Category: Azərbaycan ədəbiyyatı

  • Xalq şairi Zəlimxan YAQUB.”Özün yazdın hər qisməti”

    Bu öy mənim öyüm deyil,
    Özünsən öyün sahibi.
    Tikən də sən, yıxan da sən,
    Bu kəndin, köyün sahibi.

    Oddan eşqin, nurdan üzün,
    Tərəfisən haqqın, düzün.
    Quranın, kitabın, sözün,
    Əlifin, beyin sahibi.

    Sümüyə bürüdün əti,
    Özün yazdın hər qisməti.
    Dizimdən alma qüvvəti,
    Dizimdə heyin sahibi.

    Qara bəxtim, qaraçuxam,
    Sənin əlin, mənim yaxam.
    Mən kiməm ki, şərik çıxam?
    Sənsən hər şeyin sahibi.

    Gecə-gündüz çəkər ahı,
    Zəlimxandır dərdin şahı.
    Bağışla, varsa günahı,
    Ey yerin-göyün sahibi!

    30 iyul 2004

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Yağma, yağış”

    Hacıbaba Həsənov bəstələmişdir

    Göylər çənə büründükcə
    Ürəyimi bürüyür qəm.
    Yağma, yağış, yağma, yağış,
    Mən görüşə tələsirəm.

    Mənim şirin sevincimə
    Acı zəhər sən qatma gəl.
    Göy çəməndə yol gözləyən
    Sevgilimi islatma gəl.

    Pəncərəmə hicran yazır
    Damcıların naxış-naxış.
    Mən görüşə tələsirəm
    Yağma, yağış, yağma, yağış,

    Ürəyini boşaltmasın
    Bu gün göylər insan kimi,
    Mən ki, açmaq istəyirəm
    Sevgilimə ürəyimi.

    Yağsan da mən gedəcəyəm.
    Görüşəndə yağışda biz.
    Üstümüzdə açılacaq
    Çətir kimi öz eşqimiz.

    1953

  • Xalq şairi Mirvarid DİLBAZİ.Seçmə şeirlər

    Gəlin gəlir

    Toylarımızın bəzəyi olan “Evimizə gəlin gəlir” mahnısı çox gözəldi. Bu şeiri Mirvarid Dilbazi bacısıoğlu Vəfa Quluzudənin toy günü üçün yazlbmış. Ruhları şad olsun.

    EVimizə gəlin gəlir,
    Sığallayıb telin gəlir,
    Görüşünə elin gəlir,
    Çıraqları gur yandıraq.
    Aşıqlar çalsın sazları,
    Rəqs eləsin el qızları,
    Qoy dolansın təzə ayın,
    Başına yer ulduzları.
    Evə sevinc, fərəh gəlir,
    Çəmənlərdən çiçək gəlir,
    Bir işıqlı ürək gəlir,
    Məşəlləri odlandıraq.
    Sağ əli qızlar başına,
    İncilər, nazlar başına.
    Oxşayır tovuz quşuna,
    Evləri işıqlandıraq.
    İki qonçə cavan gəlir,
    Gül yanında reyhan gəlir,
    Şümşadboylu oğlan gəlir,
    Bu oğlanı şadlandıraq.
    Bəzəyib şamlar əlini,
    Asta gətir bəy gəlini,
    Azərbaycan gözəlini
    Nurlu çıraq adlandıraq.

    Ana

    Əziz anam, can anam,
    Mənim mehriban anam
    Arzum budur hər səhər
    Səndən əvvəl oyanam.
    Gecələr oyaq anam,
    Ömrümə dayaq anam,
    İstərəm tez böyüyüb,
    Qulluğunda dayanım.

    Atam

    Atam evə gələndə,
    Elə bil ki, nur saçır,
    Anamın çöhrəsində,
    Təbəssüm çiçək açır.
    Gülür qardaşım,bacım,
    Sevinir babam,nənəm,
    Atam işdən gələndə,
    Ən çox sevinən mənəm

    Nənəm

    Nənəmi çox sevirəm,
    Dəyməyirəm xətrinə.
    Heyran qalmışam onun,
    Saçlarının ətrinə.
    O, mənə söhbət açır,
    Yurdun igidlərindən.
    Dilində nağıllaşan
    Vətən igidlərindən.

    Babam

    Yaman sevirəm,
    Babamı yaman.
    Ayrılmaram mən
    Ondan bircə an.
    Sözü -söhbəti
    Şəkərdir, şəkər.
    Belə babadan
    De, kim əl çəkər.

  • Xalq şairi Hüseyn ARİF.”İnciyərəm mən”

    Yaz fəsli çəməndə üzün gülməsə,
    Hər güldən, çiçəkdən inciyərəm mən.
    Azca yanağının rəngi dəyişsə,
    Bu çəndən, çisəkdən inciyərəm mən.

    Dolan, gəz elləri cavan yaşında,
    Yanında cəm olsun yar-yoldaşın da.
    Dağılsa, tellərin bulaq başında,
    Dağlarda küləkdən inciyərəm mən.

    Həm sevinc görmüşəm yolunda, həm qəm,
    Yaz dəfə dəyişib hökmünü aləm.
    Arabir yanılıb xətrinə dəysəm,
    Sinəmdə ürəkdən inciyərəm mən.

  • Xalq şairi Osman SARIVƏLLİ.”Olar”

    (Bir məktuba cavab)

    Elə demə, qan ağlaram, sevgilim,
    Yadlar mənə gülər, sənə ar olar.
    Duman qopar, alov çıxar başımdan,
    Nəmli gözlərimdə dünya dar olar.

    Bir addım yanımdan ayrı düşərkən,
    Mənə dağ çəkirsən hər yazanda sən.
    Bağlıdır qəlbinə qəlbim əzəldən,
    Könüllər bir olsa, etibar olar.

    Daş deyil hicranı duymaya, insan,
    Gəlir xəyalıma xəyalın hər an,
    Öz könül dostundan, öz sirdaşından,
    Canan vəfa görsə, vəfadar olar.

    Qəlbimi satmadım mən hər yetənə,
    İlqarım, peymanım möhkəmdir yenə.
    Özgə nəyim vardır vəd edim sənə-
    Şairin dövləti bir ilqar olar.

    Yalta, may, 1939.

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Unut, unut daha vaxtdır”

    Unut, unut daha vaxtdır,
    Vaxtın özü qara baxtdır,
    Əsir külək, ötür ömür,
    Həyat gülür, ölüm gülür,
    İnsan gülür, aləm gülür
    Özünü dərdə atana
    Kədərə, qəmə batana …
    Gülə-gülə çıx dünyaya,
    Sevin, şadlan yana-yana,
    Camaat bir yana dursun,
    Yazığın gəlsin anana…
    İndi ağla gülə-gülə,
    İndi yaşa bilə-bilə…
    Ancaq gülüb sevinməkçin
    Bir ümiddən, bir şeirdən,
    Bir də ki, Şopendən qalan
    Musiqidən uzaq dolan…

  • Xalq şairi Səməd VURĞUN.”Dünya”

    Buludlar dağılır uzaqda lay-lay,
    Yenə öz yerində yuvarlanır ay,
    Fəqət nə Cəlal var, nə də ki, Humay,
    Nə ömrə acıyır, nə yaşa, dünya.

    Ulduzlar havanın bağrını dəlir,
    Qayalı dağlardan duman yüksəlir,
    Xəyalım gecəni salama gəlir,
    Çapdırır atını birbaşa dünya.

    Ellərə baxıram bağçalı, bağlı,
    Göylərə baxıram qapısı bağlı,
    Kainat ixtiyar, sirli, soraqlı,
    Əzəldən yaranıb tamaşa dünya.

    Bir də görürsən ki,açılan solur,
    Düşünən bir beyin bir torpaq olur.
    Bir yandan boşalır, bir yandan dolur,
    Sirrini verməyir sirdaşa dünya.

    Əzəldən belədir, çünki kainat,
    Cahan daimidir, ömur amanat.
    Əldən-ələ keçir vəfasız həyat.
    Biz gəldi-gedərik, sən yaşa dünya!

  • Rafiq ODAY.”Arzum sülh adında göyərçin oldu”

    Göyər, ümid payım, göyər, çin oldu,
    ALP ƏR gerçək oldu, GÖY ƏR çin oldu.
    Arzum sülh adında göyərçin oldu,
    Qondu Sumqayıtın sinəsi üstə.

    Çəkəndən üstündən Quzey əlini,
    Əritdi şəhərim buz heykəlini.
    Neçə ərən oğul öz heykəlini,
    Yondu Sumqayıtın sinəsi üstə.

    Baxıb qibtə edir indi “o yanlar”, –
    Bir vaxt ayağının altın oyanlar…
    Heyrətdən – ilk dəfə qədəm qoyanlar,
    Dondu Sumqayıtın sinəsi üstə.

    Bacar nazını çək, qoru – evindi,
    Baxdım könlüm güldü, gözüm sevindi.
    Bir vaxt bircə parkı vardısa, indi
    Ondu Sumqayıtın sinəsi üstə.

    Sahilsiz dənizə sevgi limandı,
    Xoşbəxtlik gətirər, sev ki, limandı.
    İnsana, Tanrıya sevgi – imandı,
    Dindi Sumqayıtın sinəsi üstə.

    Sökülən dan, batan gün ah yerisə,
    Dünya düzələrmi günah yerisə?!
    Sən sülh qapısısan, pənah yerisən
    İndi Sumqayıtın sinəsi üstə.

    Göyər, ümid payım, göyər, çin oldu,
    ALP ƏR gerçək oldu, GÖY ƏR çin oldu.
    Arzum sülh adında göyərçin oldu,
    Qondu Sumqayıtın sinəsi üstə.

  • Əziz MUSA.”Yaxşı tanıyıram”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Tapşırır çox zaman quzunu qurda,
    Qoyur çoxlarını bir quru yurdda,
    Bəzən möhtac edir doğmanı yada,
    Yaxşı tanıyıram mən.bu dünyanı.

    Oyundu hər işi, hər bir vərdişi,
    Neçə alçaqları eyləyir “kişi”,
    Namərdlə, alçaqla olmur bir işi,
    Yaxşı tanıyıram mən bu dünyanı,

    Kasıbın gözünün yaçını silmir,
    Haqq deyən kimsənin üzünə gülmür,
    Fağırın, kasıbın üzünə gülmür,
    Yaxşı tanıyıram mən bu dünyanı.

    Gözəl insanların ömrünü kəsir,
    Candan can almağa yaman tələsir,
    Soyuq küləkləri, yelləri əsir,
    Yaxşı tanıyıram mən bu dünyanı,

    Nahaq ayaq tutub yeriyir hələ,
    Hər yolun üstündə qurur bir tələ,
    Bir bəla göndərir hərdən bir elə,
    Yaxşı tanıyıram mən bu dünyanı.

  • Əziz MUSA.”Dünya”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Oturubdu əzəl gündən,
    Çiynimizdə qoşa mələk.
    Bir yanda kəfən asılıb,
    Bir tərəfdə isti bələk.

    Göydən yerə yağmaz daşlar,
    Ağacsız yaşamaz quşlar,
    Yağar göylərdən yağışlar,
    Yüz ölçüb, biçib fələklər.

    Qəribədir düzü həyat,
    Dəvəyə verilməz qanad,
    Göy üzü özü yeddi qat,
    Sevgisiz döyünməz ürək.

