Qafqaz Əvəzoğlu

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

Dedim, günəşim ol, hərarətim ol,
Ərit ürəyimdən həsrət buzunu.
Dedim, taleyimdə bəxt Ulduzum ol,
Parla yollarımda ömrüm uzunu!

Özümü dağ sandım, səni vüqarım,
Sandım, sarsılmayan bir qüdrətin var.
Sənin hər sözünə uydum, inandım,
Sandım, öz vədinə sədaqətin var!

Qara bulud tutmuş aydın səmamı,
Sayrışan Ulduzum, ayım bəs hanı?
Demə dəyişmədim mən öz andımı,
Sədaqət, etibar deyən kəs hanı?

Qalan xatirədir səndən yadigar,
Sən sönük bir ocaq – közün köz deyil.
İndi gözlərində başqa aləm var,
Məni soraqlayıb gəzən göz deyil!

Gedirsən – saxlamaq səni çox çətin,
Dönsəydin o yoldan – qalandın bəlkə…
Get-get, qoy zülfünə yad sığal çəksin,
Sonradan oduma qalandın bəlkə!