Qafqaz ƏVƏZOĞLU.”Oyanmır, oyanmır, vallah, oyanmır”

Qafqaz Əvəzoğlu

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

Oyanmır, oyanmır, vallah, oyanmır,
Nə qədər desən də, oyan, millətə!
İllərdi Arazın harayı çatmır,
Nə bu yan, nə də ki o yan millətə!

Yatmışı oyatmaq olar bir təhər,
Özün yuxuluğa vurandan həzər.
Bir millət oyanıb qalxarsa əgər,
Kimsə deyə bilməz,- dayan, millətə!

Yadlar hey salacaq üstünə kölgə,
O millət birləşib qalxmasa cəngə.
Bu, bir həqiqətdir, özündən özgə,
Kimsə ola bilməz hayan millətə!

Ha qışqır, ha bağır, lap belə çatda,
Bu millət bir şeyi saxlamır yadda:
Quyular qazılıb ayağı altda,
Başın naz balınca qoyan millətə!..

… Hələ, Əvəzoğlu, başlar yastıqda,
Heçdən düşüb bitmə bu ortalıqda.
Abbasılıq nədir, heç şahılıq da,
Verilməz qiymətin, ha yan millətə!

noyabr 1993.