Seyid Hüseynin “Ağvalideyn yaxud zavallı Məşədi Zaman” hekayəsi 1911-ci ildə çap olunmuşdur. Yazıçı əsəri inqilabdan əvvəlki yaradıcılıq mərhələsində ərsəyə gətirmişdir. Mövzusunu Azərbaycan məişətindən alan hekayədə yanlış övlad tərbiyəsinin yol açdığı faciə Məşədi Zaman və oğlu Kərimin timsalında əksini tapmışdır. Tərəflərin fərdi xarakteri, həyata, gələcəyə dair duyğu və düşüncələri paralel şəkildə verilmişdir. Övladına zəhmətsiz ağ gün arzulayan ata Məşədi Zaman ilə valideyn üzünə “ağ” olan Kərim qarşılaşdırılmışdır. Hekayə ibrətamiz səciyyəsi ilə ədibin digər hekayələrindən seçilir. Seyid Hüseyn yazıçılığına xas olan dövri aktuallıq, həyatilik və real təsvirçilik burada da gözlənilmişdir.
Övladının xoşbəxt həyata zəhmətsiz nail olacağını düşünən ata qədir-qiymət bilməyən oğul tərəfindən qara qəpiksiz küçəyə atılır. Beləliklə, Zavallı Məşədi Zaman min əziyyətlə qazandığı mal-mülkdən də olur, gələcəyə dair xəyallarından da. Gəmi kirayəsi düzəltməklə özünə bir gün-güzəran edəcəyini düşünür. Ömrünün axır zamanını məmləkəti İranda keçirmək üçün tədarük görməyə başlayır. Əlində bir çörək parası olmayan Məşədi Zaman yol ağzında oturub dilənçilik etməyə məcbur olur. Aclıq, qocalıq onu tamam taqətdən salır, qoca kişi məscid həyətində günlərlə ah-nalə ilə zarıldayır. Gecəni sükut bürüdüyü vaxt Məşədi Zaman əbədi yuxuya dalaraq xəstəliyindən də, uğradığı faciədən də birdəfəlik qurtulur.
Atasını biçarə həyata sövq edən Kərimin fəlakəti, təbii ki, qaçılmaz olur. O, atadanqalma bütün sərmayəni özünün və arvadının əyləncəsinə xərcləyib bitirdikdən sonra yenə pul almaq niyyətilə İrana yollanır. Ancaq Kərim düşdüyü fırtınadan heç cür xilas ola bilmir və o, canını ləpələrin arasında tapşırmalı olur.
Heç bir zəhmət çəkmədən mala, mülkə sahib olan Kərim əlindəki sərmayəyə güvənib bütün ömrü boyunca hər şeyin belə dövran edəcəyini sanır. Artıq “boğaz” bildiyi atası Məşədi Zamanı evdən atmaqla, həm onu, həm də özünü fəlakətə salır və sonda ilahi ədalətdən layiqli cəzasını alır. Hekayə ilk dəfə əski Azərbaycan əlifbasından müasir qrafikaya transfoneliterasiya olunur.
Təhminə Vəliyeva
AĞVALİDEYN YAXUD ZAVALLI MƏŞƏDİ ZAMAN
BİR-İKİ SÖZ
“Adamın heyvaniyyəti yeməklə, ruhaniyyəti oxumaqla qaimdir” kəlamı-həkimanəsinə nəzərə böylə bir əsri-tərəqqidə kəndimizin mütaliəyə və oxumağa nə qədər ehtiyacımız olduğunu nəzərə alaraq işbu kitabçanı nəşrə başlamaqla, minbəd bu qisim hekayələrin entişarına çalışmamızı möhtərəm oxucularımıza vəd edirik. Hərçənd bu nəşriyyatımız dairəi-ədəbiyyatdan bəiddirlərsə də, lakin nəzərimdə məqbul olacağına ümidlər elüyoruz.
Nəşr olunan əsərlərimizin hər biri barədə tənqid edib səhvlərimizi bizə göstərən əşxasə bəyani-təşəkkür edəcəyiz.
OTAQDA
Qış zamanı idi. Hava nəhayət mərtəbədə soyuq idi. Gecədən bir qədər keçmişdi. Məşədi Zaman oğlu Kərim ilə bir balaca otaqda yatmaqdan ötrü uzanmışdılar. Kərim uyquya getmişdi, amma Məşədi Zaman öz gələcək gününü düşünürdü: havanın soyuq günlərində bizə bir pəristar yox. Ata və oğul ikimiz bir otaqda yaşayırız. Kərimin anası Fatiməni də ruzgar əlimizdən aldı, nə etməli? Olacağa çarə yoxdur. Bənim də ömrümün çoğu gedib, azı qalmışdır. Daha qocalmışam, gözlərim görməyir, qulaqlarım eşitməyir, bədənimdə qüvvətdən düşmüşdür. Demək, bənim daha pul qazanmaq və evlənmək vaxtım qurtarmış! Oğlum Kərim də maşallah böyüyüb cavan olmuşdur. Yaxşısı budur ki, onu evləndirərəm. Gəlinim həm bəndən mütəvəccih olar və həm oğlum Kərimə xidmət edər və cəmi ömrümdə böyük zəhmət və məşəqqətlə yığıb cəm etdiyim var-yoxumu da qoyub Kərim üçün bir dükan açaram. O qazanar, həm bəni saxlar, həm özünü. Zəhmətdən xilas olub asudə yaşar…”
Məşədi Zaman bu növ fikirləri edəndən sonra özlüyündə buna qərar verdi ki, öz həmşəhərlisi olan pinəduz Ağabalanın qızını Kərim üçün təzvic edə və bazar başında dəxi onun üçün bir baqqal dükanı tərtib verə. Ta ki dünyanın qəmindən və ruzgarın cəfasından ömrünün axırında da olmuş olsa, bir qədər azad olub rahat yaşaya.
