“Onlar məni cəzalandırmasaydılar mən istənilən nəticəni əldə edə bilməzdim”
Bu Günkü müsahibim, sənətinə və şəxsiyyətinə dərin hörmətlə yanaşdığım Əbdüllətif Maqsudovdur. Həmişəki kimi həkimin qəbullunda xəstələri vardı. Xəstəni müayinə edib, lazımı təlimatları verdikdən sonra mən Əbdüllətif həkimin kabinetinə daxil oldum və həkimdən müsahibə almaq istədiyimi bildirdim. Çox sağ olsun iş qrafikinin sıx olmasına baxmayaraq müsahibəyə razılıq verdi. İnanıram ki, bu dəfəki müsahibəmiz də olduqca maraqlı alınacaq.
– Əbdüllətif həkim el həkimi adı qazanıb. Bunun üçün uzun və olduqca çətin bir yol keçib. Çünki bütün həkimləri eyni deyimlə tanımazlar. Bəllidir ki, qazandığınız böyük hörmət və ehtiram, keçdiyiniz çətin və şərəfli yolun çəkdiyiniz əziyyətlərin bəhrəsidir. Yaxşı həkim olmağın sirri nədədir?
– Yaxşı həkim, yaxşı müəllim və yaxud da digər sahələrdə çalışan insanların yaxşı adını qazanması üçün işinin mütəxəssisi olmaq gərəkdir. Yaxşı həkim olmağın bir neçə qızıl qaydaları var, əvvəla gərək həkim savadlı və məsuliyyətli, düzgün, humanist olsun və ən başlıcası nəfsinə qalib gəlməyi bacaran əsil insani keyfiyyətləri özündə birləşdirən bir şəxs olsun. Həkimin mütəxəssis kimi formalaşması üçün, onun uzun müddət praktik təcrübəyə malik olması vacibdir. Hər bir həkim yaxşı psixoloq olmalıdır. Təcrübədən göründüyü kimi müxtəlif düşüncəli, müxtəlif xarakterli xəstələr müxtəlif problemlərlə, həkimə müraciət edirlər. Xəstələrin içərisində Əqli-ruhi problemlərdən əziyyət çəkənləri də olur. O zaman Həkim xəstənin öz xarakterinə və problemlərinə uyğun onunla davranmağı bacarmalıdır. Necə deyərlər: “Hərə ilə öz dilində danışmağı bacarmalıdır. Bəzən emosional xəstələr olur ki, onlarla da dil tapmalı olursan. Yaxşı həkim vətəninə, xalqına, insanlığa, xidmət etməyi bacarmalıdır.
– Bildiyim qədər ziyalı bir mühitdə böyümüsünüz.
-Bəli, 1956-cı ildə İsmayıllı rayonunun Diyallı kəndində ziyalı ailəsində doğulmuşam. Atam Kolxoz sədri işləyirdi, Qardaşlarım, bacılarım da ali təhsillidirlər. Böyük qardaşım Neft-Kimya İnstitutunu bitirib. Kiçik qardaşım Aviasiya akademiyasını bitirib. Dayılarım da Uzun illər Bakı şəhərində yüksək vəzifələrdə çalışıblar. Ailə tərkibimiz də həkimlərdir. Oğlum, gəlinim həkimdirlər.
– İstədiyiniz ixtisası ala bilərdiniz. Amma həkim oldunuz. Bu sizin uşaq yaşlarından formalaşan arzu və planınız idimi? Yoxsa ki, həkimlik arzusu sizdə hansısa bir zərurətdən yaranıb?