    Günəş sönməz ha yansa da,
    Yer dolanır kim dansa da,
    Xəlbir göydə fırlansa da,
    Ömrü hey ələyir ələk.

    İnsan çaşmaz yolu bilsə,
    Dünya gülər, bəşər gülsə,
    Yüz müqəddəs kitab gəlsə,
    Hər şeydən əzizdi çörək.

  • Əziz MUSA.”Toy mahnısı”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    “Vağzalı” çalınır ,kövrəlir ürək,
    Üzlərdə sevinc var, əllərdə çiçək,
    Qaldırın qədəhi, qaldırın içək,
    Bir sevgi nəğməsi oxuyaq, gəlin,
    Qoy qoşa qarısın bəy ilə gəlin.

    Necə bəxtəvərdi sevən, sevilən,
    Hər yana baxırsan sevinən gülən,
    Yığışıb məclisə eşidən , bilən,
    Bir sevgi nəğməsi oxuyaq, gəlin,
    Qoy qoşa qarısın bəy ilə gəlin.

    Xoşbəxtlik diləyək biz cavanlara,
    Qoy tanrı qıymasın heç vaxt onlara,
    Qoşulaq hamımız oynayanlara,
    Bir sevgi nəğməsi oxuyaq, gəlin,
    Qoy qoşa qarısın bəy ilə gəlin.

    Şirin bir nəğmədi hər kəlmə, hər söz,
    Hamı mehribandı hamı gülər üz,
    Bəy qartal baxışlı, gəlin qara göz,
    Bir sevgi mahnısı oxuyaq, gəlin,
    Qoy qoşa qarısın bəy ilə gəlin.

  • Əziz MUSA.”Səhər-səhər çıx qarşıma”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Səhər-səhər çıx qarşıma,
    Ayım, günüm, qəlbim , gözüm,
    Gəl dolanım mən başına,
    Şirin nəğməm, şirin sözüm.

    Günəş kim şəfəq çilə,
    İşığlansın yolum, izim,
    Çıx qarşıma gülə-gülə,
    Gülyanağım, aybənizim,

    Gəlişinlə sevinc gətir,
    Qoy sevinim, fərəhlənim,
    Ürəyimdə çiçək bitir,
    Qanadlansın nəğmələrim,

    Qov hicranı, qov kədəri,
    Yerə-göyə nur yayılsın,
    Ay dünyanın bəxtəvəri,
    Könlüm səndən ilham alsın,

    Gözümün nuru, işığı
    Camalına heyran olum,
    Yerin, göyün yaraşığı,
    Gəlişinə qurban olum.

  • Əziz MUSA.”Gəl bükmə boynunu”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Mən sənin hüsnünə heyran olmuşam,
    O gül camalından ilham almışam,
    Səni düşünürəm mən səhər-axşam,
    Gəl bükmə boynunu, bənövşə kimi

    Sevənlər baxmaz ki vallah heç nəyə,
    Hökm etmək olmaz ki, sevən ürəyə,
    Tələs sevilməyə, tələs sevməyə,
    Gəl bükmə boynunu, bənövşə kimi.

    Gülüm bir nəşməsən, gül çələngisən,
    Verirsən güllərə ətri , rəngi sən,
    Güllərin ən təri, ən qəşəngisən,
    Gəl bükmə boynunu, bənövşə kimi.

    Sevgisiz nə varsa yalandı, yalan,
    Sevgidi həyatda insana qalan,
    Əzizim sevinclə günəşə boylan,
    Gəl bükmə boynunu, bənövçə kimi.

    Üzməsin qəlbini həsrət, intizar,
    Düşüb taleyinə güllü yaz, bahar,
    Sənin mənim kimi bir sevənin var,
    Gəl bükmə boynunu, bənövşə kimi.

  • Kənan AYDINOĞLU.”Yalan söyləmə”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Yurda qonaq olanda,
    Elə yalan söyləmə.
    Torpağını gəzsən də,
    Hələ yalan söyləmə.

    Dağın seyrinə çıxsan,
    Gülə yalan söyləmə.
    Səni dindirsələr də,
    Telə yalan söyləmə.

    Yanıb bir közə dönmüş,
    Külə yalan söyləmə.
    Hərdən elimə əsən,
    Yelə yalan söyləmə.

    Həftəni aldatsan da,
    İlə yalan söyləmə.
    Dağdan uca Muğana,
    Milə yalan söyləmə.

    Səni haqlasa ömür,
    Belə yalan söyləmə.
    Nə atana, anana,
    Lələ, yalan söyləmə.

    Sığallasa telini,
    Yelə yalan söyləmə.
    Dəstə-dəstə düzülsə,
    Lələ yalan söyləmə.

    Sonası qalxıb uçan,
    Gölə yalan söyləmə.
    Mənə yalan desən də,
    Tülə yalan söyləmə.

    9 yanvar, 2009. Sumqayıt.

  • Kənan AYDINOĞLU.”Uzaqdasan bizdən, dağlar!”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Hər tərəfin yamyaşıldı,
    Uzaqdasan bizdən, dağlar!
    Bircə anın içində sən,
    İtirsən hər gözdən, dağlar!

    Bu gün qəmgin görünürsən,
    İnan ki, sən üzdən, dağlar.
    İnciməli deyilsən sən,
    Hər kəlmədən, sözdən, dağlar.

    1 avqust, 2006. Ağstafa

  • Kənan AYDINOĞLU.”Yerindən qalxan deyilsən”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Çatdır xəbəri anama,
    Səni çağırsam yanıma.
    Od vursan sakit canıma,
    Sən mənə baxan deyilsən.

    Kəsməsin sənə quzunu,
    Səpməsin üstə duzunu.
    Xəstə olsam il uzunu,
    Yerindən qalxan deyilsən.

    Bəlkə, qızlardan fərqləndin,
    Gah danışdın, gah dinləndin.
    Bilməm, bəlkə ürəkləndin,
    Könlümə həyan deyilsən.

    Təbiətin yaz, qışında,
    Ömrün on doqquz yaşında,
    Ağrıyan dərdli başımda,
    Sevgimə yanan deyilsən.

    27 yanvar 2009.

  • Kənan AYDINOĞLU.”Düşsə əlinə ilk sevgi”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Düşsə əlinə ilk sevgi,
    Qoyma, o səni haqlaya.
    Sevginə sən sadiq ol ki,
    Qalma ağlaya-ağlaya.

    Ömrünü döndərsə yasa,
    Qollarından tutub qalsa.
    Kədər verib, sevinc alsa,
    Qoyma yolunu bağlaya.

    Şərəflidi təmiz adın,
    Qohumu olma fəryadın.
    Sevgini gərək hər qadın,
    Gözünün üstə saxlaya.

  • Kənan AYDINOĞLU.”Kaş ki, sən deyən olaydı”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Ömrün yarı yollarında,
    Kaş ki, sən deyən olaydı
    Mən deyən heç olmasa da,
    Kaş ki, sən deyən olaydı.

    Səhvlərimi anladım ki,
    Tanrımı heç danmadım ki,
    Öz-özümü danladım ki,
    Kaş ki, sən deyən olaydı.

    Həyat da güləndə üzə,
    Yer verəndə saza, sözə,
    Mən qalxanda dağa, düzə
    Kaş ki, sən deyən olaydı.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    YOLLAR

    “Ömürdən-gündən” – silsiləsindən

    Beşikdən qəbrədək bir məsafədir,
    Insanın ömrünə uzanan yollar.
    Hər yol bir nağıldır, bir əfsanədir,
    Ömrün hər anına, uzanan yollar.

    Yollar var keçilməz, kəsəkli, daşlı,
    Yollar var qaranlıq, dava-dalaşlı.
    Bəzən yol gedərlər gözləri yaşlı,
    Ömrün hər anına, uzanan yollar.

    Istəyə, arzuya zinət, yaraşıq,
    Hər səyyah çıxdığı yoluna aşiq.
    Ərəb saçı kimi olar dolaşıq,
    Ömrün hər anına, uzanan yollar.

    Baxılmaz yolların çınqıl, daşına,
    Əzm edib çatarlar mənzil başına.
    Yolçular qovuşar, dost-sirdaşına,
    Ömrün hər anına, uzanan yollar.

    Bir ucu vətəndir, bir ucu qürbət,
    Bir ucda şəhərdir, digərində kənd.
    Bəzən acı olar, bəzən şəkər, qənd,
    Ömrün hər anına, uzanan yollar.

    Çoxda ki, tufandır, dumandır, qardır,
    Hər kəsin həyatda öz yolu vardır.
    Dövrana hər yolda Allahı yardır,
    Ömrün hər anına, uzanan yollar.

    ZƏMANƏ MƏNİ

    “Ömürdən-gündən silsiləsindən

    Ömrümdə bir tikə haram yemədim,
    Fitnədən ,riyadan libas geymədim.
    Ağ rəngə heç zaman qara demədim,
    Səpsə də vaxt,zaman saçıma dəni-
    Dəyişə bilmədi zəmanə məni.

    Əyrilər kök salıb zalım dünyada,
    Düzlərin qsməti dərd,bəla,qada.
    Tamaha qul olub etmədim xəta,
    Uddum qətrə- qətrə qüssəni,qəmi-
    Dəyişə bilmədi zəmanə məni.

    Çox yağdı gurşadlar, qapandı çatlar,
    Həmzəni gəzdirir indi “Qırat”lar.
    Düzünü yazmasam ürəyim partlar,
    Qara tufanlara gərdim sinəmi-
    Dəyişə bilmədi zəmanə məni.

    Qızılgül yerində qanqal bitsə də,
    Qarğalar bülbültək dil- dil ötsə də,
    Bütün ayıbları pul, var örtsə də,
    Mən düşmən bildim hey haram yeyəni-
    Dəyişə bilmədi zəmanə məni.

    Dövran,- yaşam olar, bəzən dözülməz,
    Həqiqət incələr, amma üzülməz.
    Haqqa könül verən ümidlər ölməz,
    Yaşadım bir ömür Rəbbim verəni-
    Dəyişə bilmədi zəmanə məni.

    AĞDAMSIZ GÜNLƏRİM

    AĞDAMIN İŞĞALINDAN – 26 İL KEÇİR…

    Hər gün ömür kitabımdan,
    Vərəq qopar yurda həsrət.
    Bir şairəm, mən bağrıqan,
    Doğma yurdum, olub qürbət.

    Yazılmasın ömrə, günə,
    Qoy Ağdamsız keçən günlər.
    Həsrət qaldıq toy- düyünə,
    Kolundaca, soldu güllər.

    Qəlb nisgilli, gözlər yolda,
    Qan ağlayır səbr, dözüm.
    Millət perik, el nə halda?
    Qoşa çeşmə, iki gözüm.

    Vətənində yurdsuz qalan,
    Elim, günüm, obam- hey, hey!
    Torpağında yad, yurd salan,
    Gorda dustaq, babam- hey, hey!

    Heç bir röyam, heç bir yuxum,
    Canım,- Ağdamsız olmayır.
    Damaq dadım, iyim, qoxum,
    Anım,-Ağdamsız olmayır.