DİVAR DİBİNDƏ
Günorta zamanı idi. Qış, bahar keçib, yay gəlmişdi. Günün istisi yerə düşərək yerin buxarını havaya qalxızıb şəhəri dəmirçi kürəsinə döndərmişdi. Göydə uçan quşlar havanın istisinə tab gətirəməyib yerə tökülürdülər. Adamlar taqətsiz, başlarında (şəmsiyə),kimi (fayton) ilə, kimisi piyada biixtiyaranə evlərinə və mənzillərinə rahat olmaq üçün çəkilir idilər. Araba və fayton atlarının bəzisi kəsrəti-hərarətdən yerə yıqılıb biixtiyar qalıyor idilər. Bir nəfər qoca hammal dalında palan özünü bir divar dibinə verib taqətsiz uzanmışdı. Əlindəki çirkli qırmızı dəstmal ilə alnından gəlib üzündən və gözündən axan tərini siliyordı.
Bu qoca kişi kim imiş?
Bu, həman Məşədi Zaman idi ki, özünün var-yoxunu oğluna sərf edib onunçün dükan açandan sonra öz təzə gəlini onun evdə olmaq zəhmətinə dözməyib onu oğlu Kərimə qovalatdırır Məşədini. Bununla belə ona çörək də verməyirdi ki, qoca kişi başını bir növ dolandıra. Məişət bunu bu vəqtində hammallıq etməyə məcbur etmişdi. Fikrində bir gəmi kirayəsi düzəltmək də varıydı ki, ömrünün axır çağını gedib öz vətəni olan İranda qala. Çünki bunu yığın etmişdi ki, əgər xudanəkərdə, qürbət vilayətdə bu naxoş olsa, oğlu Kərim buna pəristar olmayacaq… Amma günün hərarəti, özünün qocalığı bunun bu fikrinə mane oluyordu. Bu o qədər işləməyirdi ki, həm yeyə, həm mənzil kirayəsi verə və həm də vətəninə getmək üçün gəmi kirayəsi düzəldə. Bununçün axır zamanlarda fəqir Məşədi Zaman mənzildən çıxıb karvansaraların həyətində yatıyordu. Bununla belə, yenə gəmi kirayəsi düzəltməyə müvəffəq olmayırdı. Çünki kəsrəti-zəfdən bu lazımi qədər işləyəməyirdi və günün də hərarəti bir tərəfdən bunun qüvvətini kəsiyordu. Bu qədər ki, özünü divar kölgəsinə çəkib oğlunun naxələfliyini birəbir yadına gətirərək öz gələcəyini fikir edib kəndi halına giryan edirdi.
YOL AĞZINDA
Səhər zamanı idi. Bütün xalq yuxudan ayılıb hər biri öz işinin ardınca gediyor idilər. Alış-verişçilər dükanlarını açıb alış-verişinə məşğul idilər. Kasıblar kəsblərinə, fəhlələr işlərinə tərəf gediyor idilər. Bikar cavanlar da bağlara və dağlara tərəf yönəlmişdilər. Bir küçədə və bir yolun ağzında bir nəfər qoca kişi əyləşib başını aşağı sallamışdı. Bu qoca kişinin bu vəqt yol ağzında əyləşməsi kəndisinin dilənçi olduğunu məlum ediyordu. Amma başını aşağı salıb xəlayiqə baxmaması bunun xəcalət çəkdiyini göstəriyordu.
Dilənçi ki xəcalət çəkməz! Bu onunçün xəcalət çəkirdi ki, dilənçi deyildi və yol ağzında əyləşib gözünü xalqın əlinə dikən deyildi. Bunu bu işə vadar edən varıydı.
Bunu bu işə vadar edən həm aclıq və həm naxoşluq idi ki, daha işləyəməyirdi.
Bu kim imiş?
Bu, həman bizim zavallı Məşədi Zaman idi ki, oğlunu evləndirib xoşbəxt edəndən sonra özü bədbəxt olub dilənçilik ediyordu. Və yayın istisi bunu naxoş edib işləməyinə mane olmuşdu və burada da bu fikirlə əyləşmişdi ki, hər növlə olmuş olsa, bir gəmi kirayəsi düzəldib əziz vətəninə gedə. Hərçənd bir neçə dəfə oğluna müraciət etmişdisə də, oğlu Kərim əvvəllərdə buna cavab edib axırda döyüb yola salmış imiş. Buna görə fəqir Məşədi Zaman yol ağzında dilənçilik ediyordu.
***
MƏSCİD HƏYƏTİNDƏ
Gecə zamanı idi. Ayın qaranlıq günləri idi. Ulduzların cümləsi çıxıb səfhəi-asimanı bir məclisi-nəşatə döndərmişdi. Sabitələr dayanıb səyyarələr silsiləcünbanlıq ediyor idilər. (Cədi) vəsəti-asimanda sədri-məclis olmuşdu, (Zöhrə) rəqsini tamam edib məclisdən getmişdi, (Pərvin) baş-başa çatıb ittifaq yapmışdı.
(Nəbatün-nəş) ixtilaf edib hərəsi bir tərəfə dağılışdı. (Mərix) sərxpuşi-məclisə təzə qədəmi-nəhadə olmuşdu. Bağlarda, ağacların budaqlarında quşlar öz balalarını qanadlarının altına çəkib yatmışdılar. Quzular çöllərdə, analarının yanlarında uyquya getmişdilər. Çobanlar kürklərini başlarının altına qoyub xabi-nazə məşğul idilər. Köpəklər başlarını əllərinin üzərinə qoyