Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

***

Bir misralıq canı varmış əcəlin…
Çoxu ölüm əkəcəkdi orada…
Sən kölgəmin komasını uçurtdun,
Kimsə əzan çəkəcəkdi orada.

Dualarım ətəyimə ilişdi,
Kara yetdi səhv qurduğum tələ də.
Ruhum qatı gecələrə bulaşıb,
İşıq yoxdu üst-başında hələ də.

Barmaq vurma tətiyinə ölümün,
Tanrı qədər, balan qədər əzizsə.
Necə çıxım gözlərindən bu qızın,
Sevgi mənə yalan qədər əzizsə?!

Canım kilsə qapısıdı elə bil,
Çox açırlar onu həddən ziyada.
Bir gün məni axtarsalar, deyərsən:
– Pul atlıydı, o yazıq da piyada…

A QADIN

Soyuqsan, uşağa həsrət qucaqtək,
Yenə də laxlayır daxman, a qadın.
Özün şipşirinsən, baxışın duzlu,
Bir az acı dadır yaxman, a qadın.

Dirəyi çürüyüb baxışlarının,
Az uç gözlərimin buxarı kimi.
Şeytan da adamdı, sözünə uyma,
Əllərin quruyub suxarı kimi.

Tanrı ah-vayına dözmür, əzizim,
Onun ruh evinə gir, hali olsun.
Kölgəm biçarə də bir kətil tapmır,
Oturub dərdindən bir hali olsun.