zərbaycan ədəbiyyatının görkəmli söz sərraflarından biri, Xalq şairi Rəsul Rza xalq arasında sonsuz şöhrət qazanmış, böyük istedadı, zəngin və hərtərəfli bədii təfəkkürü ilə ölümsüz əsərlər yaratmış ustad sənətkardır. O, yüksək bədii dəyəri, bəşəriliyi, milliliyi və rəngarəngliyi özündə ehtiva edən gözəl əsərləri ilə həyat həqiqətlərini incəliklərinə qədər əks etdirib, yaradıcılığı və çoxşaxəli fəaliyyəti ilə yaddaşlarda dərin iz qoyaraq xalqımıza misilsiz sənət inciləri bağışlayıb. Bu gün bənzərsiz söz adamının anadan olmasının 109-cu ildönümü tamam olur. Rəsul Rza poeziyasının vurğunlarından olan filologiya üzrə fəlsəfə doktoru, yazıçı, publisist Şəfəq Nasir unudulmaz şairin ömür yoluna və yaradıcılığına bir daha işıq tutub, onun həyat fəlsəfəsi barədə fikirlərini paylaşıb. AZƏRTAC-ın sifarişi ilə qələmə alınmış yazını təqdim edirik.
Rəsul Rza Azərbaycan ədəbiyyatı tarixində XX əsr milli, ictimai şüurun yeni bir istiqamətdə formalaşması və inkişafında yaradıcılığının bədii kəşfləri, yenilikləri ilə çağdaş poeziyamıza yeni nəfəs gətirmiş, onu özünün poetik ziyası ilə rövnəqləndirmişdir. Ömrünün mənəvi davamı da əsərlərinin ideya və məzmununun milli-bəşəri mahiyyət kəsb etdiyinin, yeni yaradıcı nəsillərin yetişməsində bir məktəb yaratdığının bariz nümunəsidir. Bu gün şairin milyonlarla oxucusundan biri olaraq, həm də qələm sahibi kimi, haqqında söz demək istəyində olduğumdan vaxtilə, elə indinin özündə də oxuduğum əsərlərini göz önündə canlandırdım. Açığı, bu yaradıcılığın nəhrində onun poeziyasından, tərcümə, publisistika və pyeslərindən ətraflı bəhs etmək, bütövlükdə irsinə nəzər salmaq yığcam bir yazının imkanı xaricində olduğundan fikrimdə başqa bir yol aradım. Rəsul Rza az-az diqqətdə olan elə bir ədəbiyyat adamıdır ki, onun yaradıcılığı, ümumən irsi bir baxışda, yaxud hər bir əsəri ayrılıqda, yenicə nəşr etdirdiyi bir kitab, bir şeiri belə yarandığı zamanda rezonans yaratmış, ədəbi mühitdə qaynar qarşılanmışdır. Bu əsərlərə istər özünün ədəbiyyata gətirdiyi yenilikləri, təhlil-təqdiri ilə, istərsə də tənqidi aspektdə (bunlar əsasən onu dərk etmək qüdrətindən kənar olanların, qısqanclıq xəstəliyindən, gözgötürməzlikdən yaranırdı) dönə-dönə müraciət olunduğundan yazının tam başqa bir məzmun-məqsədi müstəviyə gətirilməli idi.
Burda onu deməliyəm ki, R.Rzanı olduğu kimi, daha aydın və dolğun, həm yaradıcılığını, şəxsiyyətini, insana, milli ideallara münasibətini, həm də əsərlərinin yaranma tarixini və ideyasını, dünya ədəbiyyatına bələdliyini, görkəmli ədəbi simalarla dostluğunu, bir sözlə, olum tarixindən fiziki yoxluğunadək, ondan sonra davam edən həyatını dərindən bilən, müşahidə edən, bir çox məsələlərdə də ədəbi intuisiyası ilə duyan övladı, məsləkdaşı Anardır. Yazıçının Rəsul Rzanın həyatı və yaradıcılığından bəhs edən “Mübarizə bu gün də var…” monoqrafik əsəri hələ nəşr olduğu zamanda məndə böyük təəssürat yaratmışdı. Şairi yenidən oxumaq, yaradıcılıq yolunu izləmək, məsləkinə bələd olmaq, ədəbi şəxsiyyətin görünməyən tərəflərini dərk etmək məqsədilə bu kitabı qısa bir vaxtda vərəqləməyi məqsədəuyğun bildim (əsərin dərcindən 17 il ötməsinə baxmayaraq, onu indiki düşüncəmlə yenidən, arxayın bir vaxtda ondan zövq alaraq oxumaq və geniş mənada qeydlər etməyimi bir qədər sonra reallaşdırmağı düşünürəm. Əslində, hər hansı bir əsəri nəzərdən keçirib, yeni baxışla təhlil-tədqiq etmək bütün zamanlarda ədəbiyyatşünaslığın, ədəbi tənqidin vəzifəsidir və bunlar hər vaxt da yeni iş kimi qarşılanır). İndiki halda şairlə bağlı nələrisə öyrənmək, bildiklərimə xatirələr işığında qayıtmaq istəyəndə Anarın böyük vətəndaş şairə həsr etdiyi adıçəkilən əsərinə yığcam şəkildə münasibət bildirməyi vacib sanıram.
