https://c.radikal.ru/c16/2002/f9/fca8bb129c95.jpg

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin gözəl bir ənənəsi var. Hər həftənin ikinci günü çağdaş dövr ədəbi nümunələrindən birinin müzakirəsi keçirilir. İlk dəfə olaraq həmin müzakirədə mən də iştirak etdim. Növbəti müzakirə üçün Rəşad Məcidin “Səbəbi sənsən” adlı şeirlər kitabı seçilmişdi. Müzakirədə AMEA-nın müxbir üzvü, şöbənin müdiri Tehran Əlişanoğlu, filologiya elmləri doktoru Rahid Ulusel, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, yazıçı, böyük elmi işçi Mənzər Niyarlı, kiçik elmi işçi Hənifə Səlifova, magistrant Səbirə Müzəffər və şöbənin digər əməkdaşları iştirak edirdilər.

İlk olaraq Tehran Əlişanoğlu müzakirənin formatını xatırlatdı: “Bugünkü toplantımız da şöbəmizin daimi müzakirələrindəndir. Niyyətimiz şöbə ilə bir yerdə ədəbi prosesi izləməkdir. Müzakirələrimiz eyni qaydada başlayır, oxucu təəssüratından ədəbiyyatçı yanaşmasına qədər. Hər birimiz ilk növbədə oxucu kimi təəssüratımızı bölüşürük. Sonra həmin təəssürat ətrafında bir ədəbiyyatçı kimi düşünməyə başlayırıq. Nəticədə kitab bizə nə verdi, kitabın obrazı, kitab ətrafında müəllifin obrazı, kitabın ədəbiyyatımızda tutduğu yer şöbənin imkanları daxilində müzakirə olunur. Bu dəfə müzakirəmiz Rəşad Məcidin “Səbəbi sənsən” kitabı ətrafında olacaq. Biz kitabları müzakirə edirik, ayrı-ayrı müəllifləri yox. Bu proses 2016-cı ildən ikicildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”nın çapından sonra daha geniş vüsət alıb. Müzakirənin baş tutması üçün ən azı 5 nəfər kitabı oxumalıdır və bu, şöbənin məcburi işi deyil, könüllülük əsasında təşkil olunur. Oxucu təəssüratını bölüşmək üçün Mənzər xanımı dinləyək”.

Tehran müəllimin giriş sözündən sonra yazıçı, böyük elmi işçi Mənzər Niyarlı kitab haqqında təəssüratlarını belə ifadə etdi: “Rəşad müəllimi mən bu qədər kövrək bilməzdim. Görünüşü ilə ürəyində, sanki bir təzad var. Çox səmimi yazılan şeirlərdir. Qəhrəmanın çoxlu iztirablarını görürük burada. Bu kitaba qədər şair Rəşad Məcidlə tanış deyildim. Bu şeirlərdə onun ürəyinin saflığını, qəlbinin kövrəkliyini eyni zamanda böyük sevgisini gördüm. “Qələmsiz yazılanlar”ı oxuyanda esselərində də qəribə nostalji hisslərlə qarşılaşdım…”.

Təəssüratlarını bölüşmək Mərziyyə Nəcəfovanın növbəsi idi. O, bir az ötən illəri yada salaraq sözə başladı: “Rəşad Məcidi 1997-ci ildən tanıyıram. Qarabağla bağlı yazılarımla onun yanına getmişəm. Onun vətənpərvərlik hissi son dərəcə güclü olduğuna görə həmin yazılarımı həssaslıqla yayımlayırdı… Rəşad müəllimin şeir yaradıcılığından xəbərim vardı. Bu kitab vasitəsilə daha yaxından tanış oldum. Şeirlərində həsrət, ağrı, yuxusuz gecələr gördüm. Kitabın adı da bu baxımdan olduqca mənalıdır – “Səbəbi sənsən”.

Tehran müəllim onları dinlədikdən sonra əlavə etdi ki, mənim də bu kitab haqqında qənaətlərim var. Məndə təəssürat belə oldu ki, bunlar ömür boyu yazılmış şeirlərdir. Bu sevgi şeirlərində müxtəlif yaş dərəcələrini gördüm.

Növbəti çıxışçı – şöbənin kiçik elmi işçisi Hənifə Səlifova etiraf etdi ki, Rəşad Məcidin yaradıcılığı ilə bu kitab vasitəsilə tanış olub: “Kitabda ifadə-üslub cəhətdən kamil, dərin mənalı şeirlər var. Daha çox ənənəvi şeir üslubu üstünlük təşkil edir. Onbirlik, səkkizlik, ondördlük şeir formalarından istifadə edilib. Bədii ifadə vasitələrindən yetərincə istifadə olunub. Maraqlı təzad və bənzətmələr diqqətimi çəkdi”.

Tehran Əlişanoğlu bu məqamda dedi ki, təəssüratları dinlədik, indi şeirlərin müzakirəsinə keçək. Öncə Mərziyyə Nəcəfova nümunələr əsasında qənaətlərini bölüşdü: “Rəşad Məcidin şeirlərində güclü yumor hissi duyulur. “Əvvəl” şeirində sevginin təsvirini görürük”. Şeiri bütöv oxuyandan sonra bir bəndini xüsusilə vurğuladı:

Tez-tələsik yazacaqsan:

“Planlarım dəyişib…

Bəlkə, sabaha keçirək,

Birigünkü görüşü”.

