Qan ağlayır, ağı deyir bulaqlar,
Yol gözləyir o dərələr, o dağlar.
Səbrin də bir hüdudu var, həddi var,
Düşmən üstə şir tək yeri, əsgərim,
Qarabağı qaytar geri, əsgərim.
Yad əlində əsir qalan Vətən var,
Bu savaşda neçə ölən-itən var.
Yurd uğrunda şəhid olub oğullar,
Çatdır bizə xoş xəbəri, əsgərim,
Qarabağı qaytar geri, əsgərim.
Qiyamətə qoy qalmasın bu qisas,
Nə zamandı durulmayır xan Araz.
Bu torpağın harayına qulaq as,
Dağlarda aç sən səhəri, əsgərim,
Qarabağı qaytar geri, əsgərim.
Doğma yerlər qalıb düşmən əlində,
Yadlar gəzir Pənah xanın elində.
Sular dinir qarğa, quzğun dilində,
Sök sərhəddi, sök çəpəri, əsgərim,
Qarabağı qaytar geri, əsgərim.
Qalx ayağa, ər oğlu ər, vaxt çatıb,
Gir meydana, göstər hünər, vaxt çatıb.
Bəsti bizi boğdu qəhər,vaxt çatıb,
Hünərlə al doğma yeri, əsgərim,
Qarabağı qaytar geri, əsgərim.