Əlbəttə, ədəbi şəxsiyyətin keçdiyi ömür yolu, yaradıcılığının bütün istiqamətlərdən araşdırılması, tədqiqi, onun fiziki yoxluğundan sonra daha dəqiq, yeni faktlar, dəlillər və yeni düşüncənin işığında böyük məsuliyyət, dəqiqliklə araşdırılır. Əks təqdirdə faktlara və hadisələrə yanlış münasibət, şişirtmə və ya ideyanı doğru mövqedən təqdim etməmək, yaradıcılıq yolunu aydınlığı ilə göstərməmək, əzəli tədqiqatçının özünə, onun qələminə hörmətsizlikdir, sonra da yazıçının şəxsiyyətinə, ədəbi-bədii irsinə xəyanətdir. Mənin “Mübarizə bu gün də var…” monoqrafiyası haqqında ilk fikrim belədir ki, Anar bu əsərini yazarkən ona doğma, əziz olan mövzuya böyük məhəbbət və məsuliyyətlə, həm də sanki kənar gözlə yanaşıb.
Bu əsərdə böyük bir ictimai-siyasi, ədəbi mühit var, bu mühitin bir neçə nəslinin ədəbi simaları, dövrün ziddiyyətləri olduqca həssaslıqla, doğru mövqedən araşdırılıb, təhlil olunub. Özü də bu təhlil elmi-nəzəri-metodiki istiqamətdə deyil, ədəbi-publisistik formada, hissiyyat və duyumun ən yüksək məqamlarının təsiri altında işlənilib. Belə bir əsəri Anardan özgə kim yaza bilərdi? Başqa bir tərəfdən, Anar bu əsərində ona, eləcə də ədəbiyyat tariximizə doğma və gərəkli olan bu mövzunu bir vətəndaş, ziyalı düşüncəsi ilə, azərbaycançılıq məfkurəsinin işığında arayıb-toplayıb, böyük bir ədəbi arxivin bütün sənədlərini (yaddaş arxivi də ilk sırada olmaqla!) araşdıraraq, doğru qənaətlər əldə edərək, ən başlıcası da tərəfsiz, qərəzsiz münasibət bildirməklə təqdirəlayiq bir əsərin yazılmasına nail olub. Bu fikrin barizliyinə bir nümunə: “Rəsul Rza Azərbaycan ədəbiyyatına danılmaz yeniliklər gətirmiş, çağdaş şeirimizdə tamamilə yeni bir yol açmış və bu yolla ömrünün sonuna qədər ardıcıl addımlamış şairdir. Təbii ki, bu yolu bəyənmək də olar, bəyənməmək də. Bu, zövq məsələsidir. Bu yolu qəbul etmək də olar, etməmək də. Bu da meyl, səviyyə, marağın yönüylə bağlıdır. Bu yolla getmək də olar, getməmək də. Bu da istək, şübhəsiz bacarıq məsələsidir. Çünki tək istək azdır, bu yolla getməyi bacarmaq da lazımdır. Hətta bu yolla gedib, bu yolla getdiyini inkar etmək də mümkündür. Bu da insaf məsələsidir. Amma istər məzmun zənginliyi, mövzuların üfüq genişliyi, istər forma, vəzn, ritm, intonasiya, obrazlar sistemi, deyim tərzi, söz təzəliyi, ifadə orijinallığı, qafiyələrin, təşbehlərin bənzərsizliyi baxımından Rəsul Rza yaradıcılığının unikallığını ədəbi vicdanı olan heç kəs inkar edə bilməz…”
Hanı burda tərəfkeşlik? Əslində bu, bir ziyalı olaraq həqiqi ədəbiyyatın keşiyində durmaqdır, şairi anlamayanların yersiz hücumlarından, qarayaxmalarından qorumaqdır. Anar R.Rzanı, onun ömür-sənət yoldaşı, ilham pərisi Nigar xanımı bir övlad məhəbbətilə, yaddaşında şırım açmış xatirələrin izi ilə, digər tərəfdən də əvvəldə qeyd etdiyimiz kimi, ədəbi şəxsiyyətlərin arasında və yaratdığı əsərlərin fonunda təqdim edib.