    Çarəsizəm, baş əyirəm,
    Önündə mən dərd, qəhərin.
    Intizarla gözləyirəm,
    Sədasını son zəfərin…

    YETƏR İÇDİ İSLAM QANIN İSRAİL

    “Düşüncələrim” – silsiləsindən

    Haram olub deyib- gülmək, çal-çağır,
    Xalq pərişan, uşaq-qoca qanbağır.
    Fələstinə bomba yağır, od yağır,
    Yenə içir islam qanın İsrail.

    Pak adları günahkartək hallanır,
    Qəzzə səhri raketlərlə şumlanır.
    Gavur oğlu insaf- mürvət nə qanır?
    Yenə içir islam qanın İsrail.

    Tanınmayır bəlli olan sərhədlər,
    Qanda üzür həm şəhərlər, həm kəndlər.
    Qüsullanır öz qanında cəsədlər,
    Yenə içir islam qanın İsrail.

    Körpə, ahıl, cavan qanı- al lala,
    Nə ev qalıb, nə bir qəsr, nə qala.
    Niyə susur, görən dünya bu hala?
    Yenə içir islam qanın İsrail.

    Yersiz gəlib yerli qaçsın hayana?
    Pak torpaqlar qalıb halay pozana.
    Gözəl Qüds həsrət qalıb azana,
    Yenə içir islam qanın İsrail.

    Allah versin qan tökənin cəzasın,
    Əhli – islam etsin cihad qəzasın.
    Dövran, görək Haqqın- haqlı qisasın,
    Yetər, içdi islam qanın İsrail!.

    HƏLƏ VAXT VAR DEYƏN KƏSİN

    “Ömürdən- gündən” – silsiləsindən

    Hələ vaxt var deyən kəsin,
    Dünya çox çəkdi nazını.
    Fələk qəfil kəsdi səsin,
    Dünən qıldıq namazını.

    Inanmırdı Haqq yazana,
    Rişxənd edərdi azana.
    Çırpınırdı çox qazana,
    Itirdi çoxdan azını.

    Tamah hissi alovlandı,
    Gah itirdi, gah qazandı.
    Imanını, dini dandı,
    Kəsdi nəzir, niyazını.

    Qafil idi, yazıq nadan,
    Enməzdi göydən, fəzadan.
    Qorxmazdı qədər, qəzadan,
    Əcəl sıxdı boğazını.

    Nə görmüşdü pulda, varda?
    Qazandığı qaldı burda.
    Görən necə yatır gorda?
    Bilmir dərin, dayazını.

    Dövran, düşün, daşın sən də,
    Şeir yazıb, söz deyəndə.
    Az yesən də, çox yesən də,
    Yazan yazıb, son yazını…

  • Şairə-publisist Nəcibə İLKİN.”Nişanlı məzar” (Hekayə)

    Adəti üzrə məktəbdən çıxan kimi dayanacağa tərəf tələsdi. Yenə də fikirli idi. Çatılmış qaşlarının tən ortasındakı düyün simasında təbii görünürdü. Kənardan baxan istənilən adam bu qızın çiynində bir dərd yükünü daşıdığını hiss edərdi. Qaldı ki, Rəvana- onu demək olar ki hər gün addım-addım izləyən birinin gözündən bu gizli ah, kədər qaçası deyildi. Qonşu idilər Nərgizlə. Qibtə olunası ziyalı bir ailənin övladı olsa da, bu məsum qonşu qızın həyatı, talehi onu üzürdü. Əlində əlacı olsa idi bütün işlərdə- həm ev, həm dərslərində, ən əsası isə onu üzüb əldən salan, içindən yeyən uşaqlıq illərindən bu günə qədər başına gəlmiş bütün acınacaqlı hallarından xilas olmasına kömək edərdi. Amma necə? Heç yaxınlaşmağa belə cürəti çatmırdı. Qəribə də o idi ki, məhəllədə baş verən müəyyən içtimai söhbətlərdə, bayram günləri ilə əlaqəli olaraq binanın qarşısına yığışan mehriban qonşuların keçirdiyi şənliklərdə ünsiyyətdə olur, ordan-burdan söhbət edirdilər. Kənarda isə ona yaxınlaşmağa çürət etmirdi. Nə desin, nəyi bəhanə edib yaxınlaşsın? “Nərgiz, olar sizi məktəbdən evə qədər ötürüm? Ya da, Nərgiz, bu gün hava yaxşıdı. Mən də inistitutdan tez çıxacağam. Bəlkə dərsdən sonra bir az gəzək? Nərgiz, səndə maraqlı kitablar var? Məndə də kitablar çoxdu. Bəlkə dəyişib növbə ilə oxuyaq, məlumatlanaq dünyadakı hadisələrdən?” Bütün bu suallarla hər gün özünü yorsa da, sonda yenə susaraq qızı kənardan izləmək olurdu qisməti. Evdəkilər də hiss etmişdi onun hərəkətlərindəki dəyişikliyi.
    – Bax hələ, dəridən qabıqdan çıxdı bu uşaq. Gör pəncərədən necə pusur? – gülümsəyərək dedi Məqbulə. Sərdar kişi açıq söz-söhbətləri sevmədiyi üçün ciddi qarşılamışdı onun bu sözlərini. – Burda pis heç nə görmürəm. Evlənən vaxtıdır. Seçimini özü etsin. Belə də ki, Nərgiz də pis qız deyil. Gözümüzün qabağında böyüyüb zavallı. Mən danışaram Yaqubla. Görüm bu işə necə baxır, – təmkinlə cavab vermişdi. Rəvanın gözləri isə qarşı binanın pəncərəsinə zillənib qalmışdı. Bilirdi ki, Nərgiz də onun baxışlarındakı sözü, mənanı anlayır. Amma bu baxışların cavabsız olduğu qorxudurdu onu. Təkcə qızın ailəsindəki ciddi problemlərlə bağlı kədər libasına büründüyünü bildiyi üçün dözürdü. Onu itirmək qorxusu yox idi ürəyində.
    Nərgiz həmişəki kimi dərslərini hazırlayandan sonra mətbəxə keçdi. Bulaşıq qab-qacaqlar sanki sərgidə nümayiş olunacaq halda dayanmışdılar. Atası hələ gəlməmişdi. Kiçik qardaşı və bacısı isə dərsləri ilə məşqul idilər. Anaları bu evi tərk edib getdiyi gündən bəri Nərgiz bütün ev işlərini öz üzərinə götürmüşdü. Ağrı-acınının bütün yükünü çiyninə almış, uşaqların üzülməsini istəmirdi. Atası hər gün səhər evdən gedir, axşam qayıdırdı. Zeynəb ərini, uşaqlarını tərk edib gedən gündən bəri korluq verməmişdi Yaqub evə. Amma mənəvi dayaq ola bilmirdi övladlarına. Heç buna zamanı da çatmırdı. Bir də ki, onun təbiətinə görə əgər evdə soyuducu ağzına qədər dolu idisə, demək hər şey qaydasında idi. Nərgizi isə belə həyat qane etmirdi. Tez-tez atasından gələn zərif qadın ətirlərinin qoxusu, köynəyindəki rəngli dodaq boyalarının izi atasının yaxşı həyat sürməsindən xəbər verirdi. Əvvəllər bu mənzərəli qəbul edə bilmir, otağına çəkilib saatlarla ağlayırdı. Getdikcə adiləşdi hər şey. Böyüdü, yaşından tez kamilləşdi. Atasının da bir insan kimi qayğıya ehtiyacı olduğunu dərk etdi. “Əgər o yad bir qadını gətirib bizə ana etsəydi, bu daha ağır dərd olmazdımı”- deyə düşünəndə təsəlli tapırdı. Yaxşı bilirdi ki, anası qayıtmayacaq. Qayıtsa da yenidən ailənin bir üzvü kimi qəbul olunmayacağını bilirdi. Atasından soruşmağa cəsarəti çatmırdı. Anasının niyə ailəni tərk etiyini, hara getdiyini soruşmağa cəsarəti çatmırdı. Qonşu qadınların pəncərədən küləklə gətirib otağa saldığı söhbət, dedi-qodulardan onun yad bir kişi ilə sevişərək evi tərk etdiyinə isə inana bilmirdi. Hamı kimi o da sevirdi anasını. Gözləri gözlərinin önündən bir an da olsa çəkilmirdi. Gecələr əllərini bacı-qardaşının saçlarına çəkərək qayğını əsirgəmir, sonra təkrar əllərini saçlarına çəkib için-için ağlayırdı. Ana nəvazişinə həsrət qalmaq ən ağır dərddir övladı üçün. Yoxluğu həzm etmək olur gec-tez. Bu yoxluq isə həzm ediləsi deyildi. Məktəbdə ana haqqında şeirlər söylənəndə, inşa yazılanda baxışlarını gizlətməyə yer tapmırdı. Xəcalət çəkirdi. Anasının etdiyi bağışlanmaz səhvin günahını, əzabını yaşayırdı, hər gün ölüb-dirilirdi. Uşaqlıqdan bəri çəkdiyi acılar beynində yüklənib qalmışdı. Bir neçə dəqiqə davam edən güclü baş ağrıları ona düşünməyə imkan vermirdi. Əllərini başına tutub dayanır, bu ağrıların keçib getməyini gözləyirdi. Şiddətli ağrılar keçəndən sonra dərindən nəfəs alırdı. Əvvəllər bu ağrlar beş-on dəqiqə davam edirdisə, getdikcə dəqiqələrin sayı da çoxalmış, onu narahat etməyə başlamışdı. Gün ərzinə damarlarında dövr edən qanın beynində bir neçə dəfə ilişib qaldığını, yubandığını açıq-aydın hiss edirdi. Nə vaxtsa anası ilə qovuşacağı günü, bu ağrıların da keçib gedəcəyini gözləyirdi.
    -Salam Nərgiz, – axşam anası ilə söhbətdən sonra güc toplayıb yaxınlaşdı qıza Rəvan. Nərgiz dönüb baxsa da üzündəki ifadə dəyişmədi. Dilucu salam verdi.
    – Bilirəm ki, indi dediklərim əhvalını heç də dəyişməyəcək. Amma deməyim məsləhətdi. Bilirsən ki…
    – Nə? Nəyi bilməliyəm? Məndən xoşun gəldiyini? Mənimlə əylənmək istədiyini? Mən heç kəsi bu fürsətdən istifadə etməyə qoymaram. Başa düşürsən? İmkan vermərəm. Axı anamın həyatının mənum həyatım ilə nə əlaqəsi? Ölüb! Ölüb o insan. Yoxdu. Anlayırsız, – ixtiyarsız bir sözə bənd imiş kim çığırdı qız. Rəvan söz tapa bilmədi. Onun dedikləri isə cəsarət verdi oğlana.
    – Sən nə danışırsan? Bu nə söhbətdi? Gözləməzdim səndən. Səni ağır düşüncəli bir qız bilirdim. Yaxınlaşmaqda isə pis heç nə görmürəm. Onu da qeyd edim ki, sən düzgün düşünmürsən.
    – Bu söhbətləri saxla tələbə dostlarınla edərsən. Dərsə geçikirəm. Bağışla,- deyib uzaqlaşdı. Rəvanın arxadan dediyi sözlər qulağında cingildədi.
    – Anamla atam axşam sizə gələcək.
    Axşam döyülən qapının arxasında onun valideyinlərini görən qız işin ciddiliyini bildi. Hörmət xatirinə yaxşı qarşıladı onları. Az keçmiş atası da gəldi. Bir saat davam edən söhbətdən sonra mehriban qonşular xoş davranışla sağollaşdılar. İndi atasının otağa gəlib ona deyəcəklərini gözləyirdi. Elə də oldu.
    -Axı mən indi o halda deyiləm, ata. Həm də məktəbi bitirməmişəm. Bir az vaxt ver onlara. Bu barədə bir az düşünməliyəm, – çəkinmədən dedi.
    -Bu təbiidir. Sən gec-tez ailə qurmalısan. Rəvan yaxşı oğlandı. Səni qayğıdan kənarda saxlamaz. Əminəm buna,- yazıq görkəm aldı Yaqub. Sevinmiş olsa da gözlərindəki kədəri gizlədə bilmədi.
    -Yaxşı, bir söz demirəm. Amma, o gəsin. Sonra… – sözünü bitirmədən ağladı.
    -O, gəlməyəcək. Gəlsə də mən qəbul etməyəcəm. Bu qədər. Gecən xeyrə qalsın.
    Nərgiz bilirdi anası gəlməyəcək. Ondan heç bir xəbər olmasa da sağ olduğuna əminlik var idi içində. Onun geri- ailəyə dönəcəyi günü gözləyirdi. Otağına keçib pəncərəni açdı. Hava qəbul etmək istədi. Gözləri yenə də Rəvanın baxışları ilə toqquşdu. Dərhal pəncərəni bağlayıb, pərdəni çəkdi. Yenə şiddətli ağrı ilə baş-başa qaldı. “Yox, belə olmaz. Atama ağrılarım barədə nə isə deməliyəm. Niyə? Axı niyə deyim? Bilsə dərhal məni həkimə aparacaq. Mən isə istəmirəm, istəmirəm. Yaşamaq istəmirəm” pıçıldayaraq üzü üstə yatağa uzanıb ağladı.
    Son zəng tədbiri bitəndən bir neçə gün sonra Nərgizə nişan taxıldı. Qara buludlar bu nişan şamlarının şölələri ilə birgə ailənin başı üzərindən uzaqlaşdı. Qonşular ehtiramla hal-əhval tutur, əvvəlki günlərə nisbətən xoş davranırdılar. Ayağı üzülmüş qohumların da ayaq izləri tanış evin otaqlarında göründü. Toya hazırlaq gedir, ailə məsələləri müzakirə olunurdu. Nərgiz bu bir neçə gündə dəyişmiş- elə bil böyümüş, daha da gözəllşmişdi. Övladlarının acısını çəkən, hər gecə onların gələcək həyatı barədə narahat olub düşünən Yaqubun da qırışları açılmışdı. Rəvan tez-tez Nərgizlə birgə gəzintiyə çıxır, xoş anlar yaşayırdılar. Sevdiyi insanı bir an da olsa qayğıdan kənarda saxlamırdı. Onu ömrü boyu sevəcəyinə, anasız keçirdiyi o acı günləri unutduracağıa qıza söz vermişdi. Nərgizin ağrıları isə üzə çıxmağa başladı. Rəvan bunun yaxşı bir əlamət olmadığını duyub qızın tez-tez özündən getməsini evdə danışdı. Böyük qanqaraçılığa səbəb oldu müzakirələr. Söz-söhbət Yaquba çatanda isə ailənin sorağı klinikadan gəldi. Nərgiz ciddi həkim nəzarəti altınla saxlanılmalı, güclü müalicə olunmalı idi. Bir səhər isə həkimin qoyduğu diaqnoz ailənin bütün xoşbəxtliyinə son qoydu.
    -Onsuz da öləcək. Bunu bilə-bilə qızın ürəyinə xal salmayaq. Qoy son saatlarını xoşbəxt yaşasın barı, – kövrələrək dedi Sərdar.
    Nərgizdən başqa hər kəs onun bu ağır xəstəliyinin adını bilirdi. Rəvanın özündən çox bu bəxtsiz sevgilisinə ürəyi yanırdı. Tale onun ilk məhəbbət arzusunu ürəyində boğdu. Qızın yanından bir an belə çəkilmir, onu ümüdləndirirdi. Son günlər isə Nərgiz heç nə danışmır, nə baxışları, nə də hərəkətləri ilə heç bir reaksiya vermirdi. Ancaq bir nöqtəyə baxb axtarır, axtarır, onu cavan ikən dərdə salan insanı arzulayırdı. Bu arzu ilə də Rəvanın qolları arasında həyatını itirdi.
    Toya hazırlaşan bütün qohumlar dəfndə iştirak etdi. Nərgizi gül-çiçək dəstəlri ilə torpağın qoynuna gəlin köçürdülər.
    Rəvan uzun müddət özünə qapandı. Sevdiyi insanın yoxluğunu həzm edə bilmirdi. Onun istəyi ilə Nərgizin qara mərmərdən olan baş daşına “Nişanlı məzar. Nişanlısı Rəvandan əbədi xatirə” sözlərini həkk edildi. Tez-tez gəlib məzarı ziyarət edir, göz yaşı axıdaraq təskinlik tapırdı. Bu qara mərmər Yaqubun və Rəvanın baxışlarının əksini özündə saxlamışdı. Doğmaları gələndə elə bil mərmərdən boylanan şəkil gülümsəyirdi, məmnun idi. Bu baxışlara bir çüt göz də qoşulmuşdu. Hamıdan xəlvət qızının məzarını seyr edən, peşimançılıq içində yanb, qovrulan, hisslərinin qurbanına çevrilmiş Zeynəbin baxışları idi. İndi Nərgiz çox rahat uyuyurdu. Anasının isti göz yaşları qəbrinin üstünə axdıqca ruhu sevinirdi.
    Son

