Ədəbiyyat, sənət insanları birliyə səsləmir, həm də birliyə hazırlayır. Ziyalının rolu, aydının missiyası insanları hər cür keçid dövrünə, sınaq məqamlarına səfərbər etməkdir. Düşüncədə, ovqatda və fəlsəfədə vahid məkanı yarada bilmək mənasında mənəviyyat adamlarının üzərinə hər zaman həlledici rol düşüb. Bu rolu hansı qələm adamı məsləkinin “tərcümeyi-halına” çevirib, hansı yaradıcı şəxsiyyət daha çox uğurla realizə etməyə çalışıb? Məsələn, poeziyamızda Vətənin obrazı necə əyaniləşib? Hansı dövrlər, hansı mərhələlər onu daha yaxşı şəkildə bədii sözün təcəssümü etməyi bacarıb? Mənə görə, belə bir dövr bir əsr əvvəlin vətən coşğulu poetik mətnlərinə şamil oluna bilər. Cümhuriyyət sevdalı, hürr əzmli poeziya… Bu dövrün ədəbiyyatı mənəviyyata milli kimlik, milli mənlik ovqatının aşılanması baxımından xüsusi önəm kəsb edir və bütün dövrlər üçün görk edilə biləcək səviyyədə ona üz tutulmasına layiqdir. Həqiqətən də, mənəvi səfərbərlik ruhunun dirçəldilməsində, ümumxalq ruhunun hürriyyət məramı ətrafında birləşdirilməsində XX əsrin əvvəllərinin milli özünüdərk, milli istiqlal idealı ilə yoğrulmuş türk poeziyasının xidməti əvəzsiz olmuşdur. Bu dövrdə poeziyada və nəsrdə tərənnüm və milli özünüdərkdən doğan milli ləyaqət və şərəfin vəsfi digər mövzu və problemləri kölgədə qoymuşdur. Milli triadamızın banisi Əli bəy Hüseynzadənin böyük yurd sevgisinin təzahürü kimi gerçəkləşən və ədəbiyyatımıza ilk vətən şeiri kimi daxil olan “Hali-vətən” nümunəsindən tutmuş “Ey vətən, ey pəriyi-vicdanım/ Səni sevmək deyilmi imanım” kimi – Hadinin vətəni sevməyin düstürunu yaradan misralarına qədər ucsuz-bucaqsız sevgi, sonsuzluq işarəsi…

Mənbə: http://edebiyyatqazeti.az/

Bu poeziyanın içində hər şey var. Yalnız bir əsr əvvəlin deyil, bir əsr sonranın yaşantıları, çırpıntıları, savaş və coşğu ruhunun əks olunduğu bütün çalarlar: şəhid ağrısı, bayraq ucalığı, müzəffər ordu, türk birliyinin qələbəsi, düşməni əzmək məramı, vətən sevgisi, yurd aşinalığı, Turan əzəməti və s ., və i…

Bəli, ədəbiyyat, bədii söz həm də tarixin yuvasıdır, bu günün dərslərini zamanın sonrakı axarına qatan və gələcəyə ötürən ən etibarlı məxəzdir. Bu halda qanunauyğun bir məqam da var: baş verənlərlə birlikdə ona münasibət də tarixin predmetidir! Bir əsr əvvəlin ədəbiyyatı millətə enerji püskürən qüvvət mənbəyi oldu. Təsadüfi deyil ki, bir əsr sonra, 2020-ci ilin sentyabrından bu yana davam etmiş 44 günlük vətən müharibəsinin də, qazandığımız zəfərin də yükünü çəkməyə bu poeziyanın gücü yetir.

Elnarə Akimova

Filologiya elmləri doktoru