– Doğrudur dediyiniz kimi istədiyim ixtisasa yiyələnə bilərdim. Çünki orta məktəbi yüksək nəticələrlə bitirmişəm. Bütün qiymətlərim “5” olurdu. Oxuduğum illərdə iki dəfə “4” qiyməti almışam. Və mən bu günə qədər mənə aşağı qiymət yazan müəllimlərimə minnətdaram. Onlar məni az qiymət yazmaqla cəzalandırmasaydılar mən istənilən nəticəni əldə edə bilməzdim. Mənim həkim olmaq hələ uşaq yaşlarından planımda var idi. Ona görə də Yalnız bu ixtisasın dalınca getdim. Qaldı ki, həkimlik arzusu məndə haradan formalaşmağına, kiçik yaşlarımdan Kəndimizdə çalışan Feldşer Əziz həkim vardı. Bizlərdə kiminsə səhhətində əngəl yaranan kimi Əziz həkimə müraciət edirdik. Mən onun xəstələrə necə can yandırdığını gördükcə bu sahəyə olan marağım daha da artdı. Və mən gələcəkdə həkim olacağıma qərar verdiyimdə V-VI siniflərdə oxuyurdum. Həmin vaxtlar Tibb İnstitutuna daxil olmaq çox çətin idi. Mən də 1973-cü ildə Tibb İnstitutuna daxil olmadıqda sənədlərimi Universitetin Biologiya Fakültəsinə verdim və daxil oldum. Lakin Həkim olmaqda qərarlı idim deyə sənədlərimi geri götürdüm. Bir il müddətinə soyuducu zavodunda çalışdım. İnstituta hazırlaşdığım müddətdə bütün xərclərimi öz qazancım ilə idarə edirdim. Növbəti il Allaha şükürlər olsun ki, mən bu çətinlikləri dəf edərək Diyallı kəndindən ilk Həkim statusu alan məzun oldum. Yaxşı bilirsiniz ki, Diyallı təhsildə öz sözünü demiş məkandır. Sinfimizdə oxuyan 25 məzundan 19-u ali məktəbə daxil olmuşdu. Mən özüm təhsil aldığım illərdə Biologiyadan keçirilən I Respublika Olimpiadasında üç dəfə birinci yeri tutmuşam. İşlədiyim illərdə də kənddən 6 nəfər məzunun tibb institutuna hazırlaşıb daxil olmasına köməklik göstərmişəm.
– Hal-hazırda pedaqoq kimi də fəaliyyət göstərirsiniz. Həkimlik sənəti daha çətin və məsuliyyətlidir, yoxsa ki, müəllimlik peşəsi?
Bilirsiniz, bütün peşələrin özünəməxsus çətinlikləri, məsuliyyət dərəcəsi, ağırlığı olur. Eləcə də həm həkimlik, həm də ki, müəllimlik sənətləri. Öz işinin peşəkarı olanlar üçün heç bir sahə çətin olmaz. Amma bəllidir ki, peşəkarlıq özü də uzun illərin təcrübəsini tələb edir. Yaxşı həkim insanların fiziki cəhətdən sağlamlığına xidmət edir, sağlam fiziki imkanları olan və gözəl əhval-ruhiyyəsi olan, normal psixoloji durumu olan, xoşbəxt bir cəmiyyət formalaşdırır. Yaxşı müəllim isə insanların psixi, tərbiyəsini təmin edir. Cəmiyyətin savadlı, dünya görüşlü və ruhən sağlam olmasına xidmət edir. Nəticə etibarı ilə hər iki sənətdə çalışan insanlar cəmiyyətin sağlam və firəvan formalaşmasına, xalqın rifahına xidmət edir. Mənim üçün hər iki sənət sevimli və məsuliyyətlidir.
– İlk təyinatınızı haraya aldınız?
İlk təyinatımı İsmayıllıya Təcili Tibbi Yardım Məntəqəsinə vermişdilər. Daha sonra Təzəkənddə işlədim. Bu günə qədər qazandığım bütün nəaliyyətlərimin təməli də Təzəkənddən başlandı.
Bütün arzularımızı reallaşdırmağa nail olmuşuq. Belə ki, insan öz arzularını reallıqlara əsaslandırarsa, yəni düzgün strategiya qurarsa təbii ki, xoş nəticələr əldə edəcəkdir.
– Siz bir sıra fəxri adlara layiq görülmüsünüz. Aldığınız mükafatları bilmək maraqlı olardı.
Hamısını saya bilməsəmdə deyə bilərəm ki, mənim gördüyüm işlər dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Məsələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlətçilik siyasətini uğurla həyata keçirdiyinə görə “Şəfalı Əllər” diplomuna, “Xalq və Azərbaycan Naminə” Fəxri Diplomu ilə təltif edilmişəm. Həmçinin Rayon İcra Hakimiyyəti və Rayon Səhiyyəsinin də bir neçə fəxri fərman və diplomlarına layiq görülmüşəm. Bütün verilən dəyərlərə görə Dövlətimizin Başçısına, Səhiyyə Nazirliyinə və Rayonumuzun başçısına minnətdarlığımı bildirirəm. Bir həkimin ən böyük uğuru onun humanistliyi, düzgünlüyüdür.
– Azərbaycanın bu günkü səhiyyə durumunu necə qiymətləndirirsiniz?
