsti nəfəsini evimdə duyum.
Uşaq xülyasına uydum ki, bəlkə
Analıq mehrini mən indi duyum.
Amma illər ötdü… Məzarı üstə
Seyrəldi günbəgün gəliş-gedişim.
Gah “vaxtım” çatmadı, gah düşdüm “xəstə”,
Heç düz sarımayıb əzəldən işim…
Baxıram ətrafa, gözüm dağlanır,
Türbələr görürəm min cah-cəlallı.
Ürəyim içimdə od tutub yanır,
Bircə bu qəbirdir belə zavallı.
Müdam üz-üzədir qarla-yağışla,
Bəzən qamçılayır külək də onu.
Bağışla, mümkünsə, ana, bağışla,
Cibi boş, dərdi çox şair oğlunu.
Qocalmağa tələsməyin
Bu zalım qocalıq ah, nə yamanmış!
Ağarıb saç-saqqal, qırışıb üz də.
Dağ başına qonmuş qatı dumanmış,
Can düşüb taqətdən, tor görür göz də.
Hey göynəyir sinə, töyşüyür ürək,
Qılçalar ərinir addım atmağa.
Küt-küt ağrılardan qovuşur kürək,
Böyrək sancıları qoymur yatmağa.
Tapır azar səni, bilmirsən hardan,
Ödü, dalağı da salıb kəməndə.
Qulaqlar bezardı ofultulardan,
Yoxdur bir sağlam yer yazıq bədəndə.
Ömür güvəsidi əsib-coşmalar,
Qocaldıb insanı tez salır əldən.
Xəcalət gətirir həddi aşmalar,
Hanı xeyir görən zəhərli dildən?!
Eşidin, cavanlar, əzmli olun,
Qovun özünüzdən hirsi, acığı.
İradəli olun, dözümlü olun,
Dostu düşmən edir qəzəb qıcığı.
Vaxtsız qocalmağa tələsməyin siz,
O, dop-dolu dərd-qəm dağarcığıdı.
Sizə ünvanlanmış bu ərzim, şəksiz
Açıq etirafın ən açığıdı.
Dünya neyləsin?
Asırıq, kəsirik bu dünyanı biz,
Min qara yaxırıq, dünya neyləsin?
Başımız çəkəni qaxınc eyləyib
Başına qaxırıq, dünya neyləsin?
Gah olur, dönürük qızmış bir nərə,
Qan örtmüş gözümüz görmür dağ-dərə.
Gah da çevrilirik müti nökərə,
Sutək lal axırıq, dünya neyləsin?
Yaman hala saldı bizi bu gərdiş,
Pis-pis əməllərə eylədik vərdiş.
Üzərdə canhacan, ilk sözü “dərdiş”,
Əslində, paxılıq, dünya neyləsin?
Meylimiz al-verə qonandan bəri
Çəkidə çəkirik hər xeyir-şəri.
Şirin arzuları, xoş diləkləri
Daşlara çaxırıq, dünya neyləsin?
Babanlı düz deyər, haqqı itirməz,
Tanrı taqsırsıza xətər yetirməz.
His-pası silinməz, qalay götürməz,
Biz qəlbi paxırıq, dünya neyləsin?
Çağır, gəlim!
Umu-küsü üzdü bizi,
İpə-sapa düzdü bizi,
Qubarlatdı qəlbimizi,
İnsaf elə, a sevgilim,
Çağır məni, çağır, gəlim!
Aralığa pəl qatdılar,
Sənə-mənə şər atdılar,
Eşqimizi alçaltdılar,
Fitnə-fəsad mən nə bilim?
Çağır məni, çağır, gəlim!
Daha yoxdur canda dözüm,
Yollarında qalıb gözüm,
Öz evimi yıxdım özüm,
Dilim olsun dilim-dilim,
Çağır məni, çağır, gəlim!
Dağ döşünə qırov düşüb,
Könlüm qəmə girov düşüb,
Kəməndinə bir ov düşüb –
İtirmə sən ilim-ilim,
Çağır məni, çağır, gəlim!
Ayrılığın bitir ayı,
Küsüşmüşük biz havayı,
Yarım yox səndən savayı,
Darıxmışam, vallah, gülüm,
Çağır məni, çağır, gəlim!
Mənbə: https://edebiyyatqazeti.az/