Gəl ələmə ələnmişi,
Təmizliyə güvənmişi,
Gördüyün bu gülən kişi,
Dərdini dişinə sıxıb.
Üz-üzədir baxtı ilə,
Bir ömürlük vaxtı ilə,
Arzuları sıxdır hələ,
Üzünə Allahı baxıb.
Həmdərd gəzir ovutmağa,
Hər gileyi unutmağa…
Söykəndiyi inam – dağa,
Kimlər bu yalanı yıxıb?
İnanmır, gəldiyi haqqın,
Yolunda öldüyü haqqın,
Axar su bildiyi haqqın,
Üstünə çirkablar axıb.
Gözündə qəm gilələnir, —
Yenə bəxtimi ələnir?!
Bu kişi düzlük dilənir,
Zəmanəsi xəsis çıxıb.