Kitabın mövzusu birdir, amma onun şaxələndiyi hadisələr, istiqamətlər, mövzu içində mövzuların, müxtəlif məqamların qol-budağı çoxdur, lap çox. Onlara ayrılıqda nəzər salmaq, ümumilikdə xırda çayların axıb-töküldüyü dənizə “baş vurmaq” növbəti bir yazımızın qayəsi olacaq.
Rəsul Rzanın yaradıcılığı çoxşaxəli, çoxçeşidli, eyni zamanda, özünün dərin, fəlsəfi çalarları, ideya-məzmunu ilə nəhəng bir düzənlikdəki çəmənzarı, gülzarlığı xatırladır. Hər birinin öz biçimi, öz rəngi, nəfəsi və ən ümdəsi ideyası var. Şairin ilk kitabı “Çapey”dən sonra vaxtaşırı çoxlu sayda əsərləri işıq üzü görmüş, ədəbi ictimaiyyətə təqdim olunmuş, oxucuların ixtiyarına verilmişdir. Onların sırasında bir neçəsinin adlarını xatırlatmaq da yerinə düşür: “Mən torpağam”, “İnsan”, “”İşıqlar üşüyəndə , “Etiraf”, “And”, “Mirzə Cəlilin nisgilləri”, “Təyyarədə düşüncələr”, “Dəniz haqqında nəğmələr”, “Rəngli yuxular”… şeir topluları, “Poeziya zəhmət və ilhamdır”, “O gün-bu gün”, “Ötən günlər”, “Milli şüur və milli iftixar”, “Uzaq ellərin yaxın töhfələri”… publisistik kitabları , “Ağ rəngin simfoniyası”, “Azərbaycan elmi”, “Bəxtiyar”, “Böyük ömrün anları”, “Eldən soruş”, “Kəndlilər, “Qız qalası”, “Qızılgül olmayaydı”, “Tikdim ki, izim qala”, “Üzeyir ömrü”, “Yaşıl rəngin qamması”, “Yuva qurdum söz içində”… filmləri, “Vəfa”, “Görüş” pyesləri yaradıcılığının geniş üfüqlərindən xəbər verir.
Şair, publisist, ssenaristin tərcümələri də dilinin səlis, axıcı və rəvan olması ilə, həm də bədii dəyəri, siqləti ilə həmin əsərlərin həmişəyaşarlığının göstəricisidir. Azərbaycan oxucusu Rəsul Rzanın tərcüməsində Fransua Viyon, Robert Berno, Henrix Heyne, Mixail Lermontov, Nikolay Nekrasov, İvan Turgenev, Taras Şevçenko, Emil Verxarn, Artur Rembo, Vladimir Mayakovski, Marina Svetayeva, Rabindranat Taqor, Federiko Qarsiya Lorka və onlarla dünya ədəbiyyatının görkəmli şair və yazıçılarının əsərlərindən nümunələri dilimizə çevirmişdir. Bununla şair həm də xalqlar ədəbiyyatının bir-birinə yaxınlaşmasının, təbliğinin və təəssübünün də qayğısına qalıb. Bu əsərlərin hər biri onun tərcüməçilik səriştəsi, orijinal üslub və dəstxəti haqqında da layiq olduğu fikirləri söyləməyə əsas verir.
Deyilənə görə, Rəsul Rza cod, sərt adam olub. Amma onun bir çox şeirlərini oxuyanda bu fikrə birmənalı yanaşmaq olmur. İnanıram ki, indi “Məndə ixtiyar olsa” şeirindən gətirəcəyim nümunə oxucuların də ürəyindən olacaq:
Mən istəyirəm:
buludlar ağlasın,
uşaqlar ağlamasın,
analı, ya anasız.
Mən istəyirəm:
güllər açılsın,
Güllələr açılmasın.
… Hər şey insana baxsın,
İnsan ələ baxmasın.
