12091354_1653537131524991_3860076084131834097_o

TÜRKÜM DEYƏNƏ

Türkün monoloqu

Daşım, torpağım ulu,
Tarixim zəfər dolu.
Yolum Oğuz, Hun yolu,
Qüdrətli millətim var.

Təkbir, duam dilimdə,
Doğuldum at belində.
Akınların selində,
Sarsılmaz heyrətim var.

Oxudum “Mehtər marşı”,
Silkələdim dağ, daşı.
Qazandım hər savaşı,
Yenilməz qüvvətim var.

Inancım Quran, azan,
Həm qəhrəman, həm ozan.
Qılıncla tarix yazan,
Müqəddəs xilqətim var.

Mövlam bəxş edib mənə,
Dovran,- busat, təntənə.
“…Mutlu türküm deyənə!”
Şanım var, şöhrətim var.

31.12.2015.

GÖZLƏ YOLUMU

Gəzdir ömür boyu gözündə məni,
Xatırla hər kəlmə, sözündə məni,
Axtarsan taparsan közündə məni,
Acı göz yaşların yağış, dolumu?
Gözlə yolumu!

Bəzəyik hər zaman nəğməyə, saza,
Kədərlər, ələmlər bənzər payıza,
Bahar çiçəyitək möhtacıq yaza,
Aramızda bitən hicran kolumu?
Gözlə yolumu!

Dumanlar dağların gerçək xəyalı,
Enib qərq eyləyib gədiyi, yalı,
Qayalar cəngavər, güllər həyalı,
Tutub əllərimdən çəkmir qolunu,
Gözlə yolumu!

Sevincim qalibdir qolları bağlı,
Ümidim can verir yolları bağlı,
Gəl, qoyma eşqini sinəsi dağlı,
Getdiyin yol gülüm vüsal yolumu?
Gözlə yolumu!

30.12.2015.