Keçdi hicran dəmləri, nazəndə yarım yoldadır,
Nazəninim yoldadırsa, laləzarım yoldadır.
Sevgi dünyasında mən bir kimsəyə baş əymərəm,
El bilir, qoy bilməyən bilsin, vüqarım yoldadır.
Gözləri cananımın dilbər Xəzərdən rəng alıb,
Eşqinə sadiq bahar sözlü nigarım yoldadır.
Ötməsin bağçamda bülbül bir daha gül eşqinə,
Öz gülüm, öz bülbülüm, öz nəğməkarım yoldadır.
Qoy xəzan “mən, mən” deyib bağçamda cövlan etməsin…
Mən Süleyman Rüstəməm, fəsli-baharım yoldadır.