Author: Delphi7

  • Mayisə ƏSƏDULLAQIZI.”Sarı yarpaqlar”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Qələm dostumuz Qədiməli Əhmədin “Hələ də baxırsan” şeirinə cavab olaraq.

    Uzaq yollara baxıram,
    Sənsizlikdə üşüyürəm,
    Bəzən öz-özümə,
    Yetmək üçün hey qaçıram,
    Tövşüyürəm.
    Deyirsən, yarpaqların,
    Vaxtsız saraldı…
    Ruhumu çiskin aldı.
    Sənsiz heç nəyin,
    Ətri, dadı yox!
    Qəlbimdə sənsizliyin adı yox!
    Nə yanında ola bilmirəm,
    Nə sənsiz qala bilmirəm.
    Sonra deyirsən ki,
    Hələ də baxırsan uzaq yollara,
    Ruhundan tökülən sarı yarpaqlara!!

  • Mayisə ƏSƏDULLAQIZI.”Əbədilik sevdası”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Qələm dostumuz Qədiməli Əhmədin “Dibi görünmür bataqlıqların” şeirin oxudum. Xəyalən məni çox uzaqlara apardı. Ürəyimdə belə bir şeir qaynaqlandı.

    Ölüm bir keçiddir,
    Axirət dünyasına.
    Əbədilik sevdasına.
    Bəlkə də,
    Məhəbbətdə dərinlik azalıb,
    Yanan ürəklərə
    Sərinlik azalıb.
    Kəndimizə gedəndə,
    Xəyalımdan uşaq vaxtı gördüyüm
    Qayıtmayan səhər keçir.
    Gəlin köçdüyüm,
    Havası tutqun,
    Bəzən, gecələri qorxunc şəhər keçir.
    Ölüm də axirətə qədər,
    Bu dünyada
    Yaşayır qəribliyini.
    Özümüz bilmədən,
    Körpələrimiz də,
    Gözümüz önündə,
    Yaşayır gələcək yetimliyini.
    … Ölüm bir keçiddir,
    Axirət dünyasına.
    Əbədilik sevdasına.
    Fikirləşəndə…ürəyə salmamaq olmur,
    Vaxtı çatıbsa,
    Bu dünyada qalmaq olmur…

  • Nəcibə İLKİN.”Eşqimin qış harayı”

    1318

    Payız elə getdi, qış belə gəldi,
    Ayrılıq küləyi əsdi bir ucdan.
    Görüşə bilmədik, bu necə dərddi?
    Qar da yolumuzu kəsdi bir yandan.

    Sanki acıq çıxır təbiət bizdən,
    Görüşmək vədəmiz uzanır yaman.
    Həsrət də qar kimi gözlərimizdən,
    Yağıb sinəmizdə qoparır tufan.

    Bölündük sevginin fəsillərinə,
    Eşqimiz, baharkən, özümüz qışıq.
    Bəlkə ömrümüzün son illərindən,
    Bəxtin yollarına atılmış daşıq?!

    Eh… yenə səbrimin üstünə əsir,
    Sənin göndərdiyin şaxta, qar, boran.
    İnan ki, yolumu eşqimiz kəsir,
    Yoxsa, bu yollarda kimdi ki, duran?!

  • Nəcibə İLKİN.”Sən getdin”

    1318

    Sən getdin göynədi sinəmdə ürək,
    Yox olub əridi ömrün illəri.
    Soldu qucağımda arzularım tək,
    Dərib gətirdiyin sevda gülləri.

    Sən getdin… arxanca baxan gözlərim –
    Su səpdi yoluna aydınlıq üçün.
    Dilimdə ilişib qalan sözlərin,
    Bir haray salmadı, bilmədim neyçün?

    Sən getdin… eşqinin bahar naxışı,
    Min ilmə toxudu payız ömrümə.
    Gözümdən süzülən sevda yağışı.
    Sanki qılıncını çəkdi könlümə.

    Get gülüm, – qınama sənsiz səbrimə,
    Küləklər yan alar, sellər yan alar.
    Get barı, tez qayıt, mənim xətrimə,
    «Sənsizlik» dərd olub məndən can alar.

  • Təranə ŞƏMS.”Kilimlər toxunmur”

    ts

    ( ilin ilk şeiri)

    Vəsf edə bilmirəm ötən illəri,
    Ömrümə yazılıb, qaradan-qara.
    Hansı gözəlliyi tutub gözümə,
    Deyim ki, cəfakeş oldun ömrümə.

    Sözüm var dilimdə bitməz tükənməz,
    Bu dövran, dilimi, lal eləyibsə,
    Rəssam tək, firçanı çəkib üzümə,
    Bəs necə baxım mən, elin gözünə.

    Hər ötən illərin yarası dərin,
    Qatbaqat şerimdə, qövr eyləyibdir.
    Çevrilib bir azda arxaya baxsam,
    İllərin, naləsi dövr eyləyibdir.

    Deyirəm, bu ildə ilk sözüm kimi,
    Bilmirəm ələkdən, ələnən nədir.
    Ən böyük istəyim, zalım fələkdən,
    Verməsin dərdləri bir dözüm kimi.

    Ağırdı, çəkməyək dərdlərin yükün,
    Çiynimiz qabardı, əllər buxovlu.
    Nənələr əyirən kələf dolaşıb,
    Kilimlər toxunmur, əldə bu xovlu.

    02.01.2015.

  • Təranə ŞƏMS.”Öl demək üçün”

    ts

    Bir daha görməzsən gözündə məni,
    Həsr edib yazdığın sözündə məni.
    Ayaqlar altında kölgələr kimi,
    Axtarıb tapmazsan özündə məni.

    Sürüyər dolanbac bu dövran səni,
    Yadından çıxarmaz bu mövlan səni.
    Ruhuma qarışıb, uçsan göylərə,
    Sındırıb yıxacaq bu cövlan səni.

    Soruşub demərəm, hara detmisən,
    Qəlbimi dəlib sən, yara getmisən.
    Vəfasız, bəlkə də məni unudub,
    Bir başqa sevdaya, yara getmisən.

    Yoluna çıxmaram dön demək üçün,
    Yandırdın canımı sön demək üçün.
    Sevgimlə kiçildin, azdın yolunu,
    Ümidsiz buraxdım öl demək üçün.

    02.01.2016.

  • Qiymət MƏHƏRRƏMLİ.”Göz yaşım – sevgidi, ahım – sevgidi”

    1836816_10200683320604901_1150158201_o

    “Sən yalnız sevgi şeirləri yaz!” – bunu çoxları deyib mənə…

    Sevgi nə cür olur – izahı varmı?
    Düşüncəm – sevgidi, ruhum – sevgidi.
    Görəsən sevənin günahı varmı?
    Göz yaşım – sevgidi, ahım – sevgidi.

    Sevgidən doğulub mənim hər anım,
    Ota da sevgim var, quşa da sevgim.
    Hər kiçik zərrəyə qaynayır qanım,
    İnsana da sevgim, daşa da sevgim.

    Minbir rəngə çalır təbiət yenə,
    Hər gülün ləçəyi öpülsün gərək.
    Çöllərə imılıq yağış yerinə
    İnsanın sevgisi səpilsin gərək.

    Torpaqdan cücərən yaşıllıq deyil,
    Sevgidir – Tanrının öz ülfət payı.
    Sevgiyə dönməsə, bil ki, haqq deyil –
    Təmizlik, halallıq, mərifət payı.

    Bu da bir sirr olub yer yaranandan,
    İnsan olan niyə insanı sevdi?!
    Hikmətin nuruyla qəlb daranandan,
    Məhəmmədi sevdi, İsanı sevdi.

    Adəmin Həvvaya mehri yaşatdı
    Bu sonsuz ərzi də, insanlığı da.
    Möcüzə yaradan sehri yaşatdı
    “Quran”ı, “İncil”i, İsalığı da.

    İdrakın gücü yox – dərk edə bilsin,
    Yer niyə Göy ilə həmahəng durur?
    Sevgi qanad verir – yol gedə bilsin
    İnsanın sınmayan eşqi – qüruru.

    Sevgi – ürəklərdə çağlayan bulaq,
    Bu sudan dadmağa tələsər hər kəs.
    Bir qəlbi min qəlbə bağlayan bulaq,
    Min il aşıb-daşa, eşqi tükənməz.

    Sevgiylə doğulur insan anadan,
    Qonur çiynimizə sevgi mələyi,
    Sevir ölə-ölə, ölür sevdadan,
    İnsanın sevgiyə təşnə ürəyi.

    29. 06.2009

  • Qiymət MƏHƏRRƏMLİ.”İndi”

    1836816_10200683320604901_1150158201_o

    Bayırda qar yağır… bayır üşüyür,
    Çəmən soyuqlayır, çayır üşüyür.
    Qar altda sərçənin payı üşüyür,
    Qar üstdə iz salır ləpirlər indi.

    Bacanın tüstüsü donur havada,
    Lopa qar qar üstə qonur havada.
    Dəni bir-birindən qapıb havada,
    Qarğalar gözünə təpirlər indi.

    İtlər dayaq gəzir bir cüt, bir təkə,
    Qayanın burnunda silkinir təkə.
    Nənələr böyrünə yığıb mütəkkə,
    Nağılı noğultək səpirlər indi.

    Ocaqda çırthaçırt odun alışır,
    “Ruhlardır, yəqin ki, bizdən danışır”.
    Müqəddəs göylərdə gəzib-dolaşır
    O ulular indi, o pirlər indi…
    26.01.2005

  • Rahilə DÖVRAN.”Yüksəlsin adın”

    12091354_1653537131524991_3860076084131834097_o

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    İstedadli qələm sahibi, görkəmli jurnalist, şair-publisist-Kənan Aydınoğluna Yeni il hədiyyəsi

    Nə vaxtdı ürəkdən, qəlbdən keçirdi,
    Səninçün qardaşım, bir şeir yazım.
    Qismət bu günəymiş, təbb izin verdi,
    Çağladı ilhamım, coşdu avazım.

    Bilmədim əziz dost,nədən başlayım?
    Haradan başlayım, harda qurtarım?
    Necə tərif edim,ya alqışlayım?
    Ram oldu qələmə tam ixtiyarım.

    Əqidən, əməlin hamıya bəlli,
    Bir anın keçməyib yurdsuz, vətənsiz.
    Özü düz, sözü düz, saleh əməlli,
    Çox şey itirərdik, olsaydıq sənsiz.

    Qələmindən axan dürlər, incilər,
    Olub könüllərin bəzəyi, zəri.
    Zər qədrin əziz dost,zərgərlər bilər,
    Iti qələminin yoxdur bənzəri.

    Bütün yazdıqların dillər əzbəri,
    Yeddidən- yetmişə, künül həmdəmin.
    Hikmət sərrafısan, illərdən bəri,
    Ümmanlar fəth edir poetik gəmin.

    Ədəbi aləmin mətin dərvişi,
    Geydin dəmir çarıq, dəmirdən əsa.
    Sevmədin bitməmiş, yarımçıq işi,
    Tutduğun yolundan, dönmədin əsla.

    İllərlə dinlədin qəlbinin səsin,
    Könülsüz bir cümlə, kəlmə yazmadın.
    Bu xalqa sən yetir zəfər müjdəsin,
    Parlasın “Portal”ın, yüksəlsin adın.

    O1.01.2016-cı il.Naxçıvan Muxtar Respublikası.

  • Saqif QARATORPAQ.”Sən ey payız çiçəyi”

    saqif muellim

    Sən ey payız çiçəyi,
    Gör nə düşüb bəxtinə.
    Içimdə bir sevgi var,
    Necə oxşayır sənə.

    Durnalar köçdü getdi,
    Yoxsa yoxdu xəbərin?
    Ömrü gödək olurmuş
    Payızda sevgilərin…

    Mən bilmədim bu sevda
    Hardan düşdü könlümə.
    Indi gizli dərdimi
    Deyəmmirəm heç kimə.

    Külək əsir,tökülür
    Ağacların yarpağı.
    Məni həsrət üşüdər,
    Səni payız sazağı.

    Səhərdi…günəş çıxıb…
    Gəl sevinmə bu başdan.
    İndi hələ payızdı,
    Xəbərin yoxdu qışdan.

  • Saqif QARATORPAQ.”Yollarına boylanıb”

    saqif muellim

    Yollarına boylanıb
    səni gözləmək gözəl…
    Gözümü yolda qoyma,
    nolar, bir azca tez gəl.

    Qısılıb bir bucağa
    boynumu bükmüşəm bax.
    Gedib sənə çatdımı
    gizlicə çəkdiyim ah?

    Kipriyimlə gecənin
    Pərdəsini sökmüşəm.
    Həsrətin kölgəsində
    özümə ev tikmişəm…

    Axı, girov qoymuşam
    eşq yolunda bu canı.
    Yaxşıca tanıyırsan
    sən bu qərib ünvanı.

    Sən ki yaxşı bilirsən
    nələr çəkib bu ürək…
    Yadından çıxmasın ha,
    dönəndə mənə baş çək.

  • Aysel ABDULLAZADƏ.”Bu gecə qayğılar da yatıb”

    Bu gecə qayğılar da yatıb
    Dərdlər də yorğanını üstünə çəkib
    Səssizcə yuxuya dalıb…

    Bu gecə sabaha hamilədir
    Səhərin yeddisində doğulacaq günəş
    Xəfif rüzgar qığıltısı ilə gülümsəyəcək…
    Bu gecə unudulub keçmiş sevgilər
    Keçilən küçələr,
    Yaşanılan evlər
    Və bütün şəhərlər.

    Bu gecə dabanına tüpürüb qaçıb
    Mənalı və mənasız ayrılıqlar…

    Yatsa da bütün dünya
    Azan səsinə oyanan şəhərlər
    Qapısı açıq məscidlərdə dua edən ürəklər
    Göyə açılan əllər
    Və dodaq altında deyilən sözlər –
    “Sən – var oluşumuzun səbəbi!”
    Bütün çıxışların istiqamətdir.
    Bu gecə sabahı dünyaya gətirdi…

  • Azad olmayan cəmiyyətin azad qadını

    Təhminə fahişə idi, yoxsa ona fahişə damğası vuran cəmiyyət?

    Çoxlarınız oxumuş olarsınız demirəm, baxmış olarsınız deyirəm. Çünki kitab oxuyanı bu qədər çox olmuş olsaydı, zatən, bu cəmiyyət Təhminəni potensial fahişə kimi görməzdi.

    “Təhminə və Zaur” filmi çoxlarımıza məlumdur. Yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin sujeti əsasında çəkilmiş bu film Azərbaycan mentalitetinə bir o qədər də sığmır. Axı, biz mental dəyərlərə, milli-mənəvi məsələlərə qarşı çox həssasıq. Bu film də çoxlarının gizlində izlədiyi, ailəsinin yanında baxa bilmədiyi filmlərdən hesab olunur, Azərbaycan üçün…

    Əsəri oxuyanlar üçün məsələ daha aydındır. Məlumdur ki, kinoda dəyişiklik olması qaçınılmazdır.

    Dünən sosial şəbəkədə 12min insanın (qadının) toplaşdığı bir qrupda bu filmdən bir sitat paylaşılmışdı. Eynilə olduğu kimi sizlərə də çatdırıram: “Hər bir kişinin həyatında bir “Təhminə” mütləq olub. Cəsarətli olanlar sahib çıxıb, cəsarətsizlərə isə xatirələr qalıb!

    Rəyləri izlədim, Təhminə obrazını normal məntiqlə təhlil edənləri də oldu, məsələni bakirəliyə qədər sürüyüb gətirənləri də, hətta belində qırmızı lenti olmasa, o qızı almaq olmaz deyənləri də.

