Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Dərdimin yorğanı qalın, Çək üstümə, üşüyürəm. Arzularım ayaqyalın, Daşımaqdan tövşüyürəm.
Xırda-xırda səpələdim, İçimə haqqın qanını. Üzümə tutub gedirəm, Düzüb qoşduğum yalanı.
Fikirlərim qalıb çıplaq, İçimdə sözüm talanır. Düşüncələrim od tutur, Qəlbimdə dözüm talanır.
Ömür sayım yarpaq-yarpaq, Xəzəl olub can üşüdür. Ruhum gəzir sınıq-salxaq, Harayımı kim eşidir.
Qara kağızda ağ yalan, Vətən, vətən dilək açır. Haqsızlığa qalxan əllər, Hər yetənə bələk açır.