Qafqaz ƏVƏZOĞLU.”Ana, qurban olum, dön evimizə!!!”

Qafqaz Əvəzoğlu

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

Sənsiz ocağımın ta istisi yox,
Hay-küylü evimin hənirtisi yox,
Vallah, ürəyinin bənzərtisi yox,
Ana, qurban olum, dön evimizə!

Səni oxşamadım öz ürəyimcən,
Didər ürəyimi bu dərd ölüncən.
Yolunu gözləyir nəvən-nəticən,
Ana, qurban olum, dön evimizə!

Hər qapı döyülcək bir-birin basıb,
Sanırlar bu sənsən, qapıya qaçıb…
Artıq fidanların qol-qanad açıb,
Ana, qurban olum, dön evimizə!

Dərk edə bilmirəm mən yoxluğunu,
Gəl doldur qəlbimin oyuğluğunu,
İsit ocağımın soyuğluğunu,
Ana, qurban olum, dön evimizə!!!