    Məsələ burada bir neçə istiqamətdə inkişaf edir. Əvvəla qeyd edim ki, bu rəylərdən bir şeyi anladım, cəmiyyətdə qadınları “baltalayan” elə qadınlardır. Təhminə obrazına elə yanğı ilə “hücum” etdilər ki, bir anlıq elə bildim ki, Meral Konrat gəlib bunların əri ilə sevişib. Polemika anlayışımız, müzakirə qabiliyyətimiz çox-çox aşağılardadır. Bu mövzunu qadın nöqteyi-nəzərindən də müzakirə edənlər oldu, ədəbiyyata dəxli olmayan, hətta bir kitab qapağı qaldırmayanlar da, əsəri oxuyub normal məntiqli əsaslarla yanaşanlar da. Bir şeyi də qeyd edim ki, qadınlarımız çox aqressiv olublar, əllərində qılınc ərlərinin ətrafında dolaşan qadınları öldürəcəkmiş kimi hazır dayananlar vardı. Anam-bacım, səni kimi “paranoyak” bir qadını kişi neynəsin axı? Sənin özünə güvənin yoxdur, bir fikri normal qəbul edib, əsaslandıra bilmirsən, Təhminəni monitor arxasından yıxıb-sürüyürsən, elə, sənin evdə yemək bişirib, “ərim mənə xəyanət etmir” deyə-deyə yaşamağın daha labüddür.

    Keçək Təhminəyə. Əsərdə Təhminə obrazı fahişə kimi verilməyib. Evli olduğu halda Zauru sevir. Elə Zaur da onu sevir. Və Təhminə üçün yalnızca şaiyələr gəzir. Bu şaiyələrə görə cəmiyyət Təhminəni fahişə olaraq görür. Səbəbi çox aydındır. Bir az qadın eqoistliyi və ər itirmə qorxusu.

    Təhminə evlidir, amma onun ərini niyə bu qınaqlardan, yıxıb-sürümələrdən kənarda saxlayırıq? İkinci bir tərəfdən, evli olduğunu bilə-bilə Təhminəni sevən, sevişən Zaurun adı nədir? Öz anasının təhqirlərindən belə (sadəcə küçədə qadın sözlərindən eşitdiyi) Təhminəni qoruya bilmir. Hansı sevgidən, kişilikdən söhbət gedir? Yaxşı, Təhminənin həyatı gətirməyib, mutsuz, mənasız bir evliliyi var, Zaurla rastlaşıb. Evli bir qadınla sevgi adı altında sevişən Zaur bu cəmiyyət üçün kişi olduğuna görə mi süddən çıxmış ağ qaşıq olur? Anasının aldığı qızla evlənəcək qədər aciz, sevgisini bu qədər cılızlaşdıran bir obraz niyə bu cəmiyyəti narahat etmir?

    Yazıçı özü də əsərində Təhminə obrazını fahişə kimi göstərmədiyini bildirib. Spartakla və başqa kişilərlə heç bir münasibəti olmadığı halda şaiyələrə əsasən mi Təhminəni fahişə edirik? Yoxsa evli olduğu halda subay bir insanla – Zaurla sevgi yaşadığına görə mi? Hər iki situasiyanın səbəbkarı kişidir, niyə bunu görə bilmirik? Zaur və Təhminənin əri… Məsələ başdan-başa kişi obrazların alçaqlığı üzərində qurulub. Bunu anlamırıqsa, başqa nəyi deməyə ehtiyac qalır ki?
    Təhminəni fahişə edən bizim toplumdur. Fahişə sözünün etimologiyasını belə bilməyən toplum!

    Və bu qaçınılmazdır ki, Zaur gücü, cəsarəti çatsaydı, Təhminəni özünün də dediyi kimi məlaikə edə bilərdi. Çünki Təhminənin evliliyi möhtəşəm bir yaşantı üzərində qurulmamışdı. Zaurun acizliyi, qorxaqlığı buna imkan vermədi.

    Bu gün toplumda Zaurlar da var, Təhminələr də. Məsələ də eynilə qalır. Bu cəmiyyət nə qədər ki, Təhminələri fahişə olaraq görəcək, Zaurlar Təhminələrdən sadəcə “kamını alıb” qorxaqcasına öz köşəsinə, ana qucağına çəkiləcək, bu problem həmişə olacaq.
    Təhminə azad olmayan cəmiyyətin azad qadını idi. Fahişə damğasını da bunu dərk etməkdə aciz olan beyinlər yapışdırmışdı.

    Sevgi bu qədər cılız, bəsit şeylər üzərindən yox ola bilməz. Zaurun sevgisi vardı, amma qorxaqlığı, acizliyi onu çəkilməyə məcbur etdi. Təhminənin ölümündən sonra bunu daha dərindən anladı.

    Və sonda, əziz xanımlar, Təhminənin həmcinsləri, qorxmayın, Təhminə gəlib sizin ərinizi sevməyəcək, sevişməyəcək. Gedin, əsərin özünü oxuyun, həyata bir az açıq gözlə, daxili vicdanla, ürəyinizin səsi ilə baxın. Dünyanı dördbucaqlı zənn edib, 90 dərəcəlik bucağın küncündə dayanmayın, dünya dairəvidir.

    Və bir qadının fahişə olmağı üçün mütləq bir kişi rolu gərəkdir. Qadın tək başına fahişəlik edə bilməz.

    Təhminəni fahişə edən cəmiyyətin “əxlaqlı” insanları, dünyaya xoş gəldiniz!

    Sayğılarla!

    Aysel ABDULLAZADƏ

  • Zeynəb DƏRBƏNDLİ.”Vəfalı dostum”

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Murquzov Kənan Aydınoğluna

    Mənim Dərbəndimə dəyər verdiniz,
    Təşəkkür edirəm vəfalı dostum.
    Sözə, weyriyata hörmət etdiniz,
    Təşəkkür edirəm vəfalı dostum

    Hər zaman mənimlə olduz bərabər,
    Igid el oglu tək, göstərdiz hünər.
    Sizin bu qayğınız milyona dəyər,
    Təşəkkürr edirəm vəfalı dostum.

    Zeynəbəm, hər zaman sizinləyəm mən,
    Mənim vüqarımdır, bu dogma Vətən.
    Belə ogullara, deyərək əhsən,
    Təşəkkürr edirəm vəfalı dostum.

  • Rafiq ODAY.”Kimi”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Yenə gözüm buludlardan nəm aldı,
    İstəyini həm almadı, həm aldı.
    Ağrılarım ürəyimə cəm oldu,
    Vay görmədim hələ belə vay kimi.

    Dəli sevdam xəzan gərir, – bar deyil,
    Bu sevgidə etirafım ar deyil.
    Küllü-aləm daha mənə dar deyil,
    Yığılıram öz içimə yay kimi.

    Dərd yolçusu qəm atına süvarsa,
    Selə dönər gözlərində su varsa.
    Göz yaşıyla boz səhranı suvarsa,
    Qəbul olar bu Tanrıdan pay kimi.

    Hava deyil, «Göyçəgülü» havardı,
    Bir ahımla Göyçə gölü qabardı.
    Neçə-neçə qönçə gülü apardı,
    Fələk, yenə saydığını say, kimi.

    Adım adlar sırasından silgidə,
    Mən baş oldum, yenə bu nəhs bölgüdə.
    Kərəm, Məcnun, Fərhad qaldı kölgədə,
    İndi tutum mən özümə tay kimi?!

  • Rafiq ODAY.”Oynayırdı”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Bir qolundakı qüsuruna görə ömrü boyu oynamayan və ilk dəfə meydana çəkilərək oynamağa məcbur edilən gözəl-göyçək bir xanımın oynamağını müşahidə edərkən

    Elə bil duz yüküydü çiynində gəzdirirdi,
    Bir iman, minbir güman beynində gəzdirirdi,
    Sanki yad libasıydı əynində gəzdirirdi,
    Bir əlindən xəbərsiz bir əli oynayırdı.

    Əsmər gördüyüm qızın bənizi ağarmışdı,
    Dünyanın Qara adlı dənizi ağarmışdı,
    Saçlarında yox idi dən izi – ağarmışdı,
    Bir çiynini vermişdi irəli oynayırdı.

    Ürkək-ürkək sağına, soluna boylanırdı,
    Hərdən dönüb gəldiyi yoluna boylanırdı,
    Hərdən də oğrun-oğrun qoluna boylanırdı,
    Seçməzdin ağıllımı, ya dəli oynayırdı.

    Neçə dərdi, sitəmi düzür cana tərpədir,
    Baxan deyir özünü ağayana tərpədir,
    Bilmirdi ki, əlini hansı yana tərpədir,
    Sanki öz əli deyil yad əli oynadırdı.

  • Kənan AYDINOĞLU.”Günəş boylanmasa, səhər sübh çağı”

    Photo Kenan

    Günəş boylanmasa, səhər sübh çağı,
    Görünməz, inan ki, divarda kölgə.
    Çoxdandı gəlmirik üz-üzə yenə,
    Bölərdim dərdimi səninlə birgə.

    Görəydin dərdindən illər uzunu,
    Şair qələmimlə nələr çəkmişəm.
    Əridib həsrətdən yerin üzünü,
    Kim bilir bəlkə də başa çəkmişəm?!

    Leylini gözləyən bir Məcnun kimi,
    Səni düşünmüşəm, səni anmışam.
    Sevgini yollarda axtaran gündən,
    Yenə də eşqinlə alovlanmışam.

    Dolsa da, qəlbimə qəribəliklər,
    Güc tapıb yanından mən düz keçmişəm.
    Gör neçə döyünən qəlbin içində,
    Həsrətli gözündə səni seçmişəm.

  • Kənan AYDINOĞLU.”Dərbənddən yol gələn şairim mənim”

    Photo Kenan

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şairə Zeynəb xanım Dərbəndliyə sevgi və sayqılarla!

    Həsrətin göz yaşı gözləyir Bizi,
    Dərbənddən yol gələn şairim mənim.
    Nisgil addım-addım izləyir Bizi,
    Dərbənddən yol gələn şairim mənim.

    Kədər var, həsrət var gözündə sənin,
    Könlünün səsi var sözündə sənin,
    Sevgi var, ülfət var üzündə sənin,
    Dərbənddən yol gələn şairim mənim

    Bu ulu torpağı yadına salan,
    Küsüb, inciyənin könlünü alan,
    Cənubi Qafqazdan yadigar qalan,
    Dərbənddən yol gələn şairim mənim.

    Ömrün xoşbəxt günü torpağındadı,
    Körpəlik çağların ocağındadı.
    Şeirin torpağın qucağındadı,
    Dərbənddən yol gələn şairim mənim.

    Sevincli günlərin hələ bitməyib,
    Şeirin, sənətin şükür itməyib,
    Xoş sözün, nur üzün gözdən getməyib,
    Dərbənddən yol gələn şairim mənim.

    2 yanvar 2016-cı il.Bakı şəhəri.

  • Qalib ŞAMXALOĞLU.”Tükənmiş”

    qsm

    Qarabağı aldı xəzan qoynuna ,
    Bağlarının tamam barı tükənmiş !
    Köçkünlükdə xəstə düşən ellərin ,
    Yarı qalıbsa da , yarı tükənmiş !

    Başa çıxanlar da pozdu ilqarın ,
    Söküb dağıtdılar ölkənin varın !
    Yağı baltasına sap olanların ,
    Namusu , qeyrəti , arı tükənmiş !

    Bir kərə üzünə gülmədi baxtı ,
    Hər gələn xəncəri köksünə taxdı !
    Yazıq millət aclıq çəkir nə vaxtdı ,
    Arpa , buğda nədi , darı tükənmiş !

    Gözləsək də xeyir gəlmir nöyütdən ,
    Qalib deyir , bəhər umduq söyüddən !
    Bizim üçün keçib daha öyüddən ,
    Xalqın təpəriylə karı tükənmiş !

  • Qalib ŞAMXALOĞLU.”Bir dost sual verdi : – Məhəbbət nədi?”

    qsm

    Bir dost sual verdi : – Məhəbbət nədi?
    Dedim : – Damarımda qandı məhəbbət.
    Bunu dərk etməyən kəs divanədi,
    Həm ruhdu, həm də ki, candı məhəbbət.
    Bostanda bəhərdi, ağacda bardı,
    Qəzəldi, muğamdı, kamandı, tardı .
    Fərhadla birlikdə dağları yardı,
    Kərəmlə birlikdə yandı məhəbbət.
    Qalib deyir, bir toy, büsat eşqidi,
    Mətanət, dəyanət, səbat eşqidi.
    Kiminə ömürlük həyat eşqidi,
    Kiminə ötəri andı məhəbbət.

  • Müzəffər MƏZAHİM.”Yaşamaq”

    mm

    Var olmaq yaşamaq deyil ki, hələ,
    Buna mənəviyyat, ləyaqət gərək.
    İnsan öz nəfsinə oldusa kölə,
    Yaşamaq haqqını itirdi demək.

    Əmanət veribdir insafı Allah,
    Xəyanət elədik əmanətinə.
    Təmizə çıxarmı bu qədər günah?
    Güvəndik tanrının ədalətinə.

    İtirib Allahın verdiyi nuru,
    Düşübdür zülmətə, dumana insan.
    Mərhəmət yerinə götürüb zoru,
    Qənim kəsilibdir insana insan.

    Yaxşılıq bəndənin insanlıq borcu,
    Yaxşılıq ürəyin rahatlığıdır.
    Hər kəsin qayğıya var ehtiyacı.
    Yaxşı əməl qəlbin abadlığıdır.

    Çıxar içindəki kini, nifrəti,
    Qoyma ürəyinin işığı sönsün.
    Allah bəxş eləyən nuru, şəfqəti,
    Artır zərrə-zərrə günəşə dönsün.

    Yamanlıq, paxıllıq, həsəd, xəbislik,
    Şeytanın, iblisin vəsvəsəsidir.
    Mərhəmət, sədaqət, halallıq, düzlük,
    İnsanın birinci vəzifəsidir.

  • Müzəffər MƏZAHİM.”Sözün”

    mm

    Kül altında qoyma sönə,
    Odunu qaçırma sözün.
    Yoğur, vəzlə dönö-dönə,
    Zatını qaçırma sözün.

    Boşa atma tilovunu,
    Vermə yelə alovunu,
    Möhkəm saxla cilovunu,
    Atını qaçırma sözün.

    Varlığına odur xoca,
    Qoy əbədi dönsün taca,
    Gün kimi, ay kimi uca
    Adını qaçırma sözün.

    Dur amadə yedəyində,
    Yerin olsun ətəyində,
    Yığ, ballansın pətəyində,
    Dadını qaçırma sözün.