Uzun illərdir ki, səhiyyədə çalışan insan kimi deyə bilərəm ki, Səhiyyəmizin ən möhtəşəm vaxtıdır. İndi Azərbaycan səhiyyəsi yüksək səviyyədə inkişaf edib. Ölkəmizdə ən son tibbi avadanlıqların və peşəkar həkim kontingentinin səyləri nəticəsində dünyanın ən ağır və riskli sayılan açıq əməliyyatlar da artıq ölkəmizdə aparılır. Əvvəllər əhali müayinə və müalicə üçün xaricə üz tuturdusa artıq insanlar öz ölkəsinə müayinə və müalicə olunurlar. Eləcə də bölgələrdə, hətta ən ucqar kəndlərdə belə ən müasir avadanlıqlarla təmin edilmiş həkim məntəqələri xidmət göstərir. Bir sözlə dövlətimiz xalın sağlamlığına olan xidmətləri dəfələrlə artırıb. Səhiyyəmizə Dövlət tərəfindən külli miqdarda vəsait xərclənir. Nəticə etibarı ilə isə İnkişaf etmiş Avropa ölkələri ilə müqayisə olunacaq qədər inkişafımız var.
– Hərbi komissarlığın həkim kontingentinə rəhbərlik etmək nə dərəcədə çətindir? Bu sahədə çalışan həkimlərin üzərinə hansı məsuliyyət düşür?
Hərbi Həkim Komissiyasının sədri olmaq böyük məsuliyyətdir. Ekspert komandaya rəhbərlik edən həkim olduqca diqqətli və məsuliyyətli çalışır. Axı biz vətənimizi əsgərlərimizə əmanət edirik. Gərək əsgərlərimizin tam sağlam olmasında əmin olaq. Hərbiyə tam sağlam kadrlar göndərməliyik. O zaman əmin ola bilərik ki, vətənimizin müdafiəsi əmin əllərdədir.
– Azərbaycanda uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər hansılardır?
Hərbi Hazırlığa qədər bir neçə dəfə müayinələr keçiririk, bu zaman məlum olur ki, bütün dünyada olduğu kimi ölkəmizdə də uşaqlar arasında bir sıra xəstliklər geniş yayılıb. Bunlardan Ürək-damar sisteminin xəstəliklərini, qan azlığı xəstəliklərini, cırtdanboyluluq, əsəb-sinir xəstəliklərinin adını çəkmək olar.
– Cırtanboyluluğun yayılma səbəbləri nədir?
Tibbdə Talikovo adlanan sindiromdur. Hipofiz vəzinin fukisyasnın pozulmasından yaranan xəstəlikdir. Çəkisi 0,5-0,6 qram olan vəzin düzgün işləyə bilməməsidir.
– Son zamanlar televiziyalarda peyvəndlə bağlı anti-reklamlar göstərilir. Buna görə də bir çox valideyn övladının peyvənd olunmasını istəmir. Bu nə dərəcədə düzgündür?
Peyvənd uzun illərin təcrübəsidir. Peyvənd olunmuş insan yenidən həmin xəstəlikdən əziyyət çəkmir. Dövlətimizin peyvəndin proflaktikası ilə bağlı öz qanunları var. Doğrudur peyvəndlərin sayı artıb. Amma gəlin razılaşaq ki, xəstəliklərin də sayı artıb. Peyvənd həmin xəstəliklərdən sığorta vasitəsidir. Uşağın gələcək sağlamlığı üçün bir zəmanətdir.
– Normal qidalanmaya bir həkim kimi münasibətiniz necədir, idmançı necə qidalanmalıdır?
Sağlam həyat tərzi, düzgün qidalanma, zərərli vərdişlərdən uzaq durmaq insanın sağlam olmasına zəmin yaradır. Əsəb-sinir sisteminin sakit olması, insanların həyat şəraiti düzgün qurulduqda risk faktorları aradan qalxır.
– Hansı sualı eşitmək istəyərdiniz?
Görünür siz bizim sahəni yaxşı bilirsiniz. Suallarınız o qədər əhatəli oldu ki, məncə zəruri olan sualları səsləndirdiniz.
Sonda Əbdüllətif həkim sizə müsahibəmizə vaxt ayırdığınız üçün dərin minnətdarlığımı bildirirəm. Olduqca çətin və bir o qədər də şərəfli, əsil həyat eşqi verən sənətinizdə sizə daim yüksək zirvələri fəth etməyinizi arzu edirik. Yüksək uğurlarınızı qeyd etmək ümidi ilə, sağ olun. Allah amanında.
Elnarə Günəş
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü