Canım Şəfa bir zaman Sən,
Poçtalyona məktub yazdın.
Müəllif
Canım Bacım Şəfa Vəliyevanın “Poçtalyona məktub” adlı yeni şeirlər kitabının işıq üzü görməsi münasibətilə
Doğma Gəncəmizin hər bir qarışı,
Doğmadır, əzizdir göz yaşım qədər.
Gəncəni, Təbrizi sevirəm, ALLAH,
Təbrizli-Cənublu qardaşım qədər.
Məshəti Anamın qəbri önündə,
Gərək şeir deyib, mən də ağlayam.
Yenə ümidimi, ey ULU TANRI,
Bu qərib dünyada Sənə bağlayam.
Vaxt olub bu qərib, fani dünyada,
Nizami yurduna ayaq basmışam.
Məshəti Anamı unuda bilməm,
Gəncənin eşqinə şeir yazmışam.
Nizami “Xəmsə”si TÜRK dünyasında,
Sevilib, oxunan bir əsər oldu.
Vazehin məclisi* Tiflisə qədər,
Bütün kainata bir xəbər oldu.
Vaxtilə deyildi “Yelizavetpol”,-
Zəngin və qədim bir tarixə Sən bax.
Cavad xan Gəncəni qorumaq üçün,
Meydanda ruslarla döyüşdü bir vaxt.
Dünya şairləri seyr etmək üçün,
Mavi və aynalı Xəzərə gəldi.
Cənubi Qafqazı görməkçün bir vaxt,
Bodenştedt Gəncəyə səfərə gəldi.
Doğma Gəncəmizin çörəyini Sən,
Xəmiri, Kündəni yoğurub, yapdın.
Nigar qeyrətlisən, Həcər hünərli,
Məktub yazmağa Sən cəsarət tapdın.
Göz yaşın, həsrətin hopub bilirəm,
Misrana, şerinə, sözünə Sənin.
Poçtalyona məktub yazıb, ağlayan,
Qurbanam, Ey Şəfa, özünə Sənin.
Mən belə cəsarət edə bilməzdim,
Məni qabaqladın dünyada yenə.
Ruuhumuz Səninlə əkizdi bizim,-
Misralar yadigar qalacaq Sənə.
Doğma Gəncəmizin duyulan səsi,-
Şerin yayılacaq dünyaya bütün.
Könlünün səsini dinləyib yenə,
Sən məktub göndərdin poçtalyon üçün.
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Bakı şəhəri. 30 noyabr 2017-ci il.