1902788_614529541965133_896121757_n

Maraqlı dünyadı…. Yaşamağa dəyər hər halda…. Bəşəriyyət mövcud olduğu dönəmdən bu yana UCA TANRI bəndələrinin bir qisminə xüsusi istedad verir və onun könül dünyasını duyğular, misralar ilə zənginləşdirir. Cəmiyyətin digər üzvlərindən fərqli olaraq, dünyada baş verən ictimai-siyasi hadisələrə subyektiv münasibətini misralarla bildirir. Ən qaranlıq məqamlara belə toxuna bilir. Bu yönümdən, kainat, fəza, kosmos və digər anlayışlar xüsusilə fərqlənir. Belə ki, sosial və bioloji varlıq olan insan dünyaya gəldiyi ilk günlərdən etibarən ömrünün sonuna qədər özünü axtarıb, tapmaq, dünyanı dərk etmək, yaşı və pis əməlləri ayırd etmək, dinlərdən hər hansı birini qəbul etmək, özünə ideologiya seçib, sona ana qədər həmin ideologiyaya sadiq qalmaq kimi seçimlər qarşısında qalır və qəlbinin dərinliyindən gələn səs düzgün seçim etməkdə yardımçı olur.
Hələ sovet hakimiyyəti dönəmində dünya, axirət, kainat, fəza cisimləri, günəş, ay, ulduz və s. haqqında şeirlər yazmaq ötən əsrin 60-70-ci illərində dəb halını almışdı. Ədəbiyyata yeni gələn qələm sahibləri daha çox bu mövzularda qələmlərini sınayırdılar. 80-ci illərdə də həmin ənənə yazarlar ordusu tərəfindən uğurla davam etdirilirdi.
Zəngin yaradıcılıq fəaliyyəti ən yeni dövr Azərbaycan ədəbiyyatının birinci və ikinci mərəhələsinə düşən, təbiət etibarı ilə sakit və son dərəcə narahat olan şair dostum, dünyanın bütün dinləri haqqında geniş bilgilərə malik, SSRİ dönəmində Ədəbiyyat üçün yeni yazarlar yetişdirən böyük bir məktəbin-Moskvada fəaliyyət göstərən Maksim Qorki adına Ədəbiyyat İnstitutunu fərqlənmə diplomu ilə bitirən, ədəbi-bədii nümunələri dövrünün ən nüfuzlu mətbu orqanlarında çap olunan müəlliflərdən biri məhz Əlişad CƏFƏROVDUR. Yaradıcılığı boyu heç kimi yamsılamayan, öz-dəsti xətti ilə oxucuları qarşısına hər dəfə yeni əsərləri ilə gələn, əsərlərinin hər birində fəlsəfə-hikmət özünü qabarıq şəkildə büruzə verir. Hətta, adi gündə-yaşadığı və üzvü olduğu cəmiyyətdə dinindən, cinsindən, mənsubiyyətindən asılı olmayaraq, dərin və məzmunlu söhbətləri ilə hər kəsin könlünü almağa, dünyanı dərk etməkdə yardımçı olmaqda da öz kömək əlini əsirgəmir. Ən əsası da odur ki, cəmiyyətdə və ətraf mühitdə baş verən hadisələri diqqətlə izləyir, müşahidlər aparır, analiz edir və sonra könlünün səsinə qulaq asır. Nəhayət, keçirdiyi narahat hisləri və duyğuları varağa köçürmək anı yaxşınlaşır. Bu zaman qələm şairin ən yaxın dostuna çevrilir, könül dünyasını oxuculara açmaq üçün vasitə olur.
Maraqlı cəhət odur ki, qış fəslində doğulsa da, payız fəsli yaradıcılığının ayrılmaz tərkib hissəsi və əsərlərinin leytmotivini təşkil edir. Bu baxımdan, “Payız dördlükləri” başlığı altında oxuculara təqdim olunan nümunələrin hər birində şairin keçirdiyi narahatlıq özünü hər addımbaşı-hər misrada açıq-aşkar göstərir. Bu hal isə, əslində, normal qəbul olunmalıdır. Ona görə ki, şairlər dünyaya gəldiyi ilk gündən narahat doğulurlar və bu narahatçılıq qəbir evinə qədər davam edir.
Lirik şeirləri qədər səmimi və həsas şair Əlişad Cəfərov payız fəsli ilə əlaqədar şeirlərinin birində yazır ki,

Ümidim bahara itməyibdi ki,
Ümidim qəlbimdə yaraqlanıbdı.
Hansı rəssamınsa əsərindəki
Qadıntək ağaclar çılpaqlanıbdı.

Narahat dünyamızın narahatçılığı, görünür, şair dostumuzun könül dünyasının zənginliyindən, ən əsası da rəssam kimi təbiət hadisələrini nəzmə çəkmək qabiliyyətinin, xüsusilə də istedadının daim inkişaf etməsindən xəbər verir.
Həyatı boyu ən uca qüvvəni-YARADANI arayıb, bulmaq üçün dərvişlər kimi sufi həyat yaşayır, dərk edilməsi gərəkən bir çox faktlara söykənir və sonda istədiyinə nail olmaq üçün bu şair mənalı yaşayır. Yaradıcılığı boyu XIII-XIV əsrdə Türkdilli təsəvvüf ədəbiyyatının ilk böyük nümayəndəsi, Təkkə şeirinin öncülü, “Vəhdəti-vücud” fəlsəfəsini yaradıcılığında uğurla davam etdirən USTADIM DƏRVİŞ YUNUS ƏMRƏNİN ideyalarına yaxşınlaşır. Bu mənada, şairin fəlsəfi şeirləri xüsusi önəm kəsb edir:

Səni bizə eyləyən
Xaliqinə qurban olum.

Ümumilikdə, ümumbəşəri problemlərə toxunaraq, öz fəlsəfəsinə daim sadiq qalan şair dostum, filosof Əlişad Cəfərova UCA TANRINI arayıb, sonucda bulması diləyi ilə

Kənan AYDINOĞLU,
Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Bakı şəhəri. 15 noyabr 2017-ci il.