MEYİN İÇİBDİ
Eşqin bu könlümə ərməğan kimi,
Ayazda, şaxtada gün doğan kimi,
Alovlu səhraya nur yağan kimi,
Könlümdə nazının gülü açıbdı!
Ömrümə nur saçan çıraq kimisən,
Qələminə sadiq varaq kimisən,
Nə olsun uzaqsan, qıraq kimisən,
Könlümə qəmzənin odu saçıbdı!
Sevginin ətrini alıb bu könül,
Meylini üzünə salıb bu könül,
Rəsmin, xəyalınla qalıb, bu könül,
Minlərin içindən səni seçibdi!
Yanaq lalə kimi, xəfif allıdı,
Ləçəyə oxşayan dodaq ballıdı.
Ruhum nəğmə deyir, yaz əhvallıdı,
Bu könül nazının meyin içibdi!
12.10.2016
“HƏ” SÖZÜN
İsmətə qısıldın, susdun, dinmədin,
Deyəsək bir kəlmə dilində qaldı.
Qürur zirvəsindən düşüb enmədin,
Sevda baxçasını duman, çən aldı!
Hələ də dilində o, bircə kəlmə,
Rəsmim ürəyinin küncündə, əsir!
Dodaqda yarpaqtək əsdikcə kəlmə,
Hicran divə dönür, yolları kəsir!
Tutaş kipriklərin qaldırıb gülüm,
Çəkmə gözlərimdən ahu gözünü.
Dilindən könlümə saldırıb, gülüm,
Pıçılda qəlbimə bir “HƏ” sözünü!
11.10. 2016