em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

SƏNİN

Yandır ürəyimdə, bu eşqi yandır,
Qəlbimsən , ruhumsan xeyli zamandır,
Sözünün əvvəli, sonu da candır,
Heç küsmək olarmı sözündən sənin.

Dodağın şirindir beçə balından,
Mən xəbər tuturam hər gün halından,
Baxdıqca doymuram gül camalından,
Bir şəfəq süzülür üzündən sənin.

Yaman öyrətmisən özünə məni,
Heyran eyləmisən sözünə məni,
Salmısan yoluna, izinə məni,
Günəş, ay boylanır gözündən sənin.

Cənnət mələyisən qönçə çiçəksən,
Vallah gözəllikdə dünyada təksən,
Sən elə gözəlsən, elə göyçəksən,
Xəbərin yoxdumu özündən sənin

PAYIZ

Payız gəlib, yağışı var, çəni var,
Neyləyəsən, adam bir az darıxır,
Yetişibdı bağ-bağçada heyva, nar,
Sellər , sular qəmli-qəmli hey axır.

Payız gəlib, saralıbdı çöl, çəmən,
Xatirələr yarpaq-yarpaq danışır.
Ürəklərdə səhər-axşam kövrələn,
Xəyallar da zirvə aşır, dağ aşır.

Payız gəlib,aralığı qəm alıb,
Qış qonubdu zirvələrin qaşına,
Gecələrin üşütməsi çoxalıb,
Dağlar atıb ağ örpəyin başına.

Payız gəlib, cilovsuzdu küləklər,
Dərd boy atır, başlayanda yağışlar,
Durna köçür, dərd-qəm yazır lələklər,
Həsrət üstə köklənibdi baxışlar.

Payız gəlib, yarı yazdı, yarı qış,
Ümidləri saralanlar təklənir,
Ayrılıqdan sızldayan ürəklər,
Bir vağzalı havasına köklənir.