Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı
BİLMİRƏM
/”Vətənimdir” – silsiləsindən/
Bəd illər az qalır qərinə olsun,
Qübarı könüldən silə bilmirəm.
Çatlamış, boş sənək çətin ki, dolsun,
Şuşasız, Laçınsız, gülə bilmirəm.
Neçə ki, Kəlbəcər qolu bağlıdır,
Neçə ki, Ağdamım sinədağlıdır.
Neçə ki, “stepan”, “Qarabağlıdır”,
Necə yaşayıram, hələ bilmirəm.
Cəbrayıl yaralı, həm də qəfəsdə,
Füzuli can verir, qulağı səsdə.
Qubadlı, Zəngilan, kürəyi üstə,
Məzarım qazılıb, ölə bilmirəm.
İrəvan, Zəngəzur, Göyçəm hardadır?
Mehri, Qafan, Vedim, gör nə haldadır.
Gorusum, Ağkilsəm, çoxdan dardadır,
Həsrətin zirehin, dələ bilmirəm.
Aprel döyüşləri, mesaj- düşmənə,
Bir kimsə dünyada, qızammaz mənə.
Zərbələr vuracam, hey dönə- dönə,
Yurdda eldən- elə, gələ bilmirəm.
Yüksəldək Murovdan “Cəngi”nin səsin,
Silək Ulu Yurdun, qara ləkəsin.
Dövran vəsf eləsin, Odlar Ölkəsin,
Nəyi gözləyirik, bilə bilmirəm?!…
GƏLDİM, DAĞLARA GƏLDIM
/”Ömürdən- gündən” – silsiləsindən/
Al əimi əlinə,
Qoy dönüm dağ gülünə.
Qat mehinə, yelinə,
Səndə qalmağa gəldim.
Süsən, sünbül, lalələr,
Sənə üz tutub gələr.
Ruhum, təbim dincələr,
İlham almağa gəldim.
Buludlar qatar- qatar,
Əl uzatsan əl çatar.
Zirvəndə qartal yatar,
Qanad çalmağa gəldim.
Ahutək süzə- süzə,
Düşdüm dağlara, düzə.
Vürğunam saza, sözə,
Ozan olmağa gəldim.
Dövran batmaz günaha,
Inamı var dərgaha.
Dönən deyiləm daha,
Məskən salmağa gəldim…