ni

QAÇMA BU EŞQİMDƏN, A ZALIM OĞLU

Mən könül duyğusu, könül açarı,
Qaçma bu eşqimdən, a zalım oğlu.
Bağlama üzümə üzünü barı,
Qaçma bu eşqimdən, a zalım oğlu.

Tellərim nə vaxtdır bir ələ həsrət,
Qönçə məhəbbətim bir dilə həsrət,
Solur sevda bağım bir gülə həsrət,
Qaçma bu eşqimdən, a zalım oğlu.

Ümidlər pərəndi, arzular daşqın,
Ömür vəfasızdı, zamansa çaşqın,
Gəl məni özündən eyləmə qaçqın,
Qaçma bu eşqimdən, a zalım oğlu.

Mən eşqin dəlisi, mən eşqin açı,
Çəkmişəm bu yolda çox ehtiyacı,
Ya öldür, ya da ki, eylə əlacı,
Qaçma bu eşqimdən, a zalım oğlu.

Məni məndən alıb zamanım, vaxtım,
Eşqin sarayında əyilib taxtım,
Sən gəlin taleyim, ya da qız baxtım,
Qaçma bu eşqimdən, a zalım oğlu.

Bir dağam, dərdimi kimə söylərəm,
Yolunda can qoyub, ömür ələrəm,
Nəcibə adında huri mələyəm,
Qaçma bu eşqimdən a zalım oğlu.

BƏLALI EŞQİN

Eh…mənim ömrümü yarı eylədi,
Utancaq, ismətli, həyalı eşqin.
Ağardıb saçımı, qarı eylədi,
Sənin daş ürəkli, qayalı eşqin.

Saldı, körpü saldı, könlüm evinə,
Hicranı qoymadı vüsalım dinə,
Düşüb gözlərimin yenə sehrinə,
Oxlayır qəlbimi bəlalı eşqin.

Sinir ürəyimə dərd boxçasıyla,
Könlümü oxşayır xoş baxışıyla,
Bir rəssam əlinin qəm fırçasıyla,
Min yol naxışlayır boyalı eşqin.

Sevda bağçasında səfil eyləyib,
Məni Leyli kimi o kül eyləyib,
Hər nə eyləyibsə qəfil eyləyib,
Düşübdü bəxtimə sayalı eşqin.

AY ÖMRÜMÜ ALAN ADAM

Ömrümün birçək vaxtıdı,
Yaşımın çiçək vaxtıdı,
Sevgimin ləçək vaxtıdı,
Ay ömrümü alan adam.

Ürəyimlə məzələndim,
Eşqim üçün çox ələndim,
Bu sevgim üçün diləndim,
Ay ömrümü alan adam.

Nə olum həvəsim qalıb,
Nə ölüm həvəsim qalıb,
Səndən özgə kimsəm qalıb?
Ay ömrümü alan adam.

Qış bəxtimə xoş kimiyəm,
Bir az əliboş kimiyəm,
Öz ömrümə bir günüyəm,
Ay ömrümü alan adam.

Gündüzümün gözü qara,
Can kəlməmin üzü qara,
Kəfən adlı bezim qara,
Ay ömrümü alan adam.

16.11.2016.