Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən “Füzuli düşünür” kitabı nəşr edilib. Kitab akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidendinin 15 aprel 2019-cu il Sərəncamına uyğun olaraq işıq üzü görüb. Toplu İnstitutun Elmi Şurasının 28 fevral 2019-cu il tarixli qərarı ilə çap olunub.
Füzuli kitabxanası (kitablar seriyası) III kitab olan nəşrin elmi məsləhətçisi və ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylidir.
Tərtibçi və elmi redaktor filologiya elmləri doktoru Ataəmi Mirzəyev, məsul katib filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Ağayevadır.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabda akademik Məmməd Cəfər Cəfərovun Məhəmməd Füzuliyə həsr olunmuş ədəbi-tənqidi məqalələri toplanmışdır. Alimin bir-birinin məntiqi davamı sayılan “Füzuli sevir”, “Füzuli düşünür”, “Füzuli yaşayır” kimi tədqiqatlarında Füzulinin dünyagörüşü və elmi-fəlsəfi fikirləri araşdırılmışdır. Kitaba Məmməd Cəfər Cəfərovun “Azərbaycanın dahi şairi və filosofu”, “Füzulinin sənəti və görüşləri haqqında” və “Füzuli 500 illiyini gözləyir” məqalələri də daxil edilmişdir.
http://edebiyyatqazeti.az