mm

KEÇİNCƏ

Kim deyir ki, mən dayaqsız yıxıllam,
Damla kimi ümmanlarda boğullam?..
Öz boynuma ilgək olub sıxıllam,
Örkən olub doğanaqdan keçincə.

Məqam gəzir hələ düşmən hiyləsi,
Gah qılıqdır, gah qorxudur tələsi,
Belimizi yağır edir şələsi,
Ayılmırıq badalaqdan keçincə.

İçimdəki vüqar adlı gücü duy,
Bu, inamın, əqidənin gücüdür,
Birləşəndə ağıl ilə gec udur,
Dözəsiyəm bu sınaqdan keçincə.

Duyammasam günahımı, cəbrimi,
Öz uyrdumda yad qazacaq qəbrimi,
Dişlərimə tutam gərək səbrimi,
O tənədən, bu qınaqdan keçincə.

Qoşulmaram, yolda qalar yedəklər,
Mən azadam, qoy eşitsin güdüklər,
Çox olacaq aşırımlar, gədiklər,
Bu tufandan, boğanaqdan keçincə.

VƏTƏNDİR

(Balalar üçün)

Sənə çörək, su verən,
Bolluca ruzu verən,
Şip-şirin arzu verən,
Ulu torpaq Vətəndir.

Müqəddəsdir Ana tək,
Qoynu əlvan gül-çiçək,
Qoyma sola, becər,ək,
Bu barlı bağ Vətəndir.

Bu gördüyün çöl-çəmən,
Sarı zəmi, bollu dən,
Zirvəsi bulud əmən,
Vüqarlı dağ Vətəndur.

Gözəl göllər, guşələr,
Şəlalələr, köşələr,
Gur çaylar, sıx meşələr,
Qaynar bulaq Vətəndir.

Ayla, ulduzla qalxan,
Üç məğrur rəngələ baxan,
Uğrunda qanlar axan,
Uca bayraq Vətəndir.

Himni könül dindirən,
Coşduran, sevindirən,
Qəlbini isindirən,
Bu gur ocaq Vətəndir.