  • Aqil SABİROĞLU.”İmtahan”

    asm

    Bu yaxınlarda dost paylaşmalarının birində çox maraqlı bir yazı oxudum.Düzü onu insanları doğru yola çağıran bir rəvayət zənn etmişdim.İndicə vaxt tapıb o yazını axtardım,tapa bilmədim.Səbəb isə onun rəvayət olmadığı üçün idi.O yazıda olmuş əhvalat nəql edilirdi,bu da Azərbaycan üçün sensasiya sayıla bilərdi.Bu gün isə onu təsadüfən xırda təfərrüatı ilə öyrəndim.
    Salyan şəhər sakini Hacı Mahir bir yas məclisində bu əhvalatı belə nəql etdi: “Mədrəsədə oxuyan zaman Gəncədən bir oğlan da bizimlə oxuyurdu.Deyim ki bu gün də onunla hal-əhval tuturuq.Adı Həsənbala,atasının adı Hüseyndir.Həmişə də zəngləşən zaman o şirin Gəncə ləhcəsi ilə “qadan alım” deyə şux səslə müraciət edirdi.Bir gün yenə zəng edib hal-əhval tutan zaman Həsən məni çox soyuq dindirdi.”Necəsiniz?” sualına çox soyuq tərzdə cavab verdi.Dedim ay Həsən,məndən küsmüsən,nədir?Dedi yox,qardaş,atam bizi qoyub “böyrü üstündə”.Dedim axı Hüseyn dayı ipək kimi adamdır.”Elə onun ipək kimi olması evimizi yıxıb da”,-dedi.Sonra isə əhvalatı olduğu kimi danışdı.Deməli Həsən bir ərzaq dükanı açır.Atası deyir ki bala,təqaüdçü adamam,satıcı elə özüm işlərəm.Razılaşırlar.Həsən işləri ilə əlaqədar evə bir də altı aydan sonra gəlir.Və…onu dəhşət bürüyür;Hüseyn dayı malları nisyə paylamışdı və bunun da miqdarı 4850 (xırdaları ilə işim yox) manat idi.Oğul atasına nə qədər təkid edir ki gedək borc pulları yığaq,ata deyir gedə bilmərəm.İndi də Hacı Mahirin dostunun qanı ona görə qara imiş.Həsən dostu Hacıya “sən Allah,siz də bizə dua edin,bu müşkül həll olunsun”-deyə xahiş edir.Səhəri gün saat on bir radələrində Həsən Mahirə sevinclə zəng edir və deyir Allah bir möcüzə yaradıb.
    …Səhər tezdən Hüseyn kişi dükana gedərkən oğlu Həsən deyir:”Hara gedirsən,qalan malları da paylamağamı?”-deyə kinayə ilə soruşur.Ata pərişan olur,əlini Allaha açıb yalvarır ki məni öz balama belə möhtac eləmə!Həsənə isə deyir ki,bu gün pulları gətirəcəm.Əgər pul tapmasam,evə gəlməyəcəm.
    Dükanda vəziyyət ürəkaçan olmur.Bir azdan dükana çox kasıb geyimli qırx yaşlarında bir kişi daxil olur.Hüseyn dayıdan ona nisyə çörək verməsini xahiş edir.Kişi fikirli-fikirli “götür,get”-deyir.Gözü isə qarşısındakı borc siyahısında olur.”Qonaq” çörəyi götürüb çıxır,sonra geri dönüb soruşur ki o dəftərdən niyə gözünü çəkmirsən,nə olub?
    Hüseyn kişi bir az əsəbi halda cavab verir:
    -Bu görkəmlə mənə köməkmi edəcəksən?Sənə çörək lazım idi,onu da verdim.Gedə bilərsən.
    Qonaq əl çəkmir,əlacsız qalan dükançı hər şeyi olduğu kimi danışır.
    Qısası,”kasıb” qonaq pulun hamısını ödəyir və dəftəri alır.Dükançıya isə deyir:
    -Ağsaqqal,mən bu işdən ötrü düz 28 dükan gəzmişəm,heç kim nisyə çörək vermədi.Belə ki bilərəkdən belə geyinib yoxlayıram,Allah xatirinə bu işi görürəm.Sənə halaldır,sağlıqla qal.
    Hüseyn kişinin yadından özü belə çıxdığı halda çox kasıb bir qonşunun qızı gəlir nisyə bir neçə ərzaq (çörək,yumurta…) istəyir və deyir ki dayım gəlib verəcək pulunu.Hüseyn dayı iki zənbil ərzaq hazırlayıb özü (uşağın gücü çatmırmış) onların darvazasına aparır və deyir ki,qızım,anana de dayı gəldi də,getdi də…

  • Aqil SABİROĞLU.”Elə sənsən”

    asm

    Bir sabunun iki üzü,
    Elə sənsən,elə sən.
    Bir şampunun qabı,özü,
    Elə sənsən,elə sən.
    Bir quyruğun iki başı,
    Elə sənsən,elə sən.
    Dünyanın ən yekəbaşı,
    Elə sənsən,elə sən.
    Yaltaqlıqla əhdə çatmış,
    Elə sənsən,elə sən.
    Yerə girmiş başıbatmış,
    Elə sənsən,elə sən.
    Axmaqların boş qafası,
    Elə sənsən,elə sən.
    Zalımların avtafası,
    Elə sənsən,elə sən.
    Milli bitim,parazitim,
    Elə sənsən,elə sən.
    Qapılarda sümsük itim,
    Elə sənsən,elə sən…

  • Bəstəkar-jurnalist Elmir Mədətoğlunu doğum günü münasibətilə təbrik edirik! (2 yanvar 1984-cü il)

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı qəlmə sahibini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını, “Şərqi Slavyan Xalqları üzrə xüsusi müxbir”ini, “Cəsarətli qələm” mükafatı laureatını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

  • Əlirza HƏSRƏT.”Dünyanın düzəlmək təhlükəsi var!”

    ehe

    Şimşək işığına düşdü gözlərim,
    Buludlar dərdimə məlhəm aradı.
    Sabahı ürəklə qarşılamağa,-
    Ümidim sevdiyim adamlaradı.

    Kölgəm də haçandır düşüb dalımca,
    İstidən çəkinmir, soyuqdan qaçmır.
    Yaxşı ki, dilənmir kölgəm adamtək,
    Yaxşı ki, heç kimə əlini açmır.

    Gəlmir xoşunuza divanəliyim,
    Ruhumu çarmıxa çəkən adamlar!
    Atın özünüzü Yer kürəsindən,-
    Dünyanın düzəlmək təhlükəsi var!.

  • Əlirza HƏSRƏT.”ŞUŞAdan o yana VƏTƏN yeri yox!”

    ehe

    Belə harasından girim qoluna,
    İlahi,bu başın bədən yeri yox.
    Qəhrindən saçıma düşən bu dənin,-
    Göyərən yeri yox,bitən yeri yox.

    Kim vurub yollara bu dayaq izi?
    Yolların tacıdır hər ayaq izi.
    Belə bircə-bircə ha sayaq izi,-
    Qərib beşiyidir,gedən yeri yox.

    Baxmaz ki gözünün yaşına qürbət,
    Ad olar hər ömrün qışına qürbət.
    Dünyanı götürüb başına qürbət,-
    ŞUŞAdan o yana VƏTƏN yeri yox!

  • Əli HEYDƏR.” Sordular bir aşiqdən eşq var isə cəfa nədir?”

    12345410_1564808760446753_1490662037752422167_n

    Sordular bir aşiqdən eşq var isə cəfa nədir?
    Soylədi aşiq ona bilirsənmi səfa nədir?

    Sən əgər öz eşqində cəfa çəkmək istəməsən,
    Haradan biləcəksən ki,dərdivə dəva nədir?

    Məhəbbət bir bəladır,bir əzabdır bənzəri yox,
    Düşməsən sən bu eşqə nə bilərsən bəla nədir?

    Cananın gül camalı çəkilmirsə göz önündən,
    Indi sən özün anla ki,eşqə mübtüla nədir?

    Əliyə çox da qüsür tutma eşqi, ey binəva,
    Onuntək sevmək öyrən, bil ki,eşqi nəva nədir?

  • Əli HEYDƏR.”Ürəyim dönüb qana, ey dildarım,hardasan,gəl,”

    12345410_1564808760446753_1490662037752422167_n

    Ürəyim dönüb qana, ey dildarım,hardasan,gəl,
    Çoxalır günü-gündən intizarım, hardasan, gəl.

    Gəlginən,gəlişinlə sevinc,fərəh gətir mənə,
    Ömrümə ey gecikən son baharım, hardasan gəl.

    Bu hicran, bu ayrılıq, bax bu möhnət üzdü bizi,
    Usandım gözləməkdən,vəfadarım,hardasan,gəl.

    Surətin xəyalımdan silinmədi gecə-gündüz,
    Həsrətin qubar etdi,ey nigarım,hardasan,gəl.

    Çöhrəndə tapmış idim,surətini,görmədinmi?
    Gizlətmə gül üzünü sən ey yarım,hardasan,gəl.

    Gəl sənlə bu hicrana bir əbədi vida deyək,
    Qalmayıb ta dözməyə ixtiyarım,hardasan,gəl.

  • Zeynəb DƏRBƏNDLİ.”Azərbaycan”

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Azərbaycan məgrur dayan,
    Vardır igid əsgərlərin.
    Qaytararığ Qarabağı.
    And içibdir igidlərin.

    Sən sönməyən bir çıraqsan,
    Səninlə fəxr edirəm mən.
    Ulu Bayrağın daima,
    Zirvədədir gözəl Vətən.

    Igidlərin ayıq, sayıq,
    Qoruyurlar səni hər an.
    Hər yerdə imza atmısan,
    Odlar yurdum Azərbaycan.

    Zeynəbəm, fərx edirəm ki,
    Mən də, bu elin qızıyam.
    Sənin bütövlüyün üçün,
    Candan kecməyə hazıram.

  • Zeynəb DƏRBƏNDLİ.”Qaytar sevdiyimi”

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Gözlərim axtarır, onu hər yerdə,
    Sankı gözlərimə çəkulib pərdə.
    Düşmüşəm çarəsiz kədərə, dərdə,
    Qaytar sevdiyimi, qaytar Allahım.

    Gözüm yol gözləyir, qolağım səsdə,
    Olmuşam mən onun, dərdəndən xəstə.
    Durub dayanmışam yolların üstə,
    Qaytar sevdiyimu, qaytar Allahım.

    Divanə olmuşam, dözə bilmirəm,
    Həsrəti qəlbimdən, üzə bilmirəm.
    Əsir əlim, qolum gəzə bilmirəm,
    Qaytar sevdiyimi, qaytar Allahım.

    Zeynəbəm, hey onu axtarır gözüm,
    Bilmirəm bu dərdə, mən necə dözüm.
    Vallah, dilim üstə titrəyir sözüm,
    Qaytar sevdiyimi, qaytar Allahım.

  • Zeynəb DƏRBƏNDLİ.”Qarabağın yolu”

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Necə də ağırdır, necə dözülməz,
    Qarabağın yolu bağlanıb Allah.
    Bunu dasdanlara yazsan çözülməz,
    Qarabağın yolu bağlanıb Allah..

    Bu dözülməz dərddir, ağırsır bizə,
    Odlar yurdum, yaman gəlibdir gözə.
    Qanlı yaş damıbdır gözlərimizə,
    Qarabagın yolu bağlanıb Allah.

    Yazıram, qələmim qan sızır mənim,
    Bu fikrim, xeyalım hey azır mənim.
    Qəlbim öz özümə, gor qazır mənim,
    Qarabağın yolu bağlanıb Allah.

    Zeynəbəm, bu dərddən dəli olmuşam,
    Küsgün bulud kimi, yaman dolmuşam.
    Öz gözəl yurduma həsrət qalmışam,
    Qarabağın yolu bağlanıb Allah.

  • Rahilə DÖVRAN.”Xoş xatirələr”

    12091354_1653537131524991_3860076084131834097_o

    Yenə qanadlandı xatirələrim,
    Xəyalım dördnalla o kəndə çapdı.
    Aybəniz,şirindil,vəfalı pərim,
    Nərbənd dibindəki O,gənci tapdı.

    Sınayıb nərbəndin iradəsini,
    Gövdədə qazmışdıq öz adımızı.
    Cahilcə oyaraq nər sinəsini,
    Ona tapşırmışdıq pak sevdamızı.

    Sevdalı günlərdən titrək xatirə…
    -Baxışdan,cilvədən oynardı ağıl.
    Kaş xəyal hər zaman ora götürə,
    Hər anı,məqamı sehirli nağıl.

    Tutardıq əl-ələ,donardı zaman,
    Baxışlar deyərdi ürək sözlərin.
    Kipriklər ox idi,qaşlarsa kaman,
    Keşiyin çəkərdi xumar gözlərin…

    Xəyallar kövrəltdi,göynətdi məni,
    Gözümdən incilər,dürrlər ələndi.
    Üşütdü qəlbimi saçımın dəni,
    Ruhum da,canım da qəmə bələndi.

    Beləcə keçmişdi saysız görüşlər,
    Qoca nərbənd şahid o əhd, ilqara.
    Fələyin hökmüylə tərs döndü işlər,
    Atıldıq zər kimi gör hardan-hara…

    Yenə qanadlandı xatirələrim,
    Xəyalım dördnalla o kəndə çapdı.
    Aybəniz,şirindil,vəfalı pərim.
    Nərbənd dibindəki O,gənci tapdı…

  • Rahilə DÖVRAN.”Yeni iliniz mübarək!!!”

    12091354_1653537131524991_3860076084131834097_o

    Qara büründü düzlər,
    Güldü bənizlər, üzlər,
    Qoşduq nəğmələr, sözlər,
    Şən avazlar yüksəldi:
    Gəldi, yeni il gəldi.

    Qar qızla, Şaxta baba,
    Gəzdilər oba-oba,
    Əllərdə dolu torba,
    Qardan heykəl düzəldi,
    Gəldi, yeni il gəldi.

    Sehirli şən tamaşa,
    Sevincdir başdan-başa,
    Bayramlar qoşa-qoşa,
    Ömrü, günü bəzədi,
    Gəldi, yeni il gəldi.

    Qüdrətli dövlətimiz,
    Həmrəydi millətimiz,
    İstiqlal nemətimiz,
    Dövran, zaman gözəldi,
    Gəldi, yeni il gəldi.

    01.01.2016.

  • Şəfa VƏLİYEVA.”Yenəmi yeni ildi?”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Yenəmi yeni ildi?
    Yenəmi sənsiz gəlib?
    Adın olan ümidim
    Köhnələn ildə qalıb…

    Unutmuşam, incimə,
    Aylara doğmalığı…
    Iyulda gözlərimə
    Düşübdü gün işığı…

    Oktyabr sevdiyim…
    Aprel küsdüyüm aydı…
    Bu aylar bir-birindən
    Gör nə qədər uzaqdı…

    Səndəmi qaldın orda?
    O keçib gedən ildə?
    Hansı gün, hansı ayda?
    Bəlkə ötən həftədə?

    Indi bu yeni ili
    Özümə həsr edəcəm.
    Təqvimdə rəqəmləri
    Qar rəngiylə örtəcəm…

    Özün qayıdıb gəlsən…
    Gəlsən əgər bir zaman…
    Ağartdığım təqvimə
    Günəş rəngi taxarsan…

    Sevirdim ötənlərdə
    Rəngarəng təqvimləri…
    Gizlətdim ürəyimdə
    Qırmızı rəqəmləri…

    Yeni il… yeni-yeni…
    Mən səni istəyirəm…
    Həmişə tər sevgimi-
    Köhnəni istəyirəm…

  • Xaliq MƏMMƏDOV.”Bu Şeir”

    12079336_155372158146741_6186934002319206725_n

    Axıb qanla qəlbə dolan.
    Bir nəğmədir bu şeir.
    Ruhumuza sözlər ilə.
    Bir döymədir bu şeir.

    Ürək dərdi bölür onla.
    Gah dirilir, ölür onla.
    Sevgisini öyür onla.
    Bir aləmdir bu şeir.

    Məhəbbətin tövhəsidir.
    Qəlbimizin lövhəsidir.
    O, sevginin zirvəsidir.
    Bir gövhərdir bu şeir.

    Sevgi qanad salıb onda.
    Ayrılmayıb qalıb onda.
    Qəlb xəyala dalıb onda.
    Bir qəhərdir bu şeir.

    Ağ vərəqin tək bəzəyi.
    Sevənlərdi dərdi-səyi.
    Vurur sevgiylə ürəyi.
    Bir qələmdir bu şeir.

    Güc verir yazan biləyə.
    Sanki arxadır kürəyə.
    Kədər dolu hər gecəyə.
    Bir səhərdir bu şeir.

