1990-cı il. Bakıda 20 Yanvar faciəsi törədilib. Sovet imperiyası rəhbərliyinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın suverenliyini və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Bakıya yeritdiyi böyük ordu hissələri amansız cinayətlər və kütləvi qırğınlar törədib. O qanlı gecədə milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Lakin sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmadı. Bu yolda ilk şəhidlərini verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşdu. Azərbaycan tarixinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.
2010-cu il. Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.
1977–ci il. Tanınmış Azərbaycan şairi, publisist, Əməkdar Mədəniyyət İşçisi Zeynal Cabbarzadə vəfat edib (1920-1977). Kiçik yaşlarından yaradıcılığa başlayan Z.Cabbarzadənin “Puşkin” adlı ilk mətbu şeiri 1937-ci ildə dərc edilib. Onun ilk kitabı olan “Xaniman”da cəbhə şeirləri toplanıb. Z.Cabbarzadə “Əfzələddin və şah”, “Arzular”, “Yaylaqda” və digər əsərlərin müəllifidir. Şairin “Neyləsin”, “Bakı”, “Yel əsər”, “Axşam”, “İlk bahar”, “İntizar”, “Sürəyya”, “Sən mənimsən, mən sənin ” və başqa şeirlərinə bəstələnmiş mahnılar korifey sənətkarlarımız tərəfindən ifa olunub. Z.Cabbarzadə bir sıra uşaq mahnılarının söz müəllifidir. “Bahar gəlir”, “Qatar”, “Quzum” şeirlərinə yazılmış mahnılar uşaqların sevimlisinə çevrilib.
2003-cü il. Azərbaycanın məşhur futbol hakimi Eldar Əzimzadə vəfat edib (1934-2003). E.Əzimzadə keçmiş SSRİ-nin tanınmış futbol hakimlərindən idi. O, üç dəfə SSRİ-nin ən yaxşı hakimi seçilib, doqquz dəfə ən yaxşı yeddi hakimi sırasına daxil olub. E.Əzimzadə futbol üzrə SSRİ çempionatında 148 matçda meydanda olub. 1980-ci ildə Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarının futbol turnirinin final matçını (Çexoslovakiya-ADR) idarə edib. 1977-ci ildə Tunisdə yeniyetmələrdən ibarət milli komandalar arasında keçirilən birinci dünya çempionatında mərkəzi oyunlardan birini – Tunis-İspaniya görüşünü (1:1) idarə etdikdən sonra həmyerlimiz beynəlxalq dərəcəli hakim normasını ödəyib. Həmin il SSRİ birinciliyinin güclülər dəstəsində 100-dən artıq matça hakimlik etdiyinə görə E.Əzimzadə SSRİ Futbol Federasiyasının qızıl medalına layiq görülüb və o, dördüncü dəfə ölkənin on ən yaxşı hakimi siyahısına daxil olub.
1880-ci il. Azərbaycanda ilk dəmir yolu istismara verilib. Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanılıb. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu ilə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verilib. “Neft sahəsi” adlanan bu xətlərin tikintisi 1879-cu ilin sonunda başa çatdırılıb və 1880-ci il yanvarın 20-də istismara verilib. 1879-cu idə “Simens qardaşları” tərəfindən Gədəbəy mis-filiz mədəni və Qalakənd misəritmə zavodu arasında darxətli dəmir yolunun inşasına başlanıb və 29 verst uzunluğunda olan bu xəttin çəkilməsi 1884-cu ilin yanvarında başa çatdırılıb.
Mənbə: http://www.azertag.az