mm

Söykənib fikrimə, düşüncəmə mən,
Bu həzin gecəni seyrə dalmışam.
Xəyalım quş kimi çıxıb əlimdən,
Xatirə bağına uçur bu axşam.

Gecə başdan-başa məhəbbət idi,
Yağırdı torpağa ulduz yağışı.
Bu gecə yatmaq da qəbahət idi,
Tutardı adamı ayın qarğışi.

Açdım əllərimi ay işığına,
Süzüldü ovcuma nuru göylərin.
Göylər bənzəyirdi meyvə bağına,
Ulduzlar yetişmiş barı göylərin.

O qədər tutmuşdu məni bu sehr,
Hissimi, duyğumu yazmadı qələm.
Qəlbim lal olmuşdu, gözlərim əsir,
Səssiz bir ovçuydu sanki bu aləm.

İnsanlar, oyanın, çimin sübhədək,
Bu ay işığında,- bu nur selində.
Yuyulsun qəlbiniz,- günühlarınız,
Gecənin bu şəffaf, büllür selində.

Gecə başdan-başa bir məhəbbətdir,
Hey yağır torpağa ulduz yağışı.
Bu gecə yatmaq da bir qəbahətdir,
Tutmazmı adamı ayın qarğışı?