  • Sərvər KAMRANLI.”Bağışlanan işıq pulu”

    se

    …Bu gün hər şey başqa idi, bambaşqa… Hər tərəfdə çal-çağır idi. Hər kəsin üzünü sevinc bürümüşdü. Zəfər mahnıları qulaqları batırırdı. İllərdir həsrətində qaldığımız torpaqlarımız geri alınmışdı. Təkcə Qarabağ deyil, indiki Yerevan, Borçalı, Təbriz və tarix boyu parçalanmış bütün şəhər, rayon və kəndlərimiz də… Binaların balkonlarında bir dənə də olsun yuyulmuş paltar asıldığını görməzdin. Bina başdan ayağa üçrəngli bayraqlarla bəzidilmişdi. Şəhərdə əsgər geyimindəki adamlar daha çox gözə dəyirdi. İlahi, bir ölkə bu qədərmi xoşbext ola bilərmiş?.. Küçələrdə, tinlərdə, gediş-gəliş çox olan yerlərdə hər addımbaşı qarşına çıxan, dilənçilərdən əsər-əlamət yox idi. Getdikcə teeccüblenirdim, gözlərimə inana bilmirdim. Birdən nəzərim yaxınlıqdakı bir marketə sataşdı. Böyük marketin girişindəki elanda belə yazılmışdı – Bu gündən çörək, yağ, un, şəkər müştərilərimizə pulsuz veriləcək! Siz hələ o marketdən çıxan insanları görəydiniz. Əlləri dolu olan ağbirçək nənənin üzündəki qırışlar belə gülürdü. Bəlkə də pensiya kartındakı pulundan xərcləməməsi onu daha çox sevindirirdi. Hələ bu harasıydı. Bankların birinin qarşısındakı elan məni daha çox heyrətləndirdi. Yazılanlara, ya da gözlərimə inanmaq üçün elanıüç-dörd dəfə oxumalı oldum: “Banklara borcu olan vətəndaşların nəzərinə! Bu günə kimi olan borclarınız, bank rəhbərlərinin qərarına əsasən silinmişdir!” -Yox! Bu qədəri ancaq yuxu ola bilər-deyə-deyə gözlərimi ovxalayırdım. Birdən kimsə əliylə ehmalca çiynimə vurub: – Nə yuxu? Bunlar həqiqətdir!- deyib, gülümsünərək, avtobusun pəncərisindən bir binanı göstərdi. Görünür həyəcandan özümü itirmişdim. Yanımdakı sərnişin dillənməsəydi avtobusda olduğumu belə xatırlamazdım. Sərnişin göstərdiyi bina “AZƏRENERJİ”nin binası idi. Ordakı elan da əvvəl gördüyüm elanlar kimi məni təəcübləndirdi: ,, Əziz abunəçilər! Bu günə qədər olan bütün elektrik borclarınız silinmişdir. Bu gündən etibarn elektrik pulsuz veriləcəkdir!” Sevindiyimdən bilmirdim nə edim. Demək hər şeyə səbəb müharibə imiş… …Birdən səsə oyandım. Əvvəl nə olduğunu bilmədim. Bir neçə dəqiqə donub yerimdə qaldım. İkinci dəfə yenə həmin səsi eşitdim. Kimsə qapını döyürdü. Yatağımdan qalxıb qapıya tərəf getdim. Qapını açanda bir kağız yerə düşdü. Kağızda yenə elan var idi: “XƏBƏRDARLIQ!!! Hörmətli abunəçi! Elektrik borcunuzu iki gün ərzində ödəməsiniz, elektrik verilişi xəbərdarlıq edilmədən kəsiləcəkdir. Ümumi borc 70 azn, məsulliyətli şəxs: E. İMANOV” 30.12.2015″ …Otağa qayıtdım. Axşamdan açıq qalan televizorun səsini ucaltdım. Valyuta xəbərləri gedirdi. Ötən gün qara bazarda bir dollar bir manat yetmiş qəpik imiş…

  • Şəhanə Müşfiqin “525-ci qəzet” də dərc olunan məqaləsi

    10991500_412390748927178_5095940301571747132_o

    Dünən – dekabrın 25-i sevimli şairimiz Ramiz Qusarçaylının doğum günü idi. Şəxsiyyətini və yaradıcılığını çox sevdiyim, şeirlərini hər zaman sevərək, böyük zövqlə oxuduğum Ramiz müəllimi təbrik edir, ona mənalı ömür, daha böyük yaradıcılıq uğurları arzulayıram! Sözünüz heç tükənməsin, Ramiz müəllim! Çoxlarının hiss etməyini, deyə bilmədiyini, yazmağı bacarmadığını duyan ürəyiniz, deyən diliniz, yazan qələminiz var olsun!
    Gözündən ölməyə başladı atam,
    Gözündən düşməyə başladı dünya.
    Saraldı gözünün ağ çiçəkləri,
    Gəlib gözlərində qışladı dünya…

    Şeir elə ilk misrasından cəlb edir məni… Qulaq kəsilirəm… Getdikcə sözlərin, misraların ahənginə qarışır nəfəsim…

    …Gözüylə dünyanın arasındakı,
    İşıqlı nə varsa uçuracaqdı.
    Elə yapışmışdı gözü ölümdən,
    Elə bil əlindən qaçıracaqdı…

    Bir-birinin ardınca düzülən sözlər yalnızca misra, bənd yox, bir ölüm mənzərəsi yaradırdı gözlərimin qarşısında… Artıq yanımda dayanıb bu şeiri mənə dinlədən insanın varlığını belə unutmuşdum. Gözlərim hər an yağmağa hazır bahar buludu kimi dolmuşdu…
    Bir az sonra şeiri dinlədən dostumun səsi çəkib aldı məni xəyalların soyuq ağuşundan:
    – Bəyəndin?
    – Çoooox…
    Bu an qulaqlarımda səslənən ölüm melodiyası susdu, qarşımda gözlərini süzdürə-süzdürə nazlanan ölüm bir göz qırpımında yoxluğa qarışdı…
    – Müəllifi kimdi bu şeirin?
    – Ramiz Qusarçaylı.
    Düzünü deyim ki, bu adı birinci dəfə idi eşidirdim. O vaxta qədər heç bir şeirini oxumamışdım. Bəlkə öz səhvim idi, bəlkə də tale qarşılaşdırmamışdı. Ancaq tanışlığımız çox gözəl bir şeirin vasitəsiylə oldu.
    Sonradan Ramiz Qusarçaylının yaradıcılığı ilə daha yaxından maraqlanmağa başladım. Sonra bir tədbirdə bu böyük şairlə görüşmək şərəfinə nail oldum…
    Ramiz Qusarçaylı qələmi iki əsri bir-birinə bağlayan bir körpünü xatırladır. Hansı ki, istənilən an körpünün bizim əsrə aid başından boylanıb ötən əsri rahatca görmək, onun haqqında təsəvvür əldə etmək mümkündür.
    Ramiz Qusarçaylı səfalı təbiəti, zəngin tarixi, şirin dili, mehriban və istiqanlı əhalisi ilə məşhur olan Qubada yaşayır. Ancaq onu məşğul edən, ürəyinə dərd salan, gecəsini gündüzünə qatan problemlər bir əyaləti, bir şəhəri, bir ölkəni əhatə etmir. Onun fikir-xəyalları dağlar, dərələr aşır, sərhədləri adlayır, ölkələr dolaşır, gecə-gündüz yorulmadan, usanmadan yol gedir. Şairi incidən dünyanın dərdləridir, bəşəriyyəti bürüyən ağrı-acılardır:

    Adam – adam aşınır Yer,
    Qiyamətə daşınır Yer,
    Daha Göydən boşanır Yer,
    Talağına şükür, Dünya!

    Şair bu yaşına kimi çox adamlarla qarşılaşıb, demək olar ki, hər cür insan görüb. Onların arasında “qapıb bir-birini tutanlar” da var, “iliyinə, sümüyünə qədər ac olanı” da var, “adamdan asılanı” da var, bir yetim payına göz dikən də var, özü içində min cür şeytan bəsləyə-bəsləyə bir şeytanı daşlamaq üçün gedəni də var… Şair insanların bu qədər böyük sürətlə cılızlaşmasından təəssüf hissi keçirir. Ona görə də son çarə kimi üzünü Allaha tutan müəllif ondan adamları nə quşdan, nə heyvandan deyil, elə adamdan qorumasını istəyir.
    “Hərənin bir cür zurnaçı” olduğu dünyada şair “züy tuta bilməməsi” ilə bir növ fəxr edir. O, başqaları kimi öz mənafeyini güdmür, öz mənfəətinin arxasıyca qaçmır. Özü də dediyi kimi onun davası safdır, təmizdir:

    Davam nə can davasıdı,
    Nə də yorğan davasıdı,
    Azərbaycan davasıdı –
    Ayrı dava mənlik deyil.

    Uzun müddət idi Ramiz müəllimin yaradıcılığını araşdırırdım. Onun müxtəlif şeirlərini oxuduqca arada şeirlərdə vəsf olunan dağlardan əsən xəfif meh dalğalandırırdı saçlarımı. Sonra o meh dolaşıb gəldiyi çəmənin ətrini yayırdı otağa. Elə bu an hardansa uzaqlardan, lap uzaqlardan quşların civiltisi bir oynaq nəğmə kimi oxşayırdı qulaqlarımı. Bir az keçmiş dağların nazlı gəlini Afurca çağlayıb – coşur, elə misraların arasındanca atırdı özünü, şəlalənin saf suyu ilə islanırdı üst-başım. Hər sətir yenicə şumlanmış torpaq, hər misra yenicə biçilmiş otun xoş rayihəsi ilə oxşayırdı könlümü:

    Elə bil çəməndə toy-düyün olub,
    Heyrətim güllərin gözündən öpür.
    Arılar o qədər ərköyün olub,
    Qönçə açılmamış üzündən öpür.

    Və ya:

    Gül elə soyundu ləçəklərini,
    Arılar üzünü yana çevirdi,
    Bu çiçək axşamı, bu gül axşamı…

    “Dünya kökdən düşüb” deyən şair dünyanın faniliyini dərk edir, özünü dünya nemətləri üçün öldürən insanların halına baxıb elə dünyanın özüylə birgə gülür:

    Nə daş, nə tüldü dünya,
    Daş əldə güldü dünya…
    Dünya mənim deyənin,
    Yasında güldü dünya…

    Ali məktəbdə ədəbiyyat nəzəriyyəsi fənnində belə bir mövzu var idi: yazıçının yaradıcılığı araşdırılarkən şəxsiyyəti, yaşadığı mühit, mənsub olduğu cəmiyyət də öyrənilməlidirmi? Bu mövzu ətrafında ədəbiyyatşünaslar üç qismə bölünüb, üç fikri müdafiə edirdilər. Birinci qisim ədəbiyyatçılar yazıçının şəxsiyyətini, yaşadığı mühitin öyrənilməsini vacib sayır, hətta əsərlərindən belə üstün tuturdular. Onlar öz fikirlərini belə əsaslandırırdılar ki, ədəbiyyat həyatı əks etdirir, yazıçı da əsərlərini həyatdan alırsa, demək ki, öz ətrafından, yaşadığı cəmiyyətdən, öz dövründən bəhrələnmiş olma ehtimalı daha yüksəkdir. Buna görə də bir yazarın əsərlərini daha yaxşı mənimsəmək üçün öncə onun şəxsiyyəti araşdırılmalıdır.
    İkinci qisim isə yazıçının şəxsiyyətinin, yaşadığı mühitin öyrənilməsini heç də önəmli hesab etmir, heç buna gərək də görmürlər. Onların fikrincə, qələmə alınan ədəbiyyat nümunəsi yazıçının təxəyyülünün məhsulu da ola bilər. Bu cür əsərlərə ətrafın təsirini düşünmək yersizdir.

    Üçüncü qisim tənqidçilər isə hər ikisinə eyni cür yanaşmağın tərəfdarıdırlar. Belə ki, əgər bir yazarın yaradıcılığı araşdırılırsa, həmin yazar bütünlüklə öyrənilməlidir. Həm əsərləri, həm şəxsiyyəti, həm də yaşadığı mühit ümumi halda araşdırılmalı və yalnız bundan sonra onun yaradıcılığı haqqında söz deyilməlidir.
    Əslində, mənim fikrimcə də əgər bir şairin, bir yazıçının əsərləri haqqında danışırıqsa, o yalnız yazar kimi yox, həm də insan kimi öyrənilməlidir. Çünki istər – istəməz hər bir insanın yaşadığı cəmiyyət, dövr, şəxsi həyatında baş verən hadisələr, özünün daxili xarakteri də qələmə aldığı əsərə və ya ən yaxşı halda hansısa obraza təsirini göstərir.

    Məhz bunun nəticəsidir ki, Ramiz Qusarçaylı haqqında olan bu yazını yazmağa tələsmədim, şeirlərində gördüyüm Ramiz müəllimi həyatda da axtardım və çox sevindirici haldır ki, tapdım. Gördüm ki, Ramiz müəllim yalnız qələm arxasında vətənpərvər olan, yalnız kağızın üstündə insanlıq nümayiş etdirən, tribuna qarşısında pəhləvana dönən şairlərdən deyil. Onun əlində qələm olsa da, olmasa da o, yenə də eyni insandır. Buna görə də onun hər misrasında ucalan haqq səsi insanın qulaqlarını yağır eləmir:

    Dizimin üstünə gələnlər artır,
    Dizlər gözdən salır düz adamları.
    Dizimdən aşağı ölənlər artır,
    Artır bu dünyanın diz adamları.

    Yuxarıda qeyd etdiyim kimi, şairin şəxsiyyəti ilə sözləri bir-birini tamamlamalıdır. Bunu Ramiz müəllim də gözəl anlayır. Elə onun ürəyini bulandıran da ətrafındakı şair həmkarlarının bəzilərinin saxtakarlığıdır. “Kəs, bu şairin də dadına baxaq” deyən müəllif başqa bir şeirində şairlərin iki dövrünü müqayisə edir. Bu müqayisə satirik dillə elə qələmə alınıb ki, insan şairlərin halına gülmək, yoxsa ağlamaq lazım olduğunu anlaya bilmir:

    …Nizama düşübsüz, səfə düşübsüz,
    Cild-cild, kitab-kitab rəfə düşübsüz,
    O qədər çoxalıb yazmalı dərdlər,
    Deyən dərd əlindən kefə düşübsüz,
    Axşamınız xeyir, şair dostlarım.

    İndi nə sevincdən göz yaşları var,
    Nə qəmin üzünə gülür şairlər.
    Bir zaman öləndə doğulardılar,
    İndi sağlığında ölür şairlər,
    Ramiz Qusarçaylı, axşamın xeyir.

    Ramiz Qusarçaylı yaradıcılığından danışıb onun vətənə, Azərbaycana, Qarabağa həsr olunmuş şeirlərini xatırlamamaq ən azından günah olar. Ümumiyyətlə, Ramiz müəllimin bütün yaradıcılığında bir nisgil, bir intizar, bir üsyan, bir hayqırış var. “Gecələr dağlara baxa bilməyən” şairin bu həsrəti bir dağ olub asılıb ürəyindən.

    Ramiz müəllimin şeirlərində Şuşa həsrəti bir başqa cür göstərir özünü. Onun dillər əzbəri olan “Azərbaycan bayrağı” şeirinin bir yerində şair deyir:

    …Şuşada sən qonduğun daşa
    pir deyəcəyəm,
    Çəkəcəyəm gözümə
    kölgən düşən torpağı,
    Azərbaycan bayrağı…

    Şairi bütöv Azərbaycan dərdi göyüm-göyüm göynədir. Vətəninin getdikcə daralan sərhədlərini görən bu vətən həsrətli insanın sinəsindən bir ah qalxır ki, bu ah bir alova dönüb- dağları, daşları, o taylı, bu taylı Azərbaycanı bir-birindən ayrı salan tikanlı məftilləri yaxıb, yandırır, yox edir. Şair Vətəninin başına gətirilən müsibətlərin günahını onun-bunun üstünə atmır, hamı kimi özünü də günahkar bilir, özünü də bağışlamır:

    Ürək dindi ağla, söz dindi ağla,
    Ağla hər misranı, hər bəndi ağla.
    Təbrizi, Şuşanı, Dərbəndi… ağla,
    Mənim ölmüşümə rəhmət düşürmü?