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    SÖZÜN DÜZÜ

    Səhrada iz tez itir,
    Sözü çəkmə səhraya,
    Elə danış, elə din,
    Gəlim çatım haraya.

    Sözün işığına çıx,
    Azı çoxdan abırlı,
    Söz var saçı ağarıb,
    Söz barlı-baharlı.

    Söz var qaraqabaqdı,
    Söz var göylərdə süzür,
    Təbəssüm yaxşı şeydi,
    Naz var ki, ürək üzür.

    Söz var dili dondurur,
    Söz var alovdu, oddu,
    Söz var ipəkdən incə,
    Söz də var üzü coddu,

    Yovşan ətri gələn söz,
    Oda, ocağa çəkir,
    Söz də var kəklik kimi,
    Çəməndə, düzdə səkir.

    Mən deyim, siz eşidin,
    Hər sözüm ürək sözü,
    Bircə onu bilirəm,
    Gözəldi sözün düzü.

    MƏN

    Mən sevgi, məhəbbət nəğməkarıyam,
    Sevib, sevilənlər anlayar məni.
    Sözdən şirə şəkən bal arısıyam,
    Gəzib, dolaşıram çölü, çəməni.

    Əzəldən gözəllik aşiqiyəm mən,
    Nəğmələr qoşuram gülə, çiçəyə,
    Dözüm öyrənmişəm yanıq Kərəmdən,
    Mən könül vermişəm qəlbi göyçəyə.

    Sevgiylə bəzənib könül sarayım,
    Qəlbim gül-çiçəkdən zövq alır hər an.
    Bir nur çələngidir günəşim , ayım,
    Bülbülə dönüəm söküləndə dan,

    Əhdimə, sözümə vəfalıyam mən,
    Eşqin yolçusuyam illərdən bəri,
    Tanrım hər bir zaman tutur əlimdən,
    Çıxsa da qarşıma dərdin betəri.

    Sevgiylə yoğrulub hər kəlməm, sözüm,
    Dözüm yiyəsiyəm, səbr yiyəsi,
    Vallah gözəllikdən doymayır gözüm,
    Sevgidi qəlbimin ilham pərisi.

  • Kənan AYDINOĞLU.Yeni şeirlər

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    GƏLİR

    “Kim bilmir, mən səni seçmişəm axı,
    Beş deyil, on deyil, yüzlər içində”.
    Nəriman Rüstəm.

    Yenə səsləyirəm səni uzaqdan,
    Buraya-yaxına gələnim gəlir.
    Bürüyüb obanı işığa, nura,
    Şadlanıb, sevinib, gülənim gəlir.

    Baxanda həsrətlə o nazik telə,
    Atıb qədəmini obaya, elə.
    Bu ömrün ən soyuq qışında belə,
    Sevginin qədrini bilənim gəlir.

    Səhər açılanda gəzəndə kölgə,
    Gözünü açanda bu böyük ölkə.
    Dərdini söyləyən günəşlə birgə,
    Gözünün yaşını silənim gəlir.

    HƏMİŞƏ

    Yanaqdan süzülən təbib gülüşün,
    Dediyin hər sözün baldı həmişə.
    Necə də gözəlsən qızlar içində,
    Boynunda sallanan şaldı həmişə.

    Dedin ki, igidlər gedin döyüşün,
    Yadıam düşəndə sənin görüşün.
    Güldən-çiçəkdən də incə gülüşün,
    Məni bu könlümü aldı həmişə.

    Dərdin çarəsini açanda kitab,
    Şükür, çətinliyə gətirmişəm tab.
    İllərlə çəkdiyin həsrət, iztirab,
    Mənim bu canımda qaldı həmişə.

  • Əziz MUSA.”Vaxt”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Hər an ömrümüzdən ötüşüb keçir,
    Dönür xatirəyə hər ötüşən gün.
    Zaman ömrümüzü doğrayır, biçir,
    Tələsin insanlar yaxşılıq üçün.

    Vaxt, zaman məlhəmdi hər bir yaraya,
    Budaqdan meyvəni zaman qoparır,
    Vaxt baxmır sevincə, haya, haraya,
    Hər şeyi qoynuna alıb aparır.

    Nağıllar danışır bizə hər gecə,
    Yorulmaz yolçu tək yolunu gedir.
    Hər gün başımızı qatır beləcə,
    Elə fələklər də bildiyin edir.

    Gərək yaxşı bilək vaxtın qədrini,
    Vaxt bir çay kimi axır, dayanmır,
    Zaman yaxşı bilir öz qədərini,
    Səbəbsiz Ay batmır, Günəş də yanmır.

    Gecə də gündüz də vaxtında gəlir,
    Yer heç vaxt Yer oxundan kənara çıxmır,
    Tale də, qismət də göylərdən gəlir,
    Vaxt ötüşüb keçir, heç nəyə baxmır.

  • Əziz MUSA.”Gəldin”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Elə ki, ömrümə, günümə gəldin,
    Eşqinin oduna ruhum alışdı,
    Qəlbimə, könlümə hakim kəsildin,
    Sevincim , istəyim başımdan aşdı.

    Mən səni görəndən ey nazlı pəri,
    Sən oldun dilimdə ən şirin sözüm,
    Açıldı ömrümün təzə səhəri,
    Çəməndən, çiçəkdən çəkildi gözüm.

    Gözündən gözümü çəkə bilmirəm,
    Bəxtimin günəşi nur saçır indi,
    Sən varsan qəlbimdən çəkilib dərd, qəm,
    Tay elə bilirəm yer, göy mənimdi,

  • Əziz MUSA.”Sevgidən o yana”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ürəklər alışıb yansın odlara,
    Məhəbbət deyilmir hər sevdalara,
    Nəqmə qoşulacaq təzə adlara,
    Sevgidən o yana, yalandı dünya.

