1423756700_sefa-xanim

Mən qəlbimi itirdim,
Bir yoxuş çıxanda.
Sən enirsən indi, əzizim.
Qaytararsan qəlbimi
əgər rastına çıxsa…
Mən qəlbimi itirdim,
O gün yağış yağanda.
Siz tərəflər gündü, bilirəm…
Qurudarsan qəlbimi
əgər rastına çıxsa…
Mən qəlbimi itirdim,
Bu qış soyuğunda.
Könlüm üşüyəndi mənim, əzizim,
İsidərsən qəlbimi
əgər rastına çıxsa…
Mən qəlbimi itirdim…
Yad insanlar çoxluğunda.
Tək qalmağa qorxurdu o,
Əzizim,
Ovudarsan qəlbimi
əgər rastına çıxsa…
08.11.2016. Shefa Eyvaz

Qorxu…

Qorxaq doğulduq bu həyata…
qorxaq.
daha gözümüz açılmadan
üsyan etdik həyata, qorxularla
səsimizlə…
qorxduq həyatın bizə hazırladıqlarından…
bəlkə daha doğular-doğulmaz,
əl-ayağımıza vurulan buxovlar qorxutdu bizi…
həyat bu olsa gərək…
bizi azadlıqdan ayıran bələk.
bəlkə də.

Qorxaq doğulduq həyata…
yetmədi, qorxaq böyüdük…
uşaqkən əllərimizə vurdular
öyrənmək istədiyimizə toxunduğumuzda,
istiyə toxunduq… oddan qorxduq,
yıxıldıq, yeriməkdən…
həyata ilk addımlar atdığımızda.

Qorxaq doğulduq həyata…
qorxduq.
qarşımıza çıxan təpələri dağ sandıq,
kiçicik baryerləri yüksək divarlar…
öyrəndik lazımsızları gözümüzdə böyütməyə
beləcə aldandı gözlərimiz də…
qorxaq böyüdük…

Qorxmamaq lazımdı halbuki…
qorxmamaq.
barmağımızı çatdıra bildiyimizə həyatımızla tutunmaq
savaşa bilmək əllərimizi yandıran odla,
mübarizə aparmaq dizimizi sıyıran
daşla-torpaqla…
yenmək qorxularımızı
irəliyə addımlamaq, ancaq irəli
hətta bəlkə həyatımız bahasına…
bacarmadıq…

Biz həyata qorxaraq doğulduq…
qorxaraq böyüdük…
qorxaraq öləcəyik
Əcəl adlı zəngin son sədasından…

nə idi qorxu, qorxmaq?!
Bəlkə də qorxmaq, qorunmaqdı yox olmaqdan…
kim bilir???
11 sentyabr 2012…