Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına töhvə verən şair və yazarlar yaradıcılıqları vasitəsilə insanları evdə qalmağa səsləyirlər.
Tarix elmləri doktoru, professor, Azərbaycan Yazarlar Birliyinin üzvü, “Məcməüş-şüəra” ədəbi məclisinin sədri, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Şahin Fazil növbəti dəfə yaradıcılığı ilə “Kitabxana – koronavirusa YOX deyir!” layihəsinə dəstək verdi.
Şahin Fazil dövlət tərəfindən #Evdəqal təşəbbüsü irəli sürülən “Evdə qalaq! Evdə qal” şüarına qoşularaq yeni qəzəlini virtual formada oxuculara təqdim edir. Yazar 19 beytdən ibarət “Evdə qal” qəzəlində hər bir insana varlığının qeydinə qalmasını və virusun onları ələ keçirməsinə macal verməməsini söyləyir. O, həmçinin insanlara çöldəki haramdansa, evdəki halalla güclü və sağlam olmağı tövsiyə edir, nikbin olmağın yollarını tapmağı məsləhət görür.
Qeyd olunan qəzəl aşağıda təqdim olunur.
Evdə qal!
Varlığının qeydinə qal, evdə qal!
Getsə fərəh, gəlsə məlal, evdə qal!
Üstünə tac sahibi virus gəlir,
Hicran ilə eylə vüsal, evdə qal!
Başqa adamlarda riayət görüb,
Öz başını həm başa sal, evdə qal!
Göz-qaşına, üst-başına qonmasın,
Vermə ona azca macal evdə qal!
Şövq ilə gəzsin səni, qoy tapmasın,
Evdə otur, evdə güc al, evdə qal!
Basma qədəm bir daha meyxanəyə,
Çöldə haram, evdə halal, evdə qal!
Məscidə həm getmə, Xuda əfv edər,
Qur’an oxu, dəstəmaz al, evdə qal!
İşdə qalıb yazdığını evdə yaz,
Et özünü işdə xəyal, evdə qal!
Halını məcbur elə nikbinliyə,
Evdə də gəlsin sənə hal, evdə qal!
Razı olar əhlü əyal həm buna,
Təkid edər əhlü əyal “evdə qal”.
Varsa kamançan, səsini etmə qeyb,
Tarçılığın var isə çal, evdə qal!
Evdə qalıb, bezmə sərəncamdən,
Gəlsə də qəm, qüssə, məlal, evdə qal!
Bir-neçə aylıqdı karantin bizə,
Ömrünə bəxş etmə zaval, evdə qal!
Canda rahatsızlığı hiss eyləsən,
Loğman olub, evdə sağal, evdə qal!
Taclı olan virusa şəkk eyləmə,
Qəlbinə qoy düşməyə xal, evdə qal!
Təkzib olunmur o görünməz! Gəlib!
Varlığına yoxdu sual, evdə qal!
Düş küçəyə, yoxsa düşüncən sənin,
Varsa əgər səndə kamal, evdə qal!
Ey bu qəzəl sahibi, yaz şe’rini,
İlhamını eyləmə lal, evdə qal!
Şahina, şahinliyi tərk eyləmə,
Evdə qalıb, ərşə ucal, evdə qal!!!
01.04.2020