    Axı hər yanana Kərəm demrilər,
    Sevgiyə bağlıdı bütün ömürlər,
    Ürəyə, sevgiyə olmur əmrlər,
    Sevgidən o yana, yalandı dünya.

    Dünyanın hər üzü sevgidi elə,
    Məcnunlar, leylilər düşübdü dilə,
    Sevgi dastanları bitməyib hələ,
    Sevgidən o yana, yalandı dünya.

    Sevgiylə yaranıb dünya özü də,
    Sevgiylə sınayır Tanrı bizi də,
    Eşq olub göyləin əzəl sözü də,
    Sevgidən o yana, yalandı dünya.

    Nəni qınamayın eşq üçün barı,
    Ürəkdən istəyə gərək yar yarı,
    Məhəbbət yox isə neynirəm varı,
    Sevgidən o yana, yalandı dünya.

  • İradə AYTEL.”Qara qız”

    Bəxtinə rəngin düşdü,
    A bəxtəvər olanım!
    Hanı baharın, qışdı?
    Dərdi gövhər olanım!
    Bu yaz səninki deyil,
    Bu qız dünənki deyil,
    Çək yazını dara qız,
    Qara qız, ay qara qız!

    Hanı şirin nağılın,
    Hanı balın, noğulun?
    Tələ qurdu yığvalın,
    Düşdün tara, tora, qız,
    Qara qız, ay qara qız!

    Gəlinlik libasını
    Gözüyolda saçların
    Geyindikcə öyün, qız,
    Üzündəki naxışlar
    Xınasıdı dərdinin
    Bəzəyinə söyün, qız.
    Şana götür əlinə,
    Göynək bağla belinə,
    “Telini yan dara, qız!”
    Qara qız, ay qara qız!

  • İradə AYTEL.”Oldun”

    Elə yaddın, elə uzaq,
    Yaxın oldun… yaxın oldun.
    Həsrətinlə ilmələnən
    Qorxum oldun… qorxum oldun.

    Ha gizlətsəm ürəyimdə,
    Səni gəzdim hər deyimdə.
    Od qaladın kürəyimdə
    Ahım oldun… ahım oldun!

    Yurdsuz nəfəs, cansız bədən,
    Nə sən varsan, nədə ki mən…
    Yuvasınnan çıxıb gedən,
    Ruhum oldun… ruhum oldun!

  • İradə AYTEL.”Sən mənim alım yazım”

    Sənnən xəbər gözlədim,
    Kipriyə qaş düşəndə.
    Quru-quru alışdım
    Araya yaş düşəndə.

    Oxunnan çıxıb yayım,
    Oxuma! Yatıb toyum!
    Ətaydı buta payım,
    Yuxuma daş düşəndə.

    Bu nə tale, nə yazı,
    A baharım, ayazım?
    Sən mənim alın yazım
    Alnıma qış düşəndə!

  • Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”Yetim uşaq”

    Öz doğma diyarında çəkdin nələr, ey yetim,
    Ayaqyalın, başaçıq, ac, dərbədər, ey yetim.
    Axan göz yaşın kimi niyə qiymətsiz oldun,
    Açılmamış qönçəsən, niyə gül kimi soldun?
    Qəminlə ürəyimi gəl, dağlama, ey yetim,
    Həsrətli göz yaşımsan, sən ağlama, ey yetim!

    Bağbansız sütül ağac, yandım sənin halına,
    Necə dözüm bu acı, dözülməz əhvalına?
    Dinlədim ürəyinin kədər, qəm nəvasını,
    Günahkar millətindir, sən çəkdin cəzasını.
    Məktəb sənin dərdinə eylər əlac, ey yetim,
    Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

    Ölkən düşünsə idi sənin səadətini,
    Duya bilsəydi elmə tükənməz rəğbətini,
    Əl açıb dilənməzdin, bu böyük hümmətinlə,
    Yandırmazdın məni də kövrək təbiətinlə.
    Öz doğma diyarında çəkdin nələr, ey yetim,
    Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

    İstəyini ödədim, fəqət məlul, pərişan,
    Mən küllün fikrindəyəm, sən cüzin hayındasan.
    Sənə pul yox, tərbiyə, təlim, təhsil gərəkdir,
    Sənisə düşündürən bircə günlük çörəkdir.
    Məktəb sənin dərdinə eylər əlac, ey yetim,
    Öz yurdunda dərbədər, ac, yalavac, ey yetim!

    Sınıq sazdır ürəyin, dilə gəlsə danışar,
    Bir qığılcım düşərsə, məşəl kimi alışar,
    Millət qəflətdə yatır, xəyanətkardı dövlət,
    Bircə nəzər yetirmə sənə, mənə hökumət.
    Sən bu biganəlikdən çəkdin nələr, ey yetim,
    Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

    Bu ölkədə rəhmlə ədalət də qalmamış,
    Yetim-yesirə xalqda mərhəmət de qalmamış.
    Mənimsədi qəyyumun sənin də var-yoxunu,
    Belə gördüm dünyanı, belə gördüm çoxunu.
    Öz doğma diyarında çəkdin nələr, ey yetim,
    Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

    Dilini bağladılar, bir dərdin açılmadı,
    Fitri istedadından qığılcım saçılmadı,
    Ötdü bahar, ötdü yaz, açılmadı bir gülün,
    Niyə basa çatmadı sənin təkamül yolun?
    Məktəb sənin dərdinə eylər əlac, ey yetim!
    Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

  • Xalq şairi Süleyman RÜSTƏM.”Yazmışam adını”

    Sevgilim, söyləmə vəfasız mənə, mənə,
    Mən ki, yad edirəm hər zaman, hər zaman səni.
    Qəlbimdən bircə an qopara bilməz,
    Nə boran, nə tufan, nə hicran səni.

    Yazmışam adını günə, aya, aya mən.
    Düşmüşəm eşq adlı, eşq adlı bir sevdaya mən.
    Səninçün gəlmişəm bu dünyaya mən,
    Mənimçün yaradıb yaradan səni.

  • Xalq şairi Məmməd RAHİM.”Yurdumun”

    (İxtisarla)

    Çiçəkləri ətri-ənbər qoxuyan,
    Al günəşli cənnəti var yurdumun;
    Bülbülləri cəh-cəh vurub oxuyan
    Bir səfalı xilqəti var yurdumun.

    Şərq elinə işıq saçan məşəldir,
    Gözəlləri mələklərdən gözəldir,
    Eşqi sönməz bir müqəddəs əməldir,
    Çox mənalı söhbəti var yurdumun.

    Ağ cunadan yaşmaq tutur dağları,
    Gəlin kimi al geyinir bağları,
    Ağızlarda gəzir, qədim çağları,
    Qəhrəmanlıq şöhrəti var yurdumun.

    Sənətkarlar ondan alır pərvazı,
    Qoynundadır Nizaminin avazı,
    Cavanşiri, Koroğlusu, Eyvazı,
    Yenilməyən qüdrəti var yurdumun.

  • Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.Seçmə şeirlər

    Şəhid balalara

    Dərdimi necə deyim, vallah deyə bilmirəm,
    Mən necə üsyan edim yerə-göyə, bilmirəm.
    Başıma qara salıb, qara geyə bilmirəm,
    Bu şəhid balaların ölən çağı deyildi.

    Ağlatdılar daşı da, torpağı da, ay Allah,
    Sındırdılar bir körpə budağı da, ay Allah.
    Bağlı qaldı neçə bəy otağı da, ay Allah,
    Bu şəhid balaların ölən çağı deyildi.

    Bir gəlinin əlindən getməmişdi hənası,
    Bir gülləylə dağıldı onun ömür dünyası.
    İndi analar tutur oğul yası, qız yası,
    Bu şəhid balaların ölən çağı deyildi.

    Bu, zamanın hökmümü, inana bilmirəm mən,
    Bu dərdlərin önündə yenə əyilmirəm mən.
    Sənə təsəlli üçün sözüm çatmır, ey Vətən,
    Bu şəhid balaların ölən çağı deyildi.

    Dayanmışam kədərlə məzarların önündə,
    Dönür göz yaşlarına göydə duman da, çən də.
    Dünya mənə dar gəlir elimin dar günündə,
    Bu şəhid balaların ölən çağı deyildi.

    Dayanmışam, gözümdə iki damla yaş mənim,
    İçimdə haray salan tufan mənim, qış mənim.
    O güllələr dəyəydi bu sinəmə kaş mənim, —
    Bu şəhid balaların ölən çağı deyildi.

    Hələ çoxlu fıdanın boy atası vaxtıdır,
    Quşların körpələri oyadası vaxtıdır.
    Çox ananın kam alıb, toy tutası vaxtıdır,
    Bu şəhid balaların ölən çağı deyildi.

    1990

    BİR DAMLAYAM
    Mənim azadlığım dumansız səma,
    Təzə dənə dolmuş tər sünbüllərdir.
    Mənim səadətim bu el, bu oba,
    Bir də şəfəq içən körpə güllərdir.

    Mənim arzularım min-min gəncliyin
    Həyat yollarında addım səsidir.
    Mənim ümidilərim neçə körpənin
    Beşik-beşik qalxan qəhqəsidir.

    .Mənim hünərim də, mənim gücüm də
    Birlikdir, birliyin öz səsiyəm mən.
    Bu birlik eşqiylə hey zaman-zaman
    Bəxtəvər-bəxtəvər ötəsiyəm mən…

    Mənim nəğmələrim ana laylası,
    Ana nəfəsindən almışdır qida.
    Şeirim müjdə verən qaranquşlar tək
    Yenə qanadlanıb uçur havada…

    Mənim dəyanətim Tomris nənəmin
    Düşmənə bac verməz vüqarındandır.
    Mənim məhəbbətim elin, elatın
    Pozulmaz andından, ilqarındandır.

    Bir zərrə varlığam, bir damlayam mən,
    Bu dərin dənizdə, coşqun sularda.
    Sənə minnətdaram, Vətən, ay Vətən,
    Yaşasam da harda, olsam da harda.
    1971

  • Xalq şairi Balaş AZƏROĞLU.”Addımlar”

    Sənət meydanına qədəm qoyuram,
    Qoy sözüm güc alsın elimdən mənim.
    Nə qədər çətindir, bunu duyuram,
    Ay dostlar, tutunuz qolumdan mənim.

    Körpəcə bir quşam asiman dərin,
    Mən o dərinliyə uçmaq istərəm.
    Nəğmə dəftərimin, söz dəftərimin
    Adını “Vətən”lə açmaq istərəm.

    Mənim arzum budur, bir oğul kimi,
    Kaş bu çətinliyə dözə biləydim.
    Vətənə sevgimi, elə sevgimi
    Könül sözlərimə yaza biləydim.

  • Xalq şairi Mirvarid DİLBAZİ.Seçmə şeirlər

    Hər papaq qoyana kişi desəm mən,
    Kişilər inciyər səxavətimdən.
    Elə qadınlar da böyüdüb vətən,
    Günahdır onlara kişi deməsəm.
    Kişi -alınmayan qala deməkdir.
    vətənə arxadır, elə köməkdir.
    Kişi -məhvəridir yer kürrəsinin,
    Onun çiyni üstə durur qitələr.
    Ocaqdır, odunda onun isinin,
    Mayakdır, ümmanda o yol göstərər.
    Çıraqdır, bir evdə o sönsə əgər,
    O evə zülmətin nəfəsi girər.
    Kişi sözü versə insan-insana,
    Vəkalət, zəmanət nə gərək ona!
    Kişi cəsarətdir, kişi hünərdir,
    Qardaşdır, oğuldur, yenilməz ərdir.
    Səngərdir, sipərdir, dincliyi saxlar,
    Kişisiz vətəni düşman ayaqlar.