Axsın bulaqlar gözyaşı kimi
torpağın üzərində
Göz yaşı bulaq kimi axmasın
dünyanın heç bir yerində
– deyən şair, körpələrin taleyindən yana nigarançılığını, İnsan oğlunun qürurunun, qeyrətinin təəssübkeşi kimi ürəyinin istəklərini dilinə gətirir. Əslində, Rəsul Rza ədalətsizliyə, yalana, xəyanətə qarşı coddur, sərtdir, barışmazdır. O, həmişə həqiqətin, haqsız yerə incidilənin yanında olub, istedadlılara qayğı göstərib.
Bir haşiyə: Heykəltəraş Münəvvər Rzayevanın məndə olan gündəliyində onun Rəsul Rza ilə bağlı qeydlərini oxumuşam. Münəvvər xanım yazır ki, Mikayıl Müşfiqin heykəlini işləmişdim. Rəsul Rza Cəfər Cəfərovla emalatxanama gəlib hələ üzə çıxarmadığım heykəli görmüş və ikisi də onu çox bəyənmişdi. Şair 20 günə bu işi böyütməyi məndən xahiş etdi, daha doğrusu, mənə ictimai tapşırıq verdi. O vaxt R.Rza Yubiley Komitəsinin sədri idi. Müşfiqin heykəlini doğum gününə çatdırmağımı istəyirdi. İşi deyilən vaxta qədər tamamladım. Lakin bədii şura işimi qəsdən gözdən salır, qəbul etmək istəmirdi. Bir gün Rəsul müəllim mənə zəng etdi, xəbər aldı ki, niyə səsin çıxmır? Mən vəziyyəti olduğu kimi dedim. Rəsul müəllim əsəbiləşdi, mənə tapşırdı ki, Şuranın növbəti yığıncağında mənə xəbər elə. O, Bədii şuranın yığıncağına gəlib çatdı. Şuranın üzvləri bir-bir çıxış edib, deyirdilər ki, burda obrazlılıq yoxdur. Rəsul Rza onları təmkinlə dinləyib, çıxış üçün söz aldı. Üzünü çıxış edənlərə tutub hamısına müraciətlə dedi ki, Müşfiqdən bir şeir söyləsinlər. Heç birindən səs çıxmadı. Rəsul müəllim belə olanda dedi: “Amma biz Müşfiqlə yaxın olmuşuq, günlərlə bir-birimizə şeirlərimizi oxumuşuq, baş-ayaq yatmışıq, deməli, mən sizdən yaxşı bilərəm ki, burda obrazlılıq var, ya yox. Münəvvər Rzayevanın heykəli Müşfiqin xatirəsinə dəyərli bir töhfədir”. Rəsul Rza heykəlin yerini seçdiyim məkana narazılıq edənlərə də sərt cavab verdi. Bu işdə axıra qədər məni müdafiə etdi…
Rəsul Rzanın yaradıcılığı haqqında bir çox ədiblərimiz dəyərli fikirlər söyləmişlər. Burda onlardan ikisini xatırlatmağı zəruri hesab edirəm: “Rəsul Rza daha ziyada lirik, xitabətçi və inqilabi romantizmə malikdir. Onun şerlərində real hadisələrdən çox real həyəcanlar, canlı xarakter və obrazlar təsvirindən çox canlı təşbeh və məcazlar, canlı, həyati hissiyyat və idrak məfhumları vardır” (Əli Nazim), “Rəsul Rzanın şerləri bəzən son dərəcə incə, həssas, zərif, bəzən də amansız dərəcədə sərtdir. O, yalnız həyat hadisələrini deyil, rənglərin, səslərin, işığın, suyun, dalğaların ifadə etdiyi sevinci, kədəri duymağı və onları duyğular, düşüncələr, xəyallar və xatirələrlə bağlamağa çalışır” (Əhməd Cəmil).
Rəsul Rza heç zaman şöhrət arxasınca qaçmamışdı. O, ancaq yaxşı əsərlər yazmaq barədə düşünür, yazır-yaradırdı. Müxtəlif vaxtlarda “Azərbaycan SSR Əməkdar incəsənət xadimi”, “Azərbaycan SSR Xalq şairi”, “Sosialist Əməyi Qəhrəmanı” və digər adlar da onu yaradıcılığının çiçəkləndiyi, püxtələşdiyi, kamilləşdiyi vaxtlarda tapmışdı…
Rəsul Rzanın bütün həyatı, ömrü mükəmməl, fəlsəfi yaradıcılığı ilə yanaşı, mübarizələr içində keçib. O, bu mübarizələrin bitmədiyini, həyatı boyu davam edəcəyini bildiyi üçün yazırdı:
Mübarizə bu gün də var, yarın da,
Mən də onun ən ön sıralarında…