    Şairi hər yerdə olduğu kimi məhəbbət şeirlərində də cəsarətli görürük. Onun sevən aşiqi sevgisi uğrunda hər cür əzab-əziyyətə, hətta ölümə belə hazırdır:

    …Çox ayrılıq əsdi bizdən,
    Üşüdülər istimizdən…
    Dağ yeriyə üstümüzdən,
    Keçə… səni sevəcəyəm…

    Və ya:

    Sığışmırdım yerə-göyə,
    Bəlkə quru səsdim sənə,
    Şeirim, sözüm azdı deyə
    Ürəyimi kəsdim sənə…

    Ramiz müəllimin şeirlərini oxunaqlı, təsirli edən bir sıra səbəblər var. Ən başlıcası odur ki, şair şeirlərini Azərbaycan ədəbiyyatının “ana vəzni” hesab olunan, laylalarımızın, bayatılarımızın, nəğmələrimizin söyləndiyi heca vəznində qələmə alır. Bütün çətinliklərinə baxmayaraq, heca vəzninin Azərbaycan xalqına, oxucusuna olan doğmalığını, onun ruhuna yaxınlığını kimsə inkar edə bilməz. Başqa bir cəhət isə şairin dil sadəliyi, şeirlərində bədii təsvir və ifadə vasitələrinin zənginliyidir. Şair oxucusu ilə elə onun öz sadə, şirin ana dilində, el ləhcəsi ilə danışır. O, yeri gələndə “ev”ə “öy” deyir, ya da xalq arasında “çobanaldadan” kimi tanınan bir bitkini şeirinə obraz olaraq seçə bilir:

    Bir ot bitir
    bu yerlərin dərəsində,
    dərələrin tirəsində…
    …yaşıl otun bir adı var,
    ada bax,
    Çobanaldadan…

    Şair epitet, metafora, metonimiya, litota, mübaliğə, inversiya kimi bədii təsvir və ifadə vasitələrindən də böyük ustalıqla istifadə edir:

    Dağlar bir-birinin xətrinə dəyir,
    Daşlar bir-birini yeyir, baxsana-

    – misralarında metaforanın gözəl bir nümunəsi ilə qarşılaşırıq. Belə ki, burada insana aid xüsusiyyətlər dağların, daşların üzərinə köçürülür. Və ya şairin “Gileyli” şeiri başdan-sona metaforaların üzərində qurulub:

    Bu yaz gec gəlmişəm doğma yerlərə,
    Gəzdiyim yamaclar, yallar gileyli.
    Başımın üstündə buludlar küskün, –
    Ayağım altında yollar gileyli.

    Ramiz Qusarçaylının şeirlərində mübaliğə (şişirtmə) və onun əksi olan litotanın (kiçiltmə) da gözəl nümunələrinə rast gəlirik. Məsələn:

    Baxma nə yazılıb daşımın üstə,
    Qəbrim çiçəkləyər ahımdan, gözəl.
    Bir bulud ağlasa başının üstə,
    Mənəm, muğayat ol ruhumdan, gözəl-

    -misralarıyla müəllif dərdinin, sevgisinin nə qədər böyük olduğunu göstərməyə çalışırsa,

    Gül gülə ötürər,
    Sünbül sünbülə,
    Yaşıl heydən salar, al vurar məni,
    Elə durulmuşam, elə yüngüləm,
    Bir quş dimdiyində qaldırar məni-

    – sözləriylə isə özünün cismini o qədər kiçildir ki, hətta bir quşun belə onu qaldıra biləcəyini söyləyir…
    Fikrimcə, müasir ədəbiyyatımızda Ramiz Qusarçaylı kimi sözün qədrini, dəyərini anlayan, sözə sahib çıxan vicdanlı bir şairin varlığı XXI əsr Azərbaycan ədəbiyyatının önəmli qazancıdır, desəm, əsla mübaliğə etmiş olmaram.

  • Şəhanə Müşfiqin “Azərbaycan” jurnalında dərc olunan şeirləri

    10991500_412390748927178_5095940301571747132_o

    MƏNİM SƏNSİZLİYİM YAMAN PAXILDI

    Gözümdən dünyanı elə salmısan
    Heç daha gözümə ala bilmirəm.
    Ömürdə günlərim qarışıb yaman,
    Əl atıb sahmana sala bilmirəm.

    Həsrətin əynimə elə yaraşıb
    Özgə bər-bəzəyi, düzü, götürmür.
    Mənim sənsizliyim yaman paxıldı,
    Sənli günlərimi gözü götürmür.

    Yığıb yığışdırdım qalan günləri
    Eləcə ölümü gözləmək üçün,
    Bir ovuc sən olan xatirələri
    Sənsiz həyatımdan gizləmək üçün…

    BAŞ ALIB GEDİRƏM ÖZÜMƏ SARI

    Baş alıb gedirəm özümə sarı
    Hər addım atdıqca o uzaqlaşır
    Görəsən,hayana tələsir belə
    Görəsən,hayana ürəyi daşır

    Çata bilmirəm ki,özüm-özümə
    Məni də bu yerdən aparsın deyim
    Əllərim ovcunda it-bata düşsün
    Qalmasın özümdə daha heç nəyim

    Başı alıb gedirəm özümə sarı
    Necə də çatmıram,çatmıram əcəb
    Deyəsən,bir məktub sözlər dilimdə
    Sevgim ürəyimdə yoxa dönəcəm

    İTHÜRƏN TƏRƏF

    Daha günümüzün sabahı açmır,
    Daha ürəyimiz gözlərə yükdür.
    İşıq gələn tərəf aldatdı bizi,
    İt hürən tərəfə getmək gərəkdir.

    Bir az da can atdıq göylərə doğru,
    Bu göy başqa göyün yeri deməkmiş.
    Həyatı asmışıq gözlərimizdən,
    Bir qırpım hər şeyin sonu deməkmiş.

    Nə bilim çırağı yandıran kimdi,
    Bəlkə də bir divin tələsi deyil.
    Hələ gəzdiyimiz işıqlı günlər,
    Bəlkə yuxumuza gələsi deyil?

    EVƏ GEDİRƏM…

    Yoruldum bu səs – küydən,
    Daha Evə gedirəm.
    Saxta gülüşdən,
    Yalançı vəddən,
    Çoxluq içərisindəki yalqızlıqdan
    təngə gəlib gedirəm,
    Evə gedirəm.
    Məni mənə unutduran problemlər
    yordu məni,
    Sözümü dilimdə yandıranlar
    usandırdı məni,
    Gedirəm.
    Danışmaq üçün,
    Susmaq üçün,
    Savaşmaq üçün,
    Təkliyimi tək yaşamaq üçün gedirəm,
    Evə gedirəm.
    Məni təmənnasız sevənlərə gedirəm,
    Haqqımla, nahaqqımla,
    Səhvimlə, günahımla gedirəm.
    Evə gedirəm.
    Göylərdən yağış əvəzi göz yaşının töküldüyü
    küçələrdən keçirəm,
    İnsan əvəzi ağzınacan dərd dolmuş
    avtobusla gedirəm,
    Evə gedirəm.
    Hər dayanacaqda dərddən keçmiş xoşbəxtliyi endirir,
    Hər dayanacaqda yeni dərdi götürür özüylə.
    Cavan dərdlər qoca dərdlərə yer verir
    oturmaq üçün…
    Qocalmış dərdlər hüznlə baxır cavanlara,
    Axı avtobus bir dayanacaqdan
    digərinə çatana qədər onlar da qocalacaq,
    yaşlanacaq
    Onlara yer verən tapılacaqmı?
    Bilmirəm.
    Budağından kədər sallanan ağacların arasıyla
    gedirəm,
    Evə gedirəm.
    Ayağım altda əzilən yarpaqların xışıltısını
    dinləyirəm,
    Başımdakı dumanları qova – qova gedirəm,
    Evə gedirəm.
    Ora – bura qaçışan,
    Yoluma çıxan,
    Önümü kəsən,
    Sözümü kəsən
    İnsanlardan keçirəm,
    Evə gedirəm.
    Bu dünyadan pillə – pillə qalxıram,
    Bu dünyanı arxamda qoyub gedirəm,
    Bu dünyadan gedirəm,
    EVƏ GEDİRƏM!!!

  • Kənan AYDINOĞLU.”Nə tez körpəliyim geridə qaldı”

    Photo Kenan

    Fəxri Xiyabanda Ulu öndərin,
    Əklil qoyudmuşdu məzarı üstdə.
    Bizim Ağstafada dəmir yolunda,
    qatarlar keçərdi relslərin üstdə.

    Bakı-Ağstafa qatarı idi,
    Əslində gözümün önündən keçən.
    Körpəlik çağımın xoşbəxt anını,
    Yenə Allah oldu yolumu seçən,

    Gəncə də doğmadı qardaşım kimi,
    Ustad Nizamini unutmaq olmaz .
    Köhnə xatirələr düşməsə yada,
    Sevincli göz yaşın qurutmaq olmaz.

    Tovuzdan bir parça yadigar qalıb,
    Rasim Kərimlinin könül sözləri.
    Axı kim unudar denən, qardaşım,
    Hər sözdə Allahı sevən gözləri?!

    Körpəlik çağlarım yada düşəndə,
    Köhnə xatirələr uşaq tək dindi.
    Ağstafa elində keçən günlərin,
    Hər anı tarixə dönübdü indi.

    Dastana çevrilib, ruhuma hopub,
    Ömrümün yurduma bağlı günləri.
    Kədərdən ayrılıb sevincə dönüb,
    Ömrümün qaralı, ağlı günləri.

    Bizim Xalq şairi Hüseyn Arifi,
    Şeirini, sözünü yaxından tanı.
    Dünən addımbaşı şeir söyləyən,
    “Ay oğul!”- söyləyən nənələr hanı?!

    Güzarım düşəndə Ana torpağa,
    Bir az doluxusunub, ağlayırdım da.
    Qorqud yadigarı müqəddəs sazı,
    Gözümün önündə saxlayırdım da.

    Sənə minnətdar da olacam, düzü,
    Ağstafa yurdunda ayağa qalxsan.
    Özüm də bilməzdim bu qədər xoşbəxt,
    Olmuşam əslində geriyə baxsan.

    31 dekabr 2015-1 yanvar 2016

  • Rafiq ODAY.Yeni şeirlər

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    HAQQ DEYƏN HAQQA QOVUŞAR

    Hərə bir nəzərlə baxır,
    Yoldan ötən hər dəliyə.
    Çox da mənə bənd olmayın,
    Mən də bu təhər dəliyəm.

    Hər talenin öz nərdi var,
    Gözlərim göyə nərdivan.
    Gecənin gecə dərdi var, –
    Açıldı səhər – dəliyəm.

    Bilən olmaz nə gündəyəm,
    «Harda»yam, «nə üçün»dəyəm.
    Milyon dəli içindəyəm, –
    Mən də bir nəfər dəliyəm.

    Bir qaysağam qan adında,
    Qoparın da, qanadın da.
    Mələklərin qanadında,
    Eylərəm səfər – dəliyəm.

    Başdı – yüz qada sovuşar,
    Ya tutar, ya da sovuşar.
    Haqq deyən haqqa qovuşar, –
    Geymişəm kəfən dəliyəm.

    YAŞADIM

    Düz əlli il ömür adlı,
    Kürkün içində yaşadım.
    Apaydın səma altında,
    Bürkü içində yaşadım.

    Xəbər yollayın Orxana,
    Dünya özü bir zorxana.
    Göz açandan nə qorxu, nə
    Hürkü içində yaşadım.

    Ümidi üzdüm yaşadım,
    Canımdan bezdim yaşadım,
    Yaşadım, düzdü, yaşadım,
    Sürgün içində yaşadım.

    Nə kimsəyə ərk eylədim,
    Nə kimsəni görk eylədim,
    Mənliyimi börk eylədim,
    Börkün içində yaşadım.

    Yada tutdum neçə il yön,
    Ümid çıxdı puça min yol.
    Heç deməzsən neçə milyon,
    Türkün içində yaşadım.

    Dost-doğma bildim müşkülü,
    Sevdim-oxşadım püşkümü.
    Ömür deyilən beş günü,
    Bir gün içində yaşadım.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    BİZ GÖRÜŞƏ GƏLƏNDƏ

    Qoca çinar açar bizə çətrini,
    Lalə, nərgiz əziz tutar xətrini,
    Kəpənəklər yayar sənin ətrini,
    Biz görüşə gələndə.

    Min arzulu, min nəğməli bu ürək.
    Göy qurşağı eşqimizə bir dilək,
    Nəğmə qoşar sevgimizə meh, külək,
    Biz görüşə gələndə.

    Buludlar da göydə salar hay-havar,
    Gah boylanar, gah çəkilər ulduzlar,
    Dil boğaza qoymaz əldə kaman, tar,
    Biz görüşə gələndə.

    Dağ çayıtək vüsal qovar hicranı,
    Hanı kədər, hanı qüssə, qəm hanı?
    Sevincimiz qərq eyləyər cahanı,
    Biz görüşə gələndə.

    29.12.2015.

    ANAMIN ARMUD AĞACI

    Əziz, sevimli anamın xatirəsinə

    Qurudu anamsız armud ağacı,
    Qurudu, dözmədi qəmə, həsrətə.
    Kədərdən qəlbimi bürüdü acı,
    Baş əydim ağacda olan qeyrətə.

    Novruzun gəlişın ilk o, deyərdi,
    Al- əlvan cətrini açardı bizə,
    Bahar libasını ilk o geyərdi,
    Ruzi, bərəkətin paylardı bizə.

    Köksündə qaçardı beşik, nənnilər,
    Onun meyvəsiydi nağıl, bayatı.
    Gövdədən, yarpaqdan cırtdan, div enər,
    Gəzməyə qorxardıq, axşam həyəti.

    Uşaqlıq çağında keçən günlərim,
    Həkk olub armudun cod gövdəsində.
    Tökülən yarpaqlar şanlı əsərim,
    Gizlənib küləyin həzin səsində.

    Yetişən meyvələr Qorqud öyüdü,
    Payladım türklərə, Oğuz elinə.
    Cavanlar qocaldı,körpə böyüdü,
    Qarışdı Hunların coşqun selinə.

    Anamla əkizdi, o qızıl armud,
    Rişəsi torpağın dərinliyində.
    Cücərən pöhrələr təsəlli, ümid,
    Boy atır ağacın sərinliyində…

    28.12.2015.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    TÜRKÜM DEYƏNƏ

    Türkün monoloqu

    Daşım, torpağım ulu,
    Tarixim zəfər dolu.
    Yolum Oğuz, Hun yolu,
    Qüdrətli millətim var.

    Təkbir, duam dilimdə,
    Doğuldum at belində.
    Akınların selində,
    Sarsılmaz heyrətim var.

    Oxudum “Mehtər marşı”,
    Silkələdim dağ, daşı.
    Qazandım hər savaşı,
    Yenilməz qüvvətim var.

    Inancım Quran, azan,
    Həm qəhrəman, həm ozan.
    Qılıncla tarix yazan,
    Müqəddəs xilqətim var.

    Mövlam bəxş edib mənə,
    Dovran,- busat, təntənə.
    “…Mutlu türküm deyənə!”
    Şanım var, şöhrətim var.

    31.12.2015.

    GÖZLƏ YOLUMU

    Gəzdir ömür boyu gözündə məni,
    Xatırla hər kəlmə, sözündə məni,
    Axtarsan taparsan közündə məni,
    Acı göz yaşların yağış, dolumu?
    Gözlə yolumu!

