em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Sən məni yad bilmə, sən məni özgə,
Ömrünə, gününə gələsiyəm, mən.
Məni canın kimi sevib, əzizlə,
Qara gözlərinin giləsiyəm, mən.

Yaşaya bilmərəm inan ki, sənsiz,
Görüm gözlərini dumansız, çənsiz,
Sən də darıxırsan, bilirəm mənsiz,
Qönçə dodağında güləsiyəm, mən.

Şükür bu qismətə, şükür bu paya,
Vurğunam sənin tək günəşə, aya,
Nə zaman çağırsan yetişib haya,
Nəmli gözlərini siləsiyəm, mən.

Gülüm naz olarmı söylə bu qədər,
Daha bu ayrılıq, bu həsrət yetər,
Ölmərəm sevirəm söyləsən əgər,
Ölsəm qucağında öləsiyəm, mən.