    Ey bixəbər!

    Mən səni sevdiyim qədər,
    Bir daşı sevsəydim əgər.
    Daş dünüb insan olardı,
    Bir quşu sevsəydim əgər,
    O donub terlan olardi.
    Hər gün qonub pəncərəmə,
    Mənə nəğmə oxuyardı.
    Könlüm belə qan olmasın,
    Halım pərişan olmasın!
    Sən nə daşsan,
    Sən nə quşsan.
    Ne gozumden axan yawsan,
    Niyə yoxdur səndən xəbər?
    Niyə gözüyaşlı qalıb?
    O müqəddəs xatirələr?

  • Xalq şairi Hüseyn ARİF.”Söylə yadındamı?”

    Söylə yadındamı o axşam çağı?..
    Dinməyən mən oldum, dinən sən oldun.
    İlk eşqin ocağı alovlanmamış
    Sönməyən mən oldum, sönən sən oldun

    Doymamış sabahın tər nəfəsindən,
    Sevdalı quşların təranəsindən,
    Sözündən, əhdindən, iradəsindən
    Dönməyən mən oldum, dönən sən oldun.

    Pozuldu ilqarın, dəyişdi andın,
    Torpaqda alışıb havada yandın.
    Axır gözlərinlə görüb inandın
    Enməyən mən oldum, enən sən oldun.

  • Xalq şairi Osman SARIVƏLLİ.”Sən olmadınmı?”

    Gözəlim, mən hara, aşıqlıq hara,
    Bu sazı çalıdıran sən olmadınmı?!
    Öz gizli eşqimi, pünhan dərdimi,
    Aləmə bildirən, sən olmadınmı?!

    Alnında gah günəş, gah qara duman,
    Hərdən gülərüzlü, hərdən pərişan,
    Yaralı qəlbimi bəzən ağladan,
    Bəzən də güldürən, sən olmadınmı?!

    Nizə kiprikləri “qana-qan” deyən,
    Qoşa hörüklərə “cüt olan” deyən,
    Bir gündə min dəfə mənə can deyən,
    Min öldürən, sən olmadınmı?!

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Yəni heç yadıma da düşməyəcəksən?”

    Yəni
    heç yadıma da düşməyəcəksən?
    Necə unutdura biləcəksən
    özünü mənə ?
    Yəni sənə bənzəyən
    bir nəğmə,
    bir dəniz sahili,
    ya bir ağac kölgəsi
    çıxmayacaq qarşıma ?
    Yox,qurtara bilməyəcəksən,
    qaça bilməyəcəksən yaddaşımdan,
    hələ ki, yer üzündə
    bircə nəğmə, bircə ağac,
    bircə sahil var…

  • Xalq şairi Səməd VURĞUN.”Mən tələsirəm!

    Dostlar, badələri qaldırın içək!
    Gecə, ulduzludur, hava da sərin.
    Demirəm məst olub dünyadan keçək…
    Deyirəm mehriban düşüncələrin
    İsti qücağında qızınaq bir az…
    Qoy uzansın gecə, geciksin səhər,
    Yuxuya getməsin məclisdəkilər –
    Mənim söhbətimdən yorulmaq olmaz.
    Hələ yer üstündə, insan yanında
    Deyib danışmaqdan doymamışam mən…
    Uzadaq ömrünü hər bir anın da,
    Yel kimi keçməsin vaxt üstümüzdən…
    Bu aylı gecədə, bu dağ döşündə,
    Bu sazlı, söhbətli bulaq başında
    Bu saat, bu dəm
    Heç yana, heç yerə mən tələsmirəm!

    Sevgilim, qolunu boynuma dola!
    Demə ki, yorğunam, ya qocalmışam.
    Mən hələ dünyadan nə zövq almışam?
    Dur, bütün aləmi gəzək qol-qola!
    Yenə də fikrimin səyyar yelkəni
    Dənizdən – dənizə atsa da məni,
    Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»
    Dur, bütün aləmi gəzək qol – qola,
    Sellərdən, sulardan yeyin axsam da,
    Şimşəklə yanaşı göydə çaxsam da,
    Nə şadlıq səyirtsin atını, nə qəm,
    Heç yana, heç yerə mən tələsmirəm!
    ***
    Sən də, ovçu dostum, tələsmə sən də,
    Bu qəlbi dağları qoy asta aşaq.
    O çay yanındakı yaşıl çəməndə
    Asta addımlayıb ağır dolaşaq.
    Hər güllə, çiçəyə salam verməsəm,
    Xoş üz göstərməsəm, xoş üz görməsəm;
    Nanələr, reyhanlar inciyər məndən.
    Güllərin yarpağı tökülər dən – dən…
    Odur ki, yel olub çöldə əsmirəm,
    Heç yana, heç yerə mən tələsmirəm!
    ***
    Bulud tez keçməsin başımın üstdən,
    Çay da yavaş axsın…sular boyunca.
    Baxım hər zərrəyə, baxım doyunca…
    Ürək tərpənməyir ötərgi səsdən,
    Nə çıxar bir anlıq yanan həvəsdən?

    Elə zənn etmə ki, ağırlaşmışam,
    Ayağı sarıqlı şikəst bir quşam…
    Qoy dünya böyüsün, zaman uzansın,
    Bir günün ərzində aylarla yansın
    Al günəş üzündən nur yağa – yağa..
    Ömrün kitabını tamamlamağa
    Çox da can atmasın əlimdə qələm,
    Mən tələsmirəm,
    Mən tələsmirəm!

  • “Gənclər şəhəri” Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş “Həzin nəğmələrdə yaşayan şəhər” adlı ədəbi-bədii gecə keçiriləcək

    Əziz sumqayıtlılar!
    Sizi şəhərimizin 70 illik yubileyinə həsr olunmuş “Həzin nəğmələrdə yaşayan şəhər” adlı ədəbi-bədii gecəyə dəvət edirik! Tədbir 24 avqust 2019-cu il tarixində saat 19:00-da Heydər Parkında, Sumqayıt Poeziya Evinin qarşısında keçiriləcək.
    Tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, AYB və AAB Sumqayıt Bölmələrinin, Şəhər Mədəniyyət Evinin və Ə.Kərim adına Poeziya Evinin təşkilatçılığı ilə keçirilir.

  • Əziz MUSA.”Cəbrayıl”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Səni tək-tənha qoyduq,
    Yağıların əlində,
    Gör kimlər at oynadır,
    İgidlərin elində,
    İndi ah-nalə bitib,
    Köçkünlərin dilində,
    Səndən ayrı neyləyək,
    Həsrətə dözmür ürək,
    Cəbrayıl, ay Cəbrayıl.

    Neyləyir Xan çinarım,
    Gur bulaqlar axırmı?
    Yenə Ağoğlan dağı
    Məğrur-məğrur baxırmı?
    Tey dağında, Qalada,
    İldırımlar çaxırmı?
    Yazda əlvan don geyən,
    Necədir gözəl Gəyən?
    Cəbrayıl, ay Cəbrayıl.

    Diri dağda bənövşə,
    Saralıbmı, solubmu7
    Topcağda bağça-bağım,
    Görən talan olubmu?
    Şişqayanın həsrətdən,
    Gözü yaşla dolubmu?
    Sönübdümü od-ocaq,
    Susubdumu Daş bulaq?
    Cəbrayıl, ay Cəbrayıl.

    Xan Arazım ağlayır,
    Xudafərin gülməyir,
    Ziyaratdan əsən meh,
    Mil, Muğana gəlməyir,
    Əziz Musa nə çəkir,
    Heç fələk də bilməyir,
    Hanı doğma yurd yuva,
    Hanı o su, o hava7
    Cəbrayıl, ay Cəbrayıl,

  • Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”ANA!”

    Alışıram şamlar kimi,
    Düşəndə hər sözün, ANA!
    Yoxsa, məni yetim qoydun,
    Bilə-bilə özün, ANA!

    Mənə ömür diləyərdin,
    Üzümə gül ələyərdin,
    Hey açırdın, bələyirdin,
    Çəkdin oğul nazı, ANA!

    Arılar tək sızıldaram,
    Ana, Sənsiz biqəraram,
    Cüyür kimi axtararam,
    Bulaqlardan izin, ANA!

    Yerdə necə dayanısan?
    Daha çətin oyanısan.
    Sanki dağlar tərlanısan,
    MUROVUN, KƏPƏZİN, ANA!

    ŞƏMŞİR ağlar, sərvinazdım,
    Dərd üz verdi, nələr yazdım?
    Yüz yaşında qocalmazdım,
    Mənə baxsa, gözün, ANA!

    1968.

  • Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Məni”

    Usanmışam öz canımdan,
    Qəm veribdi, bada məni.
    Yaralandım ayağımdan,
    Saldı yanar oda məni.

    Tez qocaldır qəm insanı,
    Çağırma həkim, loğmanı.
    Çatdırdı çərxin dövranı,
    Bir pak, təmiz ada məni.

    ŞƏMŞİR çəkir nə cəfadır,
    Bir görüşmək min səfadır.
    O yar necə bivəfadır?
    Daha salmır yada məni.

    1963.

  • Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Salam ver”

    Kağız, yetişəndə bizim obaya,
    Qohuma, qarada, elə salam ver.
    Ərzim, iltimasım bir budur səndən,
    Səni əzəl alan ələ salam ver.

    Əgər görsən, qoca ustad atamı,
    Əvvəl-vvəl ona yetir butamı,
    Söylə, belə unutmazlar adamı,
    Tuti kimi şirin dilə salam ver.

    Ağdaban adlanan o gözəl oba,
    Cənnətdə bənzəyir əhsən, mərhaba,
    Alxanın yurduna kim çıxsa, ova,
    Ona de ki, Çöplü gölə salam ver.

    Bax Kəkil meşədən buzlağa sarı,
    Soyuq Daşbulağı unutma barı,
    Mən əzəvdən sən görəndə dağları,
    Çəmənə salam ver, çölə salam ver.

    ŞƏMŞİR bu məktubu yazdı nişana,
    Xəstədi, gülməyin siz pərişana,
    Qoşa Turşsulara, Çayqarışana,
    Əyri gedən daşlı yola salam ver.

    1928.

  • Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Mənəm, mən”

    İkicə hərf ilə aləm yaradan,
    Sənin ətəyindən tutan mənəm, mən.
    Öz adın xətrinə elə bir dərman,
    Uzun illər xəstə yatan mənəm, mən.

    Əllərim döşümdə, üzüm duada,
    Duam qəbul olsa, ərşi-əlada,
    Dadıma sən yetiş, ey bari-xuda,
    Deyərdim, arzuma çatan mənəm, mən.

    Dərdim tüğyan edir vulkanlar kimi,
    Qəlbimin hicranı tufanlar kimi,
    Yaş axır gözümdən leysanlar kimi,
    Car dib sellərə qatan mənəm, mən.

    Möhət üzü məni eldən dişqarı,
    Qəm yolumu kəsir, mənzilim yarı,
    İnsafdırmı belə zəif, həm zarı,
    Aman, ey dərdi-qəm, utan, mənəm, mən.