O, fikirlərini bu cür ümumiləşdirməyə çalışdı: “Mən bu şeirdə o dəli sevgini görə bildim. Sevgidən əzab çəksə də, ondan xilas ola bilməyən obraz görünür”.

Bu arada Tehran müəllim müdaxilə etdi ki, mən Rəşad Məcidin qəhrəmanında “dərd gözəldir” deyimi hiss etmədim, əksinə, əzablardan qurtulmaq istəyi güclüdür. Bu dəfə Mənzər xanım “İstedadlı mələk” şeirini oxuyaraq öz mülahizələrini irəli sürdü:

Beləsi çətin tapıla! Təksən!

Təpədən dırnağa

Yalanla, riyayla

Yoğrulmuş

İstedadlı mələksən!

Burada sevimli insana yönəlmiş incə bir eyham, qınaq var. Başqa bir şeirində isə o qədər səmimidir ki, saf bir aşiq obrazı görürük. Mənzər Niyarlı “Üzünə qurban” şeirini oxuyub son bəndini xüsusilə vurğuladı:

Gah müdriksən, gah uşaqsan,

Həm günahkar, həm də haqsan.

Ayrılmaram hardan baxsam,

Qurban, hər üzünə qurban!

Və sözlərinə belə davam etdi: “Ümumiyyətlə, şair qəhrəmanı necə var, elə təsvir edir, aşiq özünü aldatmır. Onun sevgi fəlsəfəsi güclüdür, o, həmin obrazı bizim gözümüzün qarşısında canlandırmağı bacarır. Qulu Ağsəsdən belə bir sitat gətirir: “Mən heç çürük dişimi çəkdirmirəm, Səni hara atıram?” və həmin ovqatda “Atmaram səni” şeirini təqdim edir.

Yenə zülm etsən də,

Yox olub getsən də,

Sən atıb getsən də,

Atmaram səni!”.

Tehran müəllim belə bir sual ortaya qoyur: “Rəşad Məcid bilavasitə lirik qəhrəmanı duyğuları, hissləri, düşüncələri, iztirabları iləmi verir və yaxud sevgi obyektinin böyüklüyü iləmi? Bu aşiqi hərəkətə gətirən nədir? Qadın, məşuq obrazına diqqəti yönəltmək istəyirəm. Yəni şeytanmısan, mələkmisən. Bu sual bir çox şeirlərindən keçir”.

İlk münasibət Mərziyyə xanımdan gəlir: “Mən məşuq üçün darıxan, onun gəlməsini gözləyən obraz izlədim. “Bu yarıqaranlıq, bu kiçik otaq, Necə işıqlandı birdən, İlahi” misralarından belə qənaətə qəlmək olur”.

Hənifə Səlifova isə fikirlərini belə ifadə edir: “Rəşad Məcidin poeziyasında ənənəvi sevgi şeirlərinin müasir ruhda ifadəsi özünü göstərir. Aşıq və heca şeirinin formasında yazılanlar daha çoxdur. Kitabda sərbəst şeirlər azdır”.

Söhbətə qoşulan Rahid Ulusel məsələyə daha fərqli mövqedən yanaşır: “Rəşad Məcidin sevgi şeirlərində həyat var, ürək döyünür. Poetik baxımından maraqlı şeirlərdir”.

Müzakirənin bu yerində Tehran müəllim “Uzağı bir ay” şeirini misal gətirərək kitabda fərqli mövzulara, ictimai motivlərə də yer ayrıldığını xatırlatdı:

Unuda bilmirəm: uşaqkən qumdan

Qurduğum qalanı sular apardı.

O itki heç zaman çıxmır yadımdan –

Çığırdım, qışqırdım, şivən qopardım.

Mənim çox qalama o vaxtdan bəri

İldırım şaxıyıb, dolu tökülüb.

Doğma şəhərlərim viranə qalıb,

Uşaqlıq evlərim daş-daş sökülüb.

İndi nə sarsılıb, nə də yanaram

Taleyin bu yeni, sərt sınağına.

Uzağı bircə ay qubarlanaram

Qurduğum qalanın uçulmağına.

“Bu şeirdə Rahid müəllimin suallarının cavabını görmək olur, amma bütövlükdə kitabda bu fəlsəfə varmı? Bəlkə, doğrudan da, Azərbaycan insanı bu otuz ildə o qədər müsibətlər gördü ki, onun üçün hər şey adiləşdi”.

Hənifə xanım söhbətə qoşularaq onu daha çox “Mələyim… İblisim…” şeirinin cəlb etdiyini bildirdi. “Gah qatil olursan, gah da ki qurban” kimi misralarından da görünür ki, müəllifdə bədii təzadlardan istifadəyə meyil çoxdur. “Sənsən” şeiri də orijinaldır”.

Tehran müəllim müzakirəyə bu cür yekun vurdu: “Bir savab iş gördük ki, Rəşad Məcidin oxucularının sayını daha da artırdıq. Onun lirik qəhrəmanına bir maraq oyatdıq. Bu kitabda həyatla, sevgi ilə yaşayan bir aşiq obrazı var. Bir oxucu kimi də, bir ədəbiyyatçı kimi də bu kitab haqqında fikirlərimizi bölüşdük. Rəşad Məcidə yeni yaradıcılıq uğurları, müzakirələrimizə isə davam arzulayıram”.

Gülnar SƏMA