    Bəzəyik hər zaman nəğməyə, saza,
    Kədərlər, ələmlər bənzər payıza,
    Bahar çiçəyitək möhtacıq yaza,
    Aramızda bitən hicran kolumu?
    Gözlə yolumu!

    Dumanlar dağların gerçək xəyalı,
    Enib qərq eyləyib gədiyi, yalı,
    Qayalar cəngavər, güllər həyalı,
    Tutub əllərimdən çəkmir qolunu,
    Gözlə yolumu!

    Sevincim qalibdir qolları bağlı,
    Ümidim can verir yolları bağlı,
    Gəl, qoyma eşqini sinəsi dağlı,
    Getdiyin yol gülüm vüsal yolumu?
    Gözlə yolumu!

    30.12.2015.

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    CAN VERƏRDİM

    Çalışıram anlayım bu dünyanı,
    Dünyanın da qalmayıbdır amanı.
    Qaytara bilsəydim keçmiş zamanı,
    İndiki zamanı qurban verərdum.

    Var idi o vaxtlar hörmət, sədaqet,
    Hər yerdə hökm sürürdü həqiqet.
    İxtiyar olsayı məndə nəhayət,
    Haqqı qanmayana vicdan verərdim.

    Dil dolaşır yaltağ, yalan görməkdən,
    Eşşək alınmamış palan görməkdən.
    Yorulmuşuq soyqun, talan görməkdən,
    Əlimdə olsaydə plan verərdim.

    Mən Zeynəbəm, haqsızlığdan kənaram,
    Millət üçün alışaram, yanaram.
    Hər kəsə inanıb insan sanaram,
    İmkan olsa, hamıya can verərdim.

    YENİ İL ARZULARIM

    Bugün köhnə ili yola salırığ,
    Təzə il, qoy bizə uğur gətirsin.
    Son saatlar ilə vidalaşırığ,
    Təzə il yurduma uğur gətirsin.

    Qayıtsın Qarabağ, gülsün üzümüz,
    Gələn ili Qarabagda qeyd edək.
    Ürəklər sevincdən çağlayıb coşsun,
    Gələn ili o toroağda qeyd edək.

    Zeynəbəm, ürəyim Vətənlə vurur,
    Vətənim sevinsə sevinirəm mən.
    Gələn il Qarabag azad olacağ,
    Öz əsgərlərimə güvənirəm mən.

  • Ərtoğrul Türk MEHDİZADƏ.”Qafqaz müharibəsi” (1817-1864)

    Tarixi Nöqteyi Nəzər

    Qafqaz, 150 il (1720-1870) Çar Rusiyasının od-alovu içərisində, yandı. Amma, bu alovun söndürülməsi üçün, bir birlik yaranmışdı, bu birlik, Qafqaz Birliyi idi. Mübarizlərlə rus qoşunları arasında ki, qarşılaşma, Qafqaz Müharibəsi adlanır və müstəmləkə imperiyasına qarşı çevrilmiş Milli-Azadlıq Hərəkatının, əsasında, Nəqşibənd Təriqətinin, Müridizm ideyası dayanırdı. Hərəkatın əsas məkanı, Dağıstan və Çeçenistan idi.
    Milli Nöqteyi Nəzər
    Cəsur Qafqaz Oğulları, Milliyyətindən, irqindən, dilindən və dinindən asılı olmayaraq, Qafqazın Hürriyyəti və Müstəqilliyi uğrunda, Milli-Azadlıq və Qafqazlılar Hərəkatı prinsipi ilə işğalçı Çar qoşunlarına qarşı, Mübarizəyə Qalxdılar. Hərəkatın iştirakçılarının çoxunu Türk Müsəlmanlar, Qeyri-Türk Müsəlmanlar və Xristianlar: Azərbaycan, Avar, Çeçen, İnquş, Kabardin, Balkar, Qaraçay, Çərkəz, Qumuq, Gürcü, Abxaz, Acar, Rutul və Ləzgi Millətləri, Təşkil Edirdilər. Döyüşlərdə ən çox fərqlənənlər Avarlar, Çeçenlər, İnquşlar və Çərkəzlər idi. Qafqaz Müharibəsi dövründə, Hökmranlıq edən, Rusiya Çarları, bunlar idi: I Aleksandr(1801-1825), I Nikolay(1825-1855), II Aleksandr(1855-1881). Rusiyadan və Ukraynadan Qafqaza gələn könüllü dəstələrdə, Mücahidlərə qoşulur və Çar qoşunlarına qarşı, vuruşurdular. Qafqazlıların baş komandanları, növbə ilə daha əvvəllər Şeyx Mənsur Çeçenistanlı, yeni dövrlərdə isə İmam Qazi Məhəmməd Gimrəvi(1828-1832), İmam Həmzət Bəy Qoçatlılı(1832-1834) və Şeyx İmam Şamil Dağıstani(1834-1859) idi. Şübhəsiz ki, Hərəkatın daha alovlu olması, Türk qanlı Cəngavərlərin Şücaətinin, Böyük bir nəticəsi idi.
    Dini Nöqteyi Nəzər
    Qafqaz, Millətlərinin çoxu, Dini mənsubiyyət baxımından, İslam dininə etiqad edən, Müsəlmanlar və az bir qismi isə Xristianlar idilər. İslam dinində, hər Müsəlmanın yerinə yetirməli olduğu, vacib bir şərt vardır. Bu şərt, Cihad Etmək Şərtidir. Cihadın da, öz şərtləri vardır: Yalnız və yalnız, Özün, Ailən, Dostların və Vətənin uğrunda, cihad etməlisən. Qafqaz Müsəlmanları, Allaha daha çox bağlı olduqlarından, İslam dininə daha dərin etiqad etmələrindən, onlarda Vuruşmaq ruhu, daha böyük olmuşdur. Onlar Allah, Peyğəmbər, Din və Vətən uğrunda Vuruşurdular, rus zabitlərini və əsgərlərini, “Kafir” adlandırıb, bir zərbə ilə məhv edirdilər. Şimali Qafqazda yaşayan Müsəlmanlar, təmiz Əhli-Sünnə Təriqətinin mənsubları idilər və onlarla birgə vuruşanların az bir qismi isə şiələr idi. Xristianlar isə İslami Cihad yox, Qafqazın azadlığı, Qafqaz Millətlərinin müdafiəsi, Ümumi Azadlıq uğrunda və Öndən gedən Müsəlman Liderləri Xilaskar və Vahid Milli Lider adlandıraraq, onların vahid azadlıq bayrağı altında Birləşib, düşmənə qarşı Vuruşurdular. İmam Şamil, Cihad haqqında, belə demişdi: İstilaya uğrayan Vətən Torpaqları, sülh ilə ələ keçməz, Döyüşlə Alınar. Allah, Haqq və Vətən uğrunda vuruşanlara, Yardımçı olsun. Qafqazlılar!, İllərdən bəri sinə gərməyə çalışdığımız, ən dəhşətli an, gəlib çatmışdır. Edə biləcəyimiz yeganə iş, düşmənlə fasiləsiz və amansız Vuruşmaqdır. Bu günə qədər Hərb etmək, Şərəf və Vətən borcu idi. Amma, bu gün, Hamımızın üstünə Fərz Olmuşdur. İmam Şamil, Qafqazda şəriət-İmamət Dövləti qurmuşdu. Bu Dövlət, Qafqaz İslam Dövləti adlanırdı. İmam Şamil Qafqazın və Qafqazlıların həm Siyasi Lideri və həm də ki, Dini Lideri sayılırdı. Qafqazlılar, Vətən uğrunda vuruşmaqla, öləndən sonra Şəhid olacaqlarına və Cənnətə qovuşacaqlarına, İnanır və Etiqad edirdilər.
    Hərbi Nöqteyi Nəzər
    Qafqaz ərazisi, vuruşan hər iki tərəf üçün, Hərbi cəhətdən əlverişli və strateji əhəmiyyətə malik bir ərazi idi. Qafqazın, Mücahidlər üçün, hərbi cəhətdən daha əlverişli olması, onların Qafqaza daha yaxşı bələd olmalarıdıysa, Qafqazın, ruslar üçün hərbi cəhətdən daha əlverişli olması isə ondan ibarət idi ki, Qafqazın şimal hissəsi, Cənubi Qafqazdan yəni ki, Abxaziya və Gürcü ərazilərindən, mühasirəyə alınmışdı və Şimal hissəsi, asandçılıqla ələ keçiriləcəkdi. Sadəcə olaraq, Qafqazın cənubu düz yollardan ibarət idisə, şimal hissəsi isə uca dağlarladan və hündürlüklərdən başlanırdı. Qafqaz mübarizləri, ruslara qarşı, yüksək keyfiyyətli tələlər qururdular və Çar qoşunlarını, o, tələyə salıb, məhv edirdilər. Ruslar, Şimali Qafqazın Hündürlüklərinə, qalxdıqca və irəlilədikcə, tez-tez üç və ya dörd Qafqazlının, qəfil hücumu ilə qarşılaşırdılar və ya üstlərinə böyük daş qayaları atılırdı. Çarın göndərdiyi iri rütbəli Generallar, zabitlər və hərbi dəstələr, Vüqarlı Qafqaz dağlarında, pərən-pərən düşərək, məhv olub, ölürdülər. Qafqazlılar, öz ərazilərində, daha asand vuruşurdular. Amma, bu ərazilər, ruslar üçün yad idi deyənə, çaş-baş qalırdılar.
    Dünyanın imperialist Dövlətlərinin, Qafqaz Xalqlarının, işğalçı Rusiya imperiyasının müstəmləkəsinə qarşı, apardıqları Milli-Azadlıq hərəkatını, dəstəkləmələri və siyasi məqsədləri.
    Siyasi Nöqteyi Nəzər
    Qafqaz müharibəsi dövründə(1817-1864), iri imperialist Dövlətlərin(İngiltərə, Fransa, Osmanlı İmperiyası), Qafqaza aid böyük siyasi maraqları var idi və Qafqaz Millətlərindən, öz siyasi maraqları üçün, çox yaxşı istifadə edirdilər. Rusiyanın qafqazı işğal etməsi və qafqaza sahiblənməsi, ona qarşı, Osmanlı və Avropa Dövlətlərini, birləşdirirdi. Hələ, 1722-1723-cü illərdə, Çar I Pyotrun Qafqaza yürüşü, Avropa və Osmanlı tərəfindən, çox böyük narazılıqlarla, qarşılanmışdı. Əslində, Qafqaz millətləri arxasında, Rusiyaya qarşı İngiltərə və Osmanlı vuruşurdu. Qafqaz Mücahidlərinin Dini və Siyasi Lideri olan İmam Şamil, Osmanlı imperiyasının, müdafiə etdiyi xüsusi bir şəxs idi. Çünki, İmam Şamillə bərabər, Şimali qafqaz millətləri, Osmanlı imperiyasını özlərinə dost bilir və ona meyl göstərirdilər. Zahirdə, güya belə görsənir ki, Qafqaz əhalisi, təkbaşlarına birləşiblər və ruslara qarşı vuruşurlar. Amma, pərdəarxası planlar, gizli qalırdı. İmam Şamil Dağıstanı, Çeçenistanı, İnquşetiyanı əhatə edən bir Qafqaz İslam Dövləti qurmuşdu və bu Dövlətin adı, İmamət Dövləti adlanırdı. Əslində, Bu dini Dövlət, Avropa dövlətlərinin, Rusiyanın qafqazı işğal etməsinə qarşı qurduqları, böyük sipər və alınmaz bir qala idi. Qafqaz Millətlərinə hərbi və maddi yardımların göstərilməsi nəticəsində ruslar, qafqazı 50 ilə qədər işğal edə bilmədilər. İmperialist dövlətlər, Şimali qafqaz millətlərinin, güclü dini imanından və güclü Milliyyətçilik ruhundan istifadə edirdi. Qafqazlıların axrasında Osmanlı, Osmanlının arxasında isə İngiltərə dayanırdı. Çar Hökümətinin siyasətçiləri, Şeyx Şamilin əsir götürülməsindən və Qafqazlıların alovlanan milli-azadlıq hərəkatının süqutu nəticəsində başa çatan Qafqaz müharibəsindən sonra İmam Şamilin, Böyük Britaniya kəşfiyyatının adamı və Osmanlı imperiyasının casusu olduğunu, dedilər. Aydın məsələdir ki, bu hərəkatın arxasında Avropa və Osmanlı Dövlətləri dayanırdı. Amma, hər şey mübarizəni böyük əzmlə aparan və Vətənləri uğrunda hətta, ölümlə barışan Qafqazlıların vuruşmağından aslı idi. Düzdür, Qafqazlılar yalnız və yalnız müsəlman ölkələrindən və ən əsası Osmanlıdan, dəstək gözləyirdilər. Amma, onlar rəsmən və öz istəkləriylə Avropa dövlətlərinin, Rusiyaya qarşı ittifaqına qoşulmamışdılar. Əslində, Qafqaz meydanlarında, Rusiya və Avropa, Osmanlı Dövlətləri müharibə aparırdılar, Qafqaz Millətləri, sadəcə olaraq, bir sipər idi və bu sipər, Rusiya tərəfindən darmadağın edildi. Qafqazda baş verən Milli-Azadlıq Hərəkatı, çox şaxəli bir hərəkat idi və bu alovlu hərəkatda özləridə bilmədən, Döyüş oyununa girən aldanmış Mücahidlər, hər iki tərəfdən, məhv edildilər.

  • Насиба Егембердиева

    HE

    С Новым годом вас, дорогие друзья! Желаю вам бодрости и удачи. Будьте молоды душой и телом, красивы и счастливы.И помните -красиво не то, что красиво, а то,что нравится! Желаю вам побольше радости в судьбе, желаю вам всего того, что вы желаете себе! И как сказал один остроумный человек :”Да здравствует всё то, благодаря чему мы несмотря ни на что”!

    * * *

    Белою метелью землю замело,
    Как в волшебной сказке всё белым-бело!
    Кружатся снежинки, словно мотыльки,
    Как узор прекрасный, словно пух легки!
    Пусть любовь и радость в каждый дом войдут!
    Чудеса, как в сказке, вдруг произойдут!

    * * *

    Күнə қылдым,- деп қыйналар пенде,
    Сайтан азғырса, алданып қалма.
    Тынышым кетті,-деп жан менен тəнде,
    Сұрадың:”шығудың еш жолы бар ма”?

    Тынышың кетсе , болып шарасыз,
    Жағдайсыз қалсаң, жоғалып ерік.
    Есіктер жабық!-дер, “қайда барасың”?
    Тоба есігі!.. Тоба есігін аш! болады серік.

    * * *

    Разымын деме өмірге ешқашан,
    Сөйлесең сөйле шөл менен тауға.
    Себебі сені тыңдап тұрған жан,
    Неден разысың,- деп тұтар сұрауға.

    Болсаңда өмірден наразы егер,
    Сабыр ет,шыдап біл азапқа, қорлыққа.
    Себебі сені тыңдап тұрған жан,
    Неге,- деп əрине тұтар сұраққа.

    Өмірдің ісіне болма сен еш қайран,
    Шүкір де, атқан əрбір ақ таңға.
    Ұзын кештерде қалғанда айнам,
    Тілегіңді айт тек жаратқанға.

  • Vidadi AĞDAMLI.”Qarabağnamə” poeması III və IV hissə

    QARABAĞ DƏRDİ

    ÜÇÜNCÜ HİSSƏ.

    Yenə xəyallarım dolanıb gəzir,
    Qaranlıq insanın qəlbini dəlir.
    Hardasa yanıqlı bir tütək səsi,
    Dağlarda əks edir şəhid naləsi.
    Sükuta dalıbdır şəhər,el-oba,
    Sönübdür evlərdə o gündən soba.
    Bir ana fəryadı eşidirəm mən,
    Qana boyanıbdı dağ-dərə,çəmən.
    Ağır bir döyüşlər gedir yurdumda,
    Qıratın səsindən batır qulaqda.
    Yandırır alçaqlar eli-obanı,
    Dəhşətə gətirir bunlar insanı.
    Qocada-cavanda silah götürüb,
    Dağları-daşları duman bürüyüb.
    Dəhşətdi saymırlar heçdə insanı,
    İtib düşmənlərin dini-imanı.
    Havaya sovrulur qarı çöllərin,
    Havası alınmır bu dinsizlərin.
    Tökülür ağ qarın üzərinə qan,
    Qızardır dağları,qayanı yaman.
    Niyə qudurubdu bunlar,bilmirəm,
    Qaranlıq gecədən nə gözləyirəm.
    Şaxta dağı-düzü yalayıb keçir,
    İnsan öz əliylə insanı biçir.
    Zülmət meşələrin bağrını dəlir,
    Dumanlı xəyalım dolanıb gəzir.
    Atılır avtomat ara vermədən,
    Döyüş vüsət alıb axşam düşəndən.
    Xalqımın qanına susayıb düşmən,
    Yağdırır gülləni gecə keçəndən.
    Bir ana görürəm saçların yolur,
    Naləsi qəlbimə bir xəncər vurur.
    Gəzir öz balasın,gəzir övladın,
    Gəzir şəhid olmuş oğul balasın.
    Yaralı daşınır ara vermədən,
    İnsan dəli olur gördüklərindən.
    Beləcə döyüşlər ara verməyir,
    Hər boylar gör neçə şəhidlər verir.
    Döyüş vüsət alıb dörd bir tərəfdə,
    Qalıb igidlərim soyuq səngərdə.
    Laçın döyüşürdü,Şuşa yanırdı,
    Xocavənd,Xocalı qan ağlayırdı.
    Kəlbəcər,Ağdərə yatıb dərədə,
    Salmışdı dığanı əlacsız dərdə.
    Cabrayıl,Qubadlı dağa çıxmışdı,
    Zəngilan döyüşdə ad qazanmışdı.
    Fizuli sinəsin verib gülləyə,
    Qoşun istəyirdi gəlsin köməyə.
    Ağdam gecə-gündüz səngər qazırdı,
    Qırat mərmisindən düzlər yanırdı.
    Canyataqda qanlı döyüş gedirdi,
    Güneypəyə gecə-gündüz dərdliydi.
    Gülyanaqda dağlar-daşlar yanırdı,
    Qalayçıda döyüş vüsət alırdı.
    Mannıx tapdaq altda hey sızlayırdı,
    Sarı bulaq torpaqdan qan sızırdı.
    Sırxavənd çəkilib sıx meşələrə,
    Dözürdü köməksiz keçən günlərə.
    Erməni ruslarla birləşib birdən,
    Xocavənd üstünə getdi qəfildən.
    Döyüşlər başladı Qaradağlıda,
    Əmrahlar kəndində qayada-dağda.
    Qarakənd dövrəyə alıb onları,
    Çartazdan vururdu hər kəndi-bağı.
    Havanın şaxtalı soyuq günündə,
    Qaradağlı getdi ağır döyüşdə.
    Azğın ermənilər qana susayıb,
    Nə həya edirdi,nədə ki,ayıb.
    Birləşib ruslarla,birləşib yaman,
    Kimsəsiz millətə vermirdi aman.
    Hədəflər seçirdi,hədəf gəzirdi,
    Döyüşə muzdular yaman gəlirdi.
    Gəlirdi döyüşə Livan,Zəncidə,
    Planlar cızırdı Ruslar hər tində.
    Xocalı üstünə gəlirdi ordu,
    Tarmar qoymaq üçün bu gözəl yurdu.
    Malbəyli,Kosalar kömək gəzirdi,
    Üzmüşdü onları vətənin dərdi.
    Kərçicahan odlanırdı-yanırdı,
    Meşəlidə qan torpağa axırdı.
    Daşaltında böyük hiylə quruldu,
    Yüzlərlə şəhidlər qana boyandı.
    Köməksiz qalmışdı mənim millətim,
    Od tutub yanırdı mənim vətənim.
    Xocalı car çəkib kömək umurdu,
    O günlər Bakı da susub,dururdu.
    Keçdikcə hər günlər,hər dəqiqələr,
    Şəhidlər gedirdi qızlar-gəlinlər.
    Erməni birləşib Rus qardaşıyla,
    Gəldi Xocalıya qan sorağıyla.
    Fevralın şaxtalı bir gecəsində,
    Nalələr duyuldu insan səsində.
    İyirmi altı fevral doxsan iki,
    Xocalı qırğının yazmışdı sanki.
    Xocalı üstünə yeridi düşmən,
    Lərziyə gətirdi dağları birdən.
    Yandırdı dığalar bütün evləri,
    Dağıtdı o kəndi,dağıtdı eli.
    Dağlara töküldü qızım-gəlinim,
    Düşmən gülləsiylə öldü hər gəncim.
    Ata öz oğlunu əliylə vurdu,
    Düşmən qocaları dağlarda yordu.
    Qıydı balasına ana məcburən,
    Kənar olmaq üçün düşmən əlindən.
    Qaraqaya qara qana boyandı,
    Milləti dağlarda boran apardı. (daha&helliip;)

  • Vidadi AĞDAMLI.”Qarabağnamə” poeması I və II hissə

    VƏTƏN DƏRDİ

    VƏTƏNİN BAŞINA GÖR NƏLƏR GƏLİB

    BİRİNCİ HİSSƏ.

    Yenə dolub bulud,qaralıb qaşlar,
    Axtarır bib-birin küskün baxışlar.
    Gecənin zülməti bağrımı yarır,
    Bakının üstündə bulud fırlanır.
    Dəniz şaxə qalxıb sahilə gəlir,
    İnsanlar talehin,öz bəxtin gəzir.
    Boranlı,şaxtalı payız qurtarır,
    Xəzəllər ayağın altında qalır.
    Alır ağuşuna şaxta şəhəri,
    Tutur qara bulud təmiz göyləri.
    İnsanlar yorğundu insanlar əznik,
    Şaxtalı gecədə biz yol gedirik.
    Çatırıq Ağdama,insanlar bədbin,
    Baxırsan dərdi var üzdə gözlərin.
    Hamı narahatdı,hamı bədbindi,
    Baxırsan üzlərdə qəmdi-kədərdi.
    Çatıram eyvana səssiz-səmirsiz,
    Allaha qalıbdı ümüdlərimiz.
    Keçirəm otağa,fikrə gedirəm,
    Mən qələm götürüb,dəftər gəzirəm.
    Gecənin qaranlıq dərinliyində,
    Gedirəm xəyala ev-eşiyimdə.
    Xəyalım dolanır ötən günləri,
    Vaxtsız tez bürüşən ağ çiçəkləri.
    Baxıram üzlərə narahatlıq var,
    Yenə narahatdır bizim torlaqlar.
    Düyməni basıram ekran açılır,
    Kanallar nə isə tez-tez qarışır.
    Açıram ekranı gedib xəyala,
    Tez-tez rast gəlirəm hey çığırtıya.
    Böyük narahatlıq duyuram birdən,
    Xoş sözlər deyilmir Ali Sovetdən.
    Didişir insanlar,fikirlər ayrı,
    Fəlakət gözləyir bu torpaqları.
    Çəkişir insanlar,dərddədi hamı,
    Bir dəhşət gözləyir bu insanları.
    Deyəsən büdrəyir sovet ölkəsi,
    Bürüyüb Bakını millətin səsi.
    Kommunist sözüdə düşür hörmətdən,
    Yeni partiyalar yaranır təzdən.
    Açılır iç üzü bu sovetlərin,
    Tutulub kələyi böyük ölkənin.
    İllərdi işğalda saxlayıb bizi,
    Alıb əlimizdən nemətimizi.
    Dartıb aparıblar sərvətimizi,
    Dilənçi kökünə salıblar bizi.
    Böyük bir çaxnaşma düşüb içmizə,
    Səs verən olmayıb bizim səsmizə.
    Biri bərk tutubdu köhnə soveti,
    Buraxmaq istəmir Ali Soveti.
    Millət müstəqillik istəyir bizdən,
    Ayrılır fikirlər hər gün kürsüdən.
    Dünyanın nəzəri bura tikilib,
    Bostanlar yerində alaqlar bitib.
    Azadlıq meydanı dolur-boşalır,
    Natiqlər milləti bir yerə yığır.
    Bürüyüb bir dəhşət bu gün Bakını,
    Meydana çağırır Cəbhə insanı.
    İnsanlar amalın seçibdi düzgün,
    Sovetlər birliyi dağılır bu gün.
    Milli məsələlər çıxır ortaya,
    Sığmır bu insanlar heç bir araya.
    Ali Sovet hər gün dolur-boşalır,
    Azadlıq uğrunda səslər ucalır.
    Qalxıb tələbələr,qalxıb fəhlələr,
    Durmadan meydana axıb gəlirlər.
    Beləcə yaşayır Bakı günlərin,
    Meydanda açırlar hər gün səhərin.
    Millətim bir səslə Azadlıq deyir,
    İnsanlar meydandan ümüd gözləyir,
    Lakin yatmayıbdı düşmənlər bilin,
    Boğmaq istəyirlər millətin səsin.
    Yaman tez oyanıb ermənilərdə,
    Təbliğat aparır kənddə,şəhərdə.
    Evindən qovurlar Azəriləri,
    Yuvasız edirlər bizim milləti.
    İstəyir böyütsün Ermənistanı,
    Yuvasız qoysunlar hər bir insanı.
    Alırlar əlindən dövlətin-varın,
    Pozurlar həyatın bu insanların.
    İşgəncə verirlər,əzab verirlər,
    Çıxın torpaqlardan hər gün deyirlər.
    Tökülür düzlərə yazıq millətim,
    Ayaqlar altında qalır ismətim.
    Qovur Yeravandan mənim xalqımı,
    Sındırıb,əzirlər tək vüqarımı.
    Beləcə təmizlik edir Yeravan,
    İtirib simasın,simasız insan.
    Günbəgün axışır Bakıya millət,
    Niyə gözün yumur bunlara dövlət?
    Bakıda görürlər bu faciəni,
    Atırlar küçəyə,köçüb gələni.
    Gizlənir faciə,gizlənir dərdlər,
    Erməni iş görür,susuruq bizlər.
    Köhnə kommunistin töküntüləri,
    Gizlətmək istəyir olan işləri.
    Ört basdır edib millətin dərdini,
    Duymaq istəmirlər insan qəlbini.
    Gizlədirlər dağılan evlərimi,
    Əri güllələnən gəlinlərimi.
    Təndirə salınan qoca nənəni,
    Kəsirlər insanın dinən dilini.
    Qaynar samavarı qoyub belinə,
    Zülm edir erməni,qıza-gəlinə.
    Neçə anaların kəsib döşünü,
    Töküblər insanın görən gözünü.
    Boruya doldurub körpə uşağı,
    Dağdan buraxırlar üzü aşağı.
    Birinin gah qolun,qılçın kəsirlər,
    Boşalt öz evini,qəti deyirlər.
    İnsanlar dağlara,düzə yayılır,
    Evlər dağıdılır,evlər odlanır.
    Beləcə axışır insan Bakıya,
    Qalmayır insanda nə ismət-haya.
    Həyacan təbilin gəlib çalırlar,
    Bəs niyə biganə qalıb insanlar?
    Susur yuxarılar,susur orqanlar,
    Buna biganədir çox deputatlar.
    Çoxları çəkilib qınına girir,
    Görən müsibəti,niyə dinməyir?
    Ali Sovet hər gün dolur-boşalır,
    Biri başa düşmür,biri qanmayır. (daha&helliip;)

  • Nəriman ZEYNALZADƏ.Yeni şeirlər

    GƏTİRİB ŞƏHƏRDƏ İTİRDİK KƏNDİ

    Qaldı uzaqlarda dağ çiçəkləri,
    Nurlu ağsaqqalı, ağbirçəkləri,
    Soldu pəncərədə gül dibçəkləri,
    Açılan səhərdə itirdik kəndi.

    Şirin ləhçəsindən, şirin dilindən,
    Aşığın sözündən, sazın telindən,
    Göylərə kişnəyən atın belindən
    Alınan yəhərdə itirdik kəndi.

    Biri qarlı qışda, biri baharda,
    Tövşüyə-tövşüyə gələn qatarda,
    Biri cırıq qaloş, nimdaş paltarda,
    Hərə bir təhərdə itirdik kəndi.

    Bir nağılmış kimi baxdıq həyata,
    Babalardan qalan bu amanata,
    Bir qarın çörəyə, beş-üç manata,
    Gətirib şəhərdə itirdik kəndi.
    11.12.2015

    TAPA BİLMƏDİM BU ŞƏHƏRİN UCUNU

    Tapa bilmədim
    Bu şəhərin ucunu,
    Çıxıb gedərdim.
    Hara gedirəm
    Cin-şeytanlar tapır məni.
    Bu şəhər at kimi
    Çapır məni.

    Köhnə nağıldayam,
    Köhnə ağıldayam,
    Gəlmişəm Bayıldayam,
    Dəli küləklər
    Çapır məni.

    Od tutub yanır sular,
    Qabarıb sinəsi Xəzərin,
    Sahilə dalğalar gəlir.
    Otuz iki dənizçini
    Udub Xəzər,
    Sahilə sağ qalanlar gəlir…

    Tapa bilmədim
    Bu şəhərin ucunu,
    Hələ də burdayam.
    Göz gözü görmür tüstüdən,
    Xəzərin yanıq iyi gəlir araqdan,
    Bakıda bardayam.

    Yaxşı ki, kefliyik,
    Həmişə bar olsun, Vətən.
    Göz yaşımı qəbul eylə,
    Başın sağ olsun, Vətən.

    10.12.2015

  • Aysel ABDULLAZADƏ.”Güclü qadınlar bir başqa sevər”

    Güclü qadınlar bir başqa sevər
    Seçici olar,
    qalıcı olar sevgisi.
    Güclü qadınlar adam kimi sevməyi də bilir
    Ömrünü ömrünün önünə sərməyi də
    Yaşamağı da bilir o sevgidə
    səni yaşatmağı da…

    Güclü qadınlar yaxşı bilir
    Sevməyin acısını da,
    Həsrətin ağrısını da
    Onları güclü qılan sevdikləri deyil,
    sevgiləridir…

    Və gedişləri də başqa olar
    Darmadağın edər mənliyini
    Addım səsləri qulağını kar
    Gedişindəki lərzə gözünü kor edər.
    Səssizliyində boğar bütün sancıları
    Kimsəsiz, yetim hiss etdirər sənə özünü
    Bu gedişlə tüm yaşadıqlarını filmə çevirmişdir artıq
    Səhnədə tək qalmısan…
    Alqış sənə deyil, o gedişə sunular…

    Güclü qadınlar güclü sevər, adamım
    Qorxacaqsanmı
    Sahiblənəcəksənmi
    Öncə bunu bilməlisən…
    Güclü qadını gücünü zorlayaraq sevəcəksən
    Yetməzsə, heç düşünmədən
    Vaz keçəcəksən.
    Güclü qadınlar bağışlamaz, adamım…

  • Ən son nə zaman arvadınız üçün sevgili olmusunuz?

    “Yemək gətir, bütün gün canım çıxıb işdə…” – bu cümlə ilə başlayan axşamlar var ailələrdə.

    Bizim toplumda qadın-kişi və ailə mövzusunda çatışmayan, olması gərəkən, amma bir dürlü ola bilməyən situasiyalar mövcuddur. Ümumiyyətlə, ailə çəmbərimiz çox darısqaldır, ora istəklərimizi qısıtlı şəkildə sıxışdırmışıq.

    Bir qadın olaraq, bu mövzuya qadınların tərəfindən münasibət bidirəcəyəm. Əks cinsdən olan bir həmkarım da kişilərin nöqteyi-nəzərindən bu mövzunu bir az təhlil edib.

    Ailə münasibətlərində ilk öncə dostluq, sonrasında hörmət, daha sonra isə sevgi ardıcıllığı olması prinsipinə əsaslanıram. Ən üzünömürlü və sayğılı ailələrin təməlində bu prinsip dayanır.

    Günümüzdə kişilərlə yanaşı qadınlar da çalışır. Yəni hardasa, ikisinin də günlük yükü eynidir. Hər ikisi işdən evə gəlir. Yaxud da çalışmayan qadın evdə övladları ilə məşğul olur. Fərq etməz, mövzu hər iki situasiya üçün keçərlidir.

    Axşam işdən gələn kişi ailəsi və qadını tərəfindən xoşhallıqla qarşılanır, gün ərzində qadının yükünün kişinin çalışma yükünə bərabər (bəzən isə daha ağır) olduğunu saymadan, yeməyi, səhər üçün geyimi, uşaqlarının hazırlığı və qulluğu normal şəkildə yerinə yetirilmiş olsa belə, kişi bundan razı qalmır. Evə gəlir, “yemək gətir, çay gətir” kimi əmrlərlə davranıb, istirahətini televizor qarşısında davam etdirən kişi, qadınının gününü belə sormağı ağlına gətirmirsə, bu ailə, birlikdə yaşamaq əzabına çevrilmiş bir məcburiyyətə dönür.

    Qadının verdiyi suallara qısa və lakonik cavablarla, başından edərcəsinə televizorun ekranına köklənmiş fikirlərlə baxan kişi, qadından daha hansı qayğı və şəfqətin, lap elə, hörmətin hesabını soruşa bilər ki? Adama deyərlər, nə vermisən ki, nə də istəyirsən?

    Və gecə yarısıdır, yatmaq zamanı gəlincə “yorğunam, mən yatıram” deyərək yatağına girib yuxuya gedən kişinin qadını nəvazişi kimdən görməlidir? Bütün gününü işinə və ya övladlarına həsr edən, gecəni də yanında odun kimi yatan bir kişi ilə keçirən qadın necə xoş aura ilə günə başlasın? Qadın ehtiyaclarının başında nəvaziş, şəfqət dayanır, siz beş min manat pul gətirsəniz belə, qayğısını, nazını çəkə bilmədiyiniz, qadınlığını ona hiss etdirmədiyiniz təqdirdə bunun önəmi olmayacaq.

    Gözü başqa yerdə olan, daim axtarışda olan kişilərə sual verəndə ki, nə üçün axtardıqlarını qadınında tapmırsan, əksər hallarda, cavab bu olur: “Ailə başqadır, bu işlər başqa”.

    Sən ailə qavramını nə olaraq alqılayırsan? Ailə, uşaq dünyaya gətirmə mexanizmasıdır, yoxsa arvadının tozunu alıb otağın bir guşəsinə yerləşdirəcəyin vitrindir? Sən istəklərini qısıtlayıb, qadınından istəmədikcə, əlbəttə, bu cür düşünəcəksən. Sən qadınına nə zaman “ər” tabusundan çıxıb, sevgili ola bilmisən?
    Onunla dərləşməyi, dost olmağı, yataqda istəklərini izah etməyi, bütün gözəllikləri yaşamağı arzuladığını dilə gətirmisən? Seksdən ancaq uşaq yapmaq üçün istifadədən vazkeçmisən, hisslərin gözəlliyini qadınında cəmləşdirmisən?

    Bir də bu var… Ailə ortamında qadının kişidən istəkləri olanda, intim oyunlar düşünüb onu ərinə sərgiləmək istəyini söylədiyində kişinin verdiyi reaksiya dəhşətdir. Qadın dediyinə və düşündüyünə peşiman olur bu təpkidən. “Onu hardan bilirsən ki?, Sənə kim deyib ki? Niyə bu şeyi belə çox istəyirsən ki?, Bu haqda hardan eşitmisən?” kimi suallarla adamı hisslərindən soyudan “ər”lər var.

    Bəyəm, hər şeyi kişi bilməlidir? Qadının gözü kor, qulağı kardır? Qadın televizor, film, kitab, internet istifadəçisi deyil? Bu suallar “sən bunu etmisən ki, bilirsən?” nəzərlərilə qadına qarşı yönəlirsə, əlbəttə, kişi istəklərini kənarda reallaşdıracaq.

    Nə qədər ki, ailə qavramını çəmbərləmişik və oradan dışarıya çıxa bilmirik, bu, belə də davam edəcək. “Ər və arvad” tabularını sındıra bilmiriksə, elə, kişilər kənarda arzularını gerçəkləşdirsin, evdə qadını ilə, ancaq, uşaq yapmaq üçün sekslə məşğul olsun, qadınlar da orqazm yaşaya bilməməkdən əsəbləri tarıma çəkilib, bütün stressini sizə töksün. Bu da sizə AİLƏ!

    İndi mən sual verirəm, bəylər…

    Ən son nə zaman qadınınıza: “sabah gözəllik mərkəzinə get, mən tez gələcəm, uşaqlarla vaxt keçirərəm, sən get, bir az əhvalın dəyişsin, dəyişiklik et” demisiniz?

    Ən son nə zaman: “evə gəlirəm, hazırlaş, yeməyə gedək, bir az əhvalımız açılsın, sənə də xoş olar” demisiniz?

    Nə zaman: “Bu gün uşaqları nənəsigilə aparaq, axşam baş-başa bir gecə keçirək” deyib bunu istəmisiniz.

    Ən son nə vaxt: “əlinizdə bir gül ilə qapını döyüb, qapını açan qadınınıza sarılıb öpmüsünüz?”

    Nə zaman: “bir film gətirirəm (və ya kəşf etmişəm), axşam birlikdə izləyək” demisiniz?

    Ən son nə vaxt: “sabah alış-verişə gedək (və ya get), sonra da bir məkanda kofe içək” demisiniz?

    Nə zaman: atəşli bir gecənin sonunda qadınınıza sarılıb qoxusu ilə yuxuya getmisiniz?

    İllərin ər-arvadı olaraq, nə zaman qadınınızın vücudunu tamamilə tanımısınız?

    Və bəylər, ən son nə zaman ər olmaqdan çıxıb, qadınınız üçün sevgili olmusunuz?

    Aysel Abdullazadə

  • Cənab Rafiq Odayın Yeni il təbriki

    rafiqoday

    Sədri olduğum Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı adından, nəzdimizdə olan gundelik.info və edebiyyat-az.com saytları adından, təsisçisi və və baş redaktoru olduğum “Möhtəşəm Azərbaycan” qəzeti adından, həmçinin çalışdığım SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidməti adından xalqımızı və dünyanın müxtəlif nöqtələrində yaşayan soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni – 2016-cı il münasibətilə səmimi-qəlbdən təbrik edir, həyatda uzun ömür, möhkəm can sağlığı, süfrlərinə bol ruzi-bərəkət, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi istiqamətində görülən işlərdə yeni-yeni nailiyuyətlər arzulayıram.

    Sevgi və sayğılarla: Rafiq Oday,
    şair-publisist, respublikanın Əməkdar jurnalisti

  • Rafiq ODAY.Yeni şeirlər

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    YAZIĞIN GƏLSIN

    Çiynini fil yükü altına vermə,
    Qarışqa, özünə yazığın gəlsin.
    Misqalla ölçülən öz yükün ilə,
    Barış qal, özünə yazığın gəlsin.

    Çox da ömrü boyu əkin əkməyən,
    Həmişə sahibdi dolu təknəyə.
    Olarsan özgənin yükün çəkməyə
    Alışqan, özünə yazığın gəlsin.

    Dönməmiş uğruna it ulyanlara,
    Dinməzcə qoşul yat uyuyanlara.
    Mənəmlik havasın at – milyonlara
    Qarış qal, özünə yazığın gəlsin.

    Özü bir oyundu, düzü, dünyanın,
    Seyrəlir birbəbir düzü dünyanın.
    Edərlər başına düzü-dünyanı,
    Darısqal, özünə yazığın gəlsin.

    TƏCNIS

    Sinəmi bir atəş yandırıb yaxır,
    Haçandı bir nazlı gözəldən düşüb.
    O gündən günlərim saçım rəngində,
    O gündən saçıma gözəl dən düşüb.

    Vəsf etdim hüsnünü gəlincə, gülüm,
    Gəz sinəm üstündə gəl, incə, gülüm.
    Dönüb bu yerlərə gəlincə, gülüm,
    Baxıb görərəm ki, göz əldən düşüb.

    Vurula bildinsə dərdindən belə,
    Xoş olar soysalar dərimdən belə.
    Oday, bar-bəhrini dər indən belə,
    Sevgi bağçasına gözəl dən düşüb.

  • Mehri ƏLİYEVA.”Yaşar qəlbimizdə,şəhidlər ölməz”

    me

    (20-yanvar şəhidi,
    Ülvi Bünyadzadəyə)

    Şəhidlik zirvəsin tutan igidlər.
    Yaşar qəlbimizdə,şəhidlər ölməz.
    Ana oğul doğub,vətən dedilər.
    İgidlik qəlbdədi,üzdə görünməz.
    Yaşar qəlbimizdə,şəhidlər ölməz.

    Gecədə,gündüzdə siz bizimləsiz.
    Nə qədər dünya var,ürəklərdəsiz.
    Müqəddəs torpağa siz ömür verdiz.
    Sizsiz elin qəlbi bil ki,döyünməz.
    Yaşar qəlbimizdə,şəhidlər ölməz.

    Töküldü qanınız torpaq üstünə.
    Qələnfil düzürlər,şəhid büstünə.
    Gizlənmədiz,səs verdiz el səsinə.
    Gözdən yaş axarsa,axar, silinməz
    Yaşar qəlbimizdə,şəhidlər ölməz.

    Analar fəxriylə sizi ağlayar.
    Həmişə göz gəzib,sizi axtarar.
    Sinə daşınızda məşəllər yanar.
    O məşəl ki,yanar,heç bir vaxt sönməz.
    Yaşar qəlbimizdə,şəhidlər ölməz.

    Mehri şəhid olsa,elin yolunda.
    Yanar bu vətənin,yanar odunda.
    İstər,dəfn olunsun vətən qoynunda.
    Vətənə uzanan əllərin çəkməz.
    Yaşar qəlbimizdə,şəhidlər ölməz.

    Kiyev 24-11-2014

  • Mehri ƏLİYEVA”Qürbətdə ölməkdən qorxuram yaman”

    me

    Gecələr vahimə gəlir üstümə,
    Qürbətdə ölməkdən qorxuram yaman.
    Yuxuda getməyir yaşlı gözümə,
    Vətənsiz qəribəm,dağları duman,
    Qürbətdə ölməkdən qorxuram yaman.

    Gözlərim axtarır qoca dağları,
    Həyat dara çəkdi bu insanları,
    Unutduq vətəni,bu torpaqları.
    Dənizdə fırlanan bir burulğanam.
    Qürbətdə ölməkdən qorxuram yaman.

    Vətən ayrı düşdü öz balasından,
    Qarabağ torpağı öz dünyasından.
    Sağalmaz ürəyim belə yaradan,
    Tapmıram,yarama gəzsəmdə dərman,
    Qürbətdə ölməkdən qorxuram yaman.

    Gözüm ağlar,dilim sızlayan sazdı,
    Elimi-obamı yağı apardı,
    Qaraca çobanda haya çatmadı.
    Meydanda tək qalan,sanki Qazanam,
    Qürbətdə ölməkdən qorxuram yaman.

    Mehri deyər,el olubdu həsrətim,
    Gəldiyim yollara baxır gözlərim,
    Xəstəyəm,titrəyir yaman əllərim.
    Bu yataqdan bilməm durub,durmaram,
    Qürbətdə ölməkdən qorxuram yaman.

    Kiyev 06-03-2015

  • Mehri ƏLİYEVA.”Bağışlama bizi,ay qoca dağlar”

    me

    Yarana biz məlhəm ola bilmədik,
    Bağışlama bizi,ay qoca dağlar.
    Sənin çağrışına gələ bilmədik,
    Göynədi sinəmdə yenə yaralar,
    Bağışlama bizi,ay qoca dağlar.

    Hər qayan,hər daşın bir səngər oldu,
    Dərələr çaqqalla,tülküylə doldu,
    Görən nə gözləyir bizim bu ordu?
    Komandan əmrini gözlər oğullar,
    Bağışlama bizi,ay qoca dağlar.

    Daşına baş əyib səni öpməsək,
    Sənə çatmaq üçün biz sürünməsək,
    Üç rəngli bayraqla ora girməsək.
    Bizi bağışlamaz,gorgah,məzarlar,
    Bağışlama bizi,ay qoca dağlar.

    Əlvan çiçəyinə düşmən toxunur,
    Buz bulaqda düşmənlərin kef qurur,
    Sinən üstə düşmən lenti oxunur.
    Sağalmazdı ürəyimdə yaralar,
    Bağışlama bizi,ay qoca dağlar.

    Mehri qərib olub,illərdi səndən,
    Axı illər getdi,bizim ömürdən,
    Nə qədər gen gəzək,doğma vətəndən?
    Dil açıb dillənir,qərib məzarlar,
    Bağışlama bizi,ay qoca dağlar.

    Kiyev 13-05-2015

  • Xalq şairi Nəriman Həsənzadənin “Seçmə şeirləri” işıq üzü görüb

    n

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının “Xalq şairi”, Əməkdar incəsənət xadimi, şair-dramaturq Nəriman Həsənzadənin “Seçmə şeirləri” Bakı şəhərində, “Kitabklubu” nəşriyyatı tərəfindən 400 səhifə həcmində, 100 tirajla çap olunub.Kitab müəllif illərdə işıq üzü görən kitabları əsasında tərtib olunub.
    Qeyd edək ki, bundan öncə Xalq şairi Nəriman Həsənzadənin Bakı şəhərində, “Prometey” nəşriyyatı tərəfindən 7 cildlik “Seçilmiş əsərləri” işıq üzü görmüşdü.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Xalq şairi Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” kitabı işıq üzü görüb

    c

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının “Xalq şairi”, Əməkdar incəsənət xadimi, şair Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” kitabı Bakı şəhərində, “Kitabklubu” nəşriyyatı tərəfindən 432 səhifə həcmində, 100 tirajla çap olunub.
    Kitaba müəllifin müxtəlif illərdə qələmindən çıxan şeirlər daxil edilib.
    Qeyd edək ki, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına uyğun olaraq, nəşr olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.Respublika ərazisində fəaliyyət göstərən həm orta, həm də ali təhsil müəssisələrinin kitabxanalarına hədiyyə edilmişdi.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Xalq şairi Xəlil Rza Ulutürkün “Seçmələr” kitabı işıq üzü görüb

    x

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının “Xalq şairi”, Əməkdar incəsənət xadimi, şair Xəlil Rza Ulutürkün “Seçmələr” kitabı Bakı şəhərində, “Kitabklubu” nəşriyyatı tərəfindən 440 səhifə həcmində, 100 tirajla çap olunub.Kitaba müəllifin müxtəlif illərdə, o cümlədən Lefortovo zindan həyatının mühüm tarixçəsi ilə bağlı şeirlər yer alıb.
    Qeyd edək ki, bundan öncə Azərbaycanın azadlıq mübarizəsinin ön cərgələrində gedən Xalq şairi Xəlil Rza Ulutürkün müxtəlif illərdə “Seçilmiş əsərləri” işıq üzü görmüşdü.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”