    Daha çatmır əlim, dostum uzaqdı,
    Qadir olan verib ŞƏMŞİRƏ baxtı,
    Urvatsız eləməbu qoca baxtı,-
    Sərrafa gövhəri satan mənəm, mən.

  • Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Bir də gül”

    Cavanın gülməsi qocaya xoşdu,
    Gül, ay qızım, mən qocaya, bir də gül!
    Xətt ağarıb, diş tökülüb, üz batıb,
    Gülünc edib o xudaya, bir də gül!

    Əlimdən çıxıbdı cavanlıq dəmi,
    Qocalıq dağlayıb bütün sinəmi,
    Qoymur düz danışam, əyib çənəmi,
    Salıb mən nə hay-haya, bir də gül.

    Bir vaxt cavan idim mən də sizin tək,
    Deyərdim, açılıb çəmən, gül, çiçək.
    Sevməzdim çirkini, gəzərdim mələk,
    Etibarsız bu dünyaya bir də gül!

    Mənimlə qəmlərə yarı olarsız…
    Gözəlliyin intizarı olarsız…
    Siz də bir gün qoca, qarı olarsız…
    Bu gərdişə, bu fənaya bir də gül!

    Düşkünə lazımdı verəsən quymaq,
    Axşam ballı qaymaq, səhər qayğanaq;
    Şirin camalından olarmı doymaq?
    Etdiyim bu təmənnaya bir də gül!

    Eşq ucundan oda yandı pərvanam,
    Zəhmətdən qaçmıram, mərd doğub Anam.
    Deyirdim, ov alan qoca tərlanam,
    ŞƏMŞİR kimi qarçıqaya* bir də gül!

    1953.

    *qarçıqaya-alıcı quş adıdır

  • Şair Bəhmən VƏTƏNOĞLU.”Yadıma düşəndə”

    Gəncliyimin oynar, gülər çağında,
    Qalmaz iman-din yadıma düşəndə.
    O arzuya, o vüsala yetdiyim,
    O günəşli gün yadıma düşəndə.

    Unutmaram o ilqarı, o andı,
    Çox da indi zaman ayrı zamandı.
    “Sarı Bulaq” xəyalımda dolandı,
    “Çənli Yurt”da çən yadıma düşəndə.

    Sellər, sular mənim çağlamaz,
    Səndən qeyri kəs yaramı bağlamaz.
    Deyirlər ki, kişi olan ağlamaz,
    Mən ağadım sən yadıma düşəndə.

  • Şair Bəhmən VƏTƏNOĞLU.”Biləndən sonra”

    Nə pünhan yer axtar, nə xəlvətə gəl,
    El-oba dərdimi biləndən sonra.
    Məcnun, Məcnun deyə düşüb arxamca,
    Uşaqlar üstümə güləndən sonra.

    Hicran toxumundan dərd əkəcəksən,
    Hər zaman ağlayıb yaş tökəcəksən.
    Hədər yada salıb ah çəkəcəksən,
    Əzrayıl üstümə gələndən sonra.

    Dönmür qeyri yana, dəyişmir halım,
    Sənsən gecə-gündüz fikrim, xəyalım,
    Vədəsində yan oduma, maralım,
    Ağlama BƏHMƏNİ öləndən sonra.

  • Şair Bəhmən VƏTƏNOĞLU.”Gəlibsən”

    Bu uzaq yollara, a gözəl sonam,
    Peşmanmı gəlibsən, şənmi gəlibsən?!
    Xaindən, xəbisdən keçib aralı,
    Bədnəzər olandan genmiş gəlibsən?!

    Dilim baş aparsa, verim qadağa,
    Sən gələn yollara canım sadağa.
    Günəş zirvəsini yandıran dağa,
    Dumanmı gəlibsən, çənmi gəlibsən?!

    BƏHMƏNƏM, qurbanam özüm ellərə,
    Mirvari sözləri düzüm ellərə,
    A dünya gözəli, bizim ellərə,
    ALLAHmı göndərib, Sənmi gəlibsən?!

  • Şair Bəhmən VƏTƏNOĞLU.”A zalım”

    Məni görmək arzulama sən Allah,
    İllər salıb saçlarıma dən mənim.
    Elim-günüm köç eyləyib arana,
    Bürüyübdür dağlarımı çən mənim.

    Vəfasızsan bir də məni arama,
    Dilə tutub saçlarımı darama,
    Gəl toxunma qaysaqlanmış yarama,
    Qoy tək çəkim öz dərdimi mən mənim.

    Ürəyimdən tellər keçdi, a zalım,
    Gözlərimdən sellər keçdi, a zalım,
    Aylar ötdü, illər keçdi, a zalım,
    Nə vaxt bildin qədrimi sən mənim?!

  • Şair Bəhmən VƏTƏNOĞLU.”Niyə gözəl yaradıb”

    Nə insafın, nə mürvətin var sənin,
    Allah səni niyə gözəl yaradıb?!
    Nə qəlbində məhəbbətin var sənin,
    Allah səni niyə gözəl yaradıb?!

    Nə Leyli tək məni Məcnun sanırsan,
    Nə Əsli tək Kərəm üçün yanırsan.
    Nə yaxşını, nə yamanı qanırsan,
    Allah səni niyə gözəl yaradıb?!

    Nə Bəhməni Nəsimi tək soyursan,
    Nə qovursan, nə yaxına qoyursan,
    Nə söhbəti, nə eyhamı duyursan,
    Allah səni niyə gözəl yaradıb?!

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Lirik duyğu”

    Nə vüsalım, nə həsrətim,
    Nə sevgim var, nə nifrətim,
    Nə sevincim, səadətim,
    Boş qalıbdır, boş, ürəyim!

    Nə yazı var, nə qışı var,
    Nə qarı, nə yağışı var,
    Nə dünyaya baxışı var,
    Daş olubdur, daş, ürəyim!

    Yanar dağdır, sönməyəydi,
    Zirvəsindən enməyəydi,
    Yanıb külə dönməyəydi,
    Kaş ürəyim! Kaş ürəyim!

    1989.

  • Xalq şairi Hüseyn ARİF.”Yetişməmiş”

    Külək qalxıb haray salır,
    Maral gölə yetişməmiş.
    Gün darıxır, qaş qaralır,
    Köç mənzilə yetişməmiş.

    Can alışıb qora dönür,
    Yaş yanağa yetişməmiş.
    Qara tellər, qara dönür,
    Əl darağa yetişməmiş.

    Yollar, izlər buz bağlayır,
    Vaxt çilləyə yetişməmiş.
    Həştad bizi yaxalayır,
    Yaş əlliyə yetişməmiş.

  • Xalq şairi Osman SARIVƏLLİ.”Qızlar mahnısı”

    Ey sevgilim, bu yerlərdə görünmə,
    Anam dduyub, üstümüzə göz olur.
    Səni, məni istəməyən az deyil,
    Aralıqda söhbət olur, söz olur.

    Meh əsdikcə qızıl güllər öpüşür,
    Sən bülbüllər bağçamızda ötüşür,
    Səbi görcək ürəyimə od düşür,
    Görməyəndə bağrım başı köz olur.

    Ürəyimdə bir arzu var, bir dilək;
    Dolanıram bu dağlarda maraltək.
    Deyirlər ki, bizə nişan gələcək,
    Elin sözü əzəl-axır düz olur.

    1946.

  • Xalq şairi Səməd VURĞUN.”Əyilmə”

    Həyat! O çox zaman görünür iyrənc,
    Bu səhnədə min bir qanlı pərdə var
    Sən bu çətinliyə düssən də, ey gənc,
    İçində saxlanan qüdrətə yalvar!

    Zaman! O amansız, qatil bir düskün
    Bəzən dünyaları döyər siddətlə.
    Səni də məhv etmək istərsə bir gün,
    Hər seyə qarsı çıx, həm də cürətlə.

    Cürət! Odur bizi güldürən hər an,
    Cürətsiz bir həyat məhv olur, inan.
    İstə bu düsturu öyrənib də sən,
    Ər oglu ər kimi tab et bəlayə.

    Mən bu sözlərimlə nə dedim bil sən,
    Çırpın üfüqlərə, uç etilayə!
    Ey gənc! Səadəti bir xəyal bilmə,
    Nə olursa-olsun, yalnız əyilmə!

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    MƏNİ

    Bu dünyanın hər üzünü görmüşəm,
    Acı dövran ağladıbdı hey məni,
    Çiyinlərim yara olub, əyilib,
    Daşımaqdan ağır-ağır heybəni.

    Sərt küləklər qarsıb hər gün üzümü,
    Kor taleyim bağlayıbdı gözümü,
    Tanrı verib mənə səbri, dözümü,
    Zalım fələk gecə-gündüz döy məni.

    Əziz Musa haqq yolundan dönməz heç,
    HaqQ sözünə qulaq asar, dinməz heç,
    Hər sözümü dönə-dönə yoxla, seç,
    Düz deməsəm qına məni, söy məni.

    OQTAY RZANIN XATİRƏSİNƏ

    Qısa danışardın, düz danışardaın,
    Haqsızlıq görəndə əsib, coşardın,
    Şeirə hörmətlə sən yanaşardın,
    Sən qapı açmazdın ağlı dayaza,
    Yerin behişt olsun ay Oqtay Rza.

    Deyirdin qayıdın öz soyunuza,
    İbadət edərdin çörəyə, duza,
    Sən çoxdan dönmüşdün parlaq ulduza,
    Bizə dərs keçərdin sən yaza-yaza,
    Yerin behişt olsun ay Oqtay Rza.

    Çoxuna əl tutub, dayaq olmusan,
    Sənət meydanında mayaq olmusan,
    Sən xalqın şairi adın almısan,
    Heç vaxt qoymamısan şər yolun aza,
    Yerin behişt olsun ay Oqtay Rza.

    Ümidlə baxmısan gələn səhərə,
    Sən sinə gərərdin dərdə, kədərə,
    İnanmaq olmayır bu bəd xəbərə,
    Bizi bağlayardın bahara yaza,
    Yerin behişt olsun ay Oqtay Rza.

    Sən sözdən ən uca qala qurardın,
    Haqqın keşiyində dağ tək durardın,
    Çox sözə, şeirə möhür vurardın,
    Təbin bənzəyərdi Kürə, Araza,
    Yerin behişt olsun ay Oqtay Rza.

    Sındı şeirimizin qolu qanadı,
    Vallah dünya özü haqsız dünyadı,
    Sənə qıymadılar bir fəxri adı,
    Sən qane olardın həmişə aza,
    Yerin behişt olsun ay Oqtay Rza.

    GƏLMİSƏN

    Çoxdan sönüb qaladığın o ocaq,
    Ürəyimdə xatirələr var ancaq,
    Bu eşqimi niyə sandın oyuncaq,
    İndi durub, sən yuxuma gəlmisən.

    Bu sevginin sən qədrini bilmədin,
    Bu könlümü sən viranə eylədin,
    Sən ömrümə, sən günümə gəlmədin,
    İndi durub, sən yuxuma gəlmisən.

    Yasdığımı çox isladıb göz yaşı,
    Nağıllara inanmışam mən naşı,
    Ətəyindən tökmədin ki, sən daşı,
    İndi durub, sən yuxuma gəlmisən,

    İstəyimə yox demisən hər zaman,
    Vüsalına heç olmayıb bir güman,
    Ürəyimə dağlar çəkib bu hicran,
    İndi durub, sən yuxuma gəlmisən.

