Nə deyim bu bəxtə, bu taleyə mən,
Bahar gözlərində eşqim oxunmaz.
Bizlərə pay düşməz gözəlliyindən,
Qaranquş əllərə əlim toxunmaz.
Hardan urcah oldum bu eşqə, hardan?
Özüm də bilmirəm neyləyim indi.
Sən özgə ünvana gedən qatarsan,
Mən səni bəs necə əyləyim indi?!
Bir mənzil başında yol da gözləsəm,
Bu yollar gözümə yığılan deyil.
Eh… dilin yanılıb sevirəm desə,
Vallah bu gen dünya dağılan deyil.
1975