GƏTİRİB ŞƏHƏRDƏ İTİRDİK KƏNDİ

Qaldı uzaqlarda dağ çiçəkləri,
Nurlu ağsaqqalı, ağbirçəkləri,
Soldu pəncərədə gül dibçəkləri,
Açılan səhərdə itirdik kəndi.

Şirin ləhçəsindən, şirin dilindən,
Aşığın sözündən, sazın telindən,
Göylərə kişnəyən atın belindən
Alınan yəhərdə itirdik kəndi.

Biri qarlı qışda, biri baharda,
Tövşüyə-tövşüyə gələn qatarda,
Biri cırıq qaloş, nimdaş paltarda,
Hərə bir təhərdə itirdik kəndi.

Bir nağılmış kimi baxdıq həyata,
Babalardan qalan bu amanata,
Bir qarın çörəyə, beş-üç manata,
Gətirib şəhərdə itirdik kəndi.
11.12.2015

TAPA BİLMƏDİM BU ŞƏHƏRİN UCUNU

Tapa bilmədim
Bu şəhərin ucunu,
Çıxıb gedərdim.
Hara gedirəm
Cin-şeytanlar tapır məni.
Bu şəhər at kimi
Çapır məni.

Köhnə nağıldayam,
Köhnə ağıldayam,
Gəlmişəm Bayıldayam,
Dəli küləklər
Çapır məni.

Od tutub yanır sular,
Qabarıb sinəsi Xəzərin,
Sahilə dalğalar gəlir.
Otuz iki dənizçini
Udub Xəzər,
Sahilə sağ qalanlar gəlir…

Tapa bilmədim
Bu şəhərin ucunu,
Hələ də burdayam.
Göz gözü görmür tüstüdən,
Xəzərin yanıq iyi gəlir araqdan,
Bakıda bardayam.

Yaxşı ki, kefliyik,
Həmişə bar olsun, Vətən.
Göz yaşımı qəbul eylə,
Başın sağ olsun, Vətən.

10.12.2015