    Ah-nalələr hey ucalıb dilimdən,
    Qara rəngi aparmısan telimdən,
    Sən vaxtında yapışmadın əlimdən,
    İndi durub, sən yuxuma gəlmisən.

    SƏN OLMASAYDIN

    Həsrətdən, hicrandan qəlbim bişərdi,
    Dünya gözlərimdən tamam düşərdi,
    Həyat mənim üçün adiləşərdi,
    Sən olmasaydın.

    Olmazdı qəlbimin arzu, istəyi,
    Solardı bağların gülü, çiçəyi,
    Mən seçə bilməzdim pisi, göyçəyi,
    Sən olmasaydın.

    Oldun saf eşqimdə ilkim, birincim,
    Adınla bağlıdır dövətim, incim,
    Çəkilib gedərdi, nəşəm, sevincim,
    Sən olmasdaydın.

    Mənəm bu dünyanın xoşbəxti indi,
    Sevgisiz bir həyat dumandı, çəndi,
    Bilməzdim səadət, vüsal şirindi,
    Sən olmasaydın.

    Eşqinlə çatmışam şöhrətə, ada,
    Baxmaram heç zaman özgəyə, yada,
    Mən heç mən olmazdım, fani dünyada,
    Sən olmasaydın.

  • Eldar Nəsibli SİBİREL.”Əsgər çəkmələri”

    12962488_1518521525123844_528584684_o

    Qəribə bir istək keçər könlümdən,
    Mən onu hamıyla bölmək istərəm:
    Əsgər çəkməsini elə bu gündən
    Tarix muzeyində görmək istərəm.

    Deyən yanılıram, düz demirəm mən ,
    Xalq var ki, kədəri dağdan ağırdır.
    Bu gün də o yerdə yad əsgərlərin,
    Gediş-gəlişindən yollar yağırdır.

    Zalımdan mərhəmət gözləyənlərə
    Sözünü tüfənglər, lülələr deyir.
    Səadət yerinə , qonaq yerinə
    Orda qapıları güllələr döyür.

    Qar , çovğun vursa da ilk baharını,
    Ağrını, acını udur analar
    Nizələrdə görüb qundaqlarını ,
    Tüfəng qundağından tutur analar.

    Gərək od götürə kirpiklərimiz,
    Dünyaya səadət verməkdən ötrü.
    Hələ bu çəkməni geyməliyik biz,
    Bir vaxt muzeylərdə görməkdən ötrü.

  • Azərbaycanın Bəxtiyar şairi

    Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasından 94 il ötür.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri – şeir kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və köhnə sovet birliyinə daxil olan bir çox xalqların dillərinə tərcümə edilib və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanıb.

    O, 1925-ci ildə Şəki şəhərində anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçüblər. Burada orta məktəbi qurtarandan sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövrü mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb.

    Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. O, azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.

    Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

    Bəxtiyar Vahabzadə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək, uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasına töhfələr verib. 1951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik, 1964-cü ildə isə “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda monoqrafiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

    Yetmişdən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.

    Haqsızlığa, ədalətsizliyə qarşı üsyan Bəxtiyar şeirinin əsas leytmotivlərindəndir. Görkəmli söz ustası hələ ötən əsrin 60-cı illərindən ölkəmizdə sovet imperiyasına qarşı milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirərək, imperiya pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğurundakı ədalətli mübarizəsinə qoşulub.

    Bəxtiyar Vahabzadə yaradıcılığında baş mövzulardan biri də ana dilidir. Onun qəti qənaətinə görə, dil xalqın varlığının nişanələrindən biri olub, onun ən qiymətli sərvətidir, üstəlik nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir.

    Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərləri gənc nəslin tərbiyəsində böyük rol oynayır. Onun pyesləri Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə böyük şöhrət gətirib. Onun müasir mövzularda qələmə aldığı “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu dünya?”, “Fəryad”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” və “Özümüzü kəsən qılınc” kimi lirik-psixoloji pyesləri günün aktual problemlərindən, müasirlərimizin daxili dünyasından, daim təzələnən həyat və insan münasibətlərindən söz açmaqla gerçəkliyin ən müxtəlif tərəflərinə diqqət cəlb edib, layiqli səhnə təcəssümü taparaq, yarım əsrədək bir müddətdə Azərbaycan səhnəsindən düşməyib. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.

    Azərbaycan xalqının müstəqilik ideyalarının ilk carçılarından olan Bəxtiyar Vahabzadə 20 Yanvar faciəsi ilə bağlı qələmə aldığı “Şəhidlər” poeması ilə yeni bir tarix yazdı.

    Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb.

    Şair 2009-cu il fevralın 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

    Mənbə: https://azertag.az

  • Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    GƏLMƏ GÖRÜŞÜMƏ

    Gəlmə görüşümə, gəlmə,
    Heç zəng də eləmə…
    Unut olub keçənləri,
    O mənli xatirələri…
    Heç olmamış kimi
    Qara bir örtüyə bük, bərk-bərk!
    Üstündən qara bir xətt çək!
    Hicranımın əli elə qanlıdı,
    Səni yenidən ağuşuna alacaq,
    Bakirə hisslərimi oyadacaq..
    Yox .. istəmirəm, gəlmə.
    Könlümün yuvasında sənin üçün
    üşüyən günlərimi qoruyuram..
    Yana-yana sevgi ilmələri toxuyuram.
    Həsrətimin üzü elə soyuqdu,
    Lap Sibirin uzaqları kimi…
    Əllərim yanır, sənin üçün alışan
    dodaqlarım kimi.
    Sökəyirəm dodaqlarımı
    həsrətimin buz aynasına,
    Soyuq nəfəsində çırpınıram,
    Özümü məhbəsdə sanıram.
    Gəlmə görüşümə, gəlmə
    Gəlsən də danışma, dinmə…
    Get.. bütün ümidlərim sənin olsun,
    Təkcə sənsizliyimia aparma….

    BİLMİRƏM

    Sən ömür baharı, mən könül qışı,
    Haraya gedəcək bu yol, bilmirəm.
    Mən bəxtin önündə payız yağışı,
    Alırsan könlümü gəl al, bilmirəm.

    Ayrılıq deməyə gəlmədi üzüm,
    Verdiyin vədəndə qışladı sözüm,
    Həsrəti eyləyib dağ, dərə, düzüm,
    Çəkdin sinəm üstə min yol, bilmirəm.

    Könlümün evinə bir yol uçduğun,
    Gözümdən gizlənib nədən qaçdığın,
    Hər məni görəndə geniş açdığın,
    Kimlərə açılır o qol, bilmirəm.

    Deməyin sərxoşam, xumar çəkibdi,
    Mənə nə dağ çəkib o yar çəkibdi,
    De kimin saçına tumar çəkibdi,
    Əlimdə buzlayan o əl, bilmirəm..

    Mənbə: https://edebiyyat-az.com

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    ABİ

    Adımız bir, soyumuz bir,
    Əziz dostsan vətənimdə,
    Biz sirdaşıq, biz qardaşıq,
    Xoş günümdə, dar günümdə,
    Gələsən abi.

    Bir babanın övladıyıq,
    Can deyərəm nə söyləsən,
    Ağlayanda ağlayasan,
    Mən güləndə sevinəsən,
    Güləsən abi.

    Dalğalanır bayrağımız,
    Uca tutum qoy başımı,
    Yaxına gəl tut əlimdən,
    İstəyirəm göz yaşımı,
    Siləsən abi.

    Hay ver mənim harayıma,
    Tanrı qoy qorusun bizi,
    Gəl bağrıma basım səni,
    Gərək sən də dərdimizi ,
    Böləsən abi.

    Bir cənnətdir məkanımız,
    Doğma, əziz məmləkətik.
    Canımız bir, qanımız bir,
    İki dövlət bir millətik,
    Biləsən abi.

    DAĞLAR YOL VERİN

    Elim-obam boş qalıbdı,
    Yaz ömrümü qış alıbdı,
    Dərd qəlbimdə yurd salıbdı,
    Dağlar yol verin, yol verin.

    O bağlar, bağçalar hanı,
    Neyləyirəm xəstə canı,
    Qalıb dərdimin dərmanı,
    Dağlar yol verin, yol verin.

    Bu nə ömürdü, bilmirəm,
    Qəlbim açılmır gülmürəm,
    Ah çəkən şeyda bülbüləm,
    Dağlar yol verin, yol verin.

    Yollarımı bağlamayın,
    Ürəyimi dağlamayın,
    Məni yoldan saxlamayın,
    Dağlar yol verin, yol verin.

    Qürbət elə yurd demərəm,
    Ayrılıqdı ən acı qəm,
    Həm Lələyəm, həm də Kərəm,
    Dağlar yol verin, yol verin.

    Əziz Musa dözmür daha,
    Yalvarır hər gün Allaha,
    Batmayın bir də günaha,
    Dağlar yol verin, yol verin.

    GÜLÜM

    Güllərin incəsi, qönçəsi, təri,
    Ömrümün günümün nurlu səhəri,
    Xoşbəxtəm mən səni görəndən bəri,
    Səndən özgəsinə baxmaram gülüm.

    Günəş olan yerdə nə ulduz, nə ay,
    Mənim qismətimə düşən gözəl pay,
    Sən məni özünə hər vaxt yaxın say,
    Səndən özgəsinə baxmaram gülüm.

    Qurbanın olaram əgər istəsən,
    Ceyran baxışlısan, boyu bəstəsən,
    Könül sarayımın sultanı sənsən,
    Səndən özgəsinə baxmaram gülüm.

    Yatıb yuxuda da görürəm səni,
    Unutmaz heç zaman sevən sevəni,
    Başqa birisinə qısqanma məni,
    Səndən özgəsinə baxmaram gülün,

    Adınla bağlıdır hər şirin sözüm,
    Mən səni seçmişəm, sevmişəm özüm,
    Baxsam özgəsinə, kor olsun gözüm,
    Səndən özgəsinə baxmaram gülüm.

    ANA

    Elə sevinirdim, elə gülürdüm,
    Özümü yenə də uşaq bilirdim,
    Yox idi niskilim, yox idi dərdim,
    Bu gecə yuxuma gəlmişdin, ana.

    Yuxuda saçımı sığallayırdın,
    Mənə şirin-şirin layla çalırdın,
    Təndir qalayırdın, çörək salırdın,
    Bu gecə yuxuma gəlmişdin, ana.

    Başımı qoymuşdum dizinin üstə,
    Saçların düşmüşdü gözümün üstə,
    Bir nəğmə var idi o, şirin səsdə,
    Bu gecə yuxuma gəlmişdin, ana.

    Mənim hər kəlməmə can-can deyirdin,
    Nağıl söyləyirdin, dastan deyirdin,
    Canını canıma qurban deyirdin,
    Bu gecə yuxuma gəlmişdin ana.

    Qara qaşlarını çatırdın yenə,
    Ömrümə bal-şəkər qatırdın yenə,
    Arxamca sərin su atırdın yenə,
    Bu gecə yuxuma gəlmişdin, ana.

    Sönməz qaladığın bu od, bu ocaq,
    Ruhun narahatdı göylərdə ancaq,
    Bilirəm, bu günüm nurlu olacaq,
    Bu gecə yuxumuma gəlmişdin, ana.

    Mənbə: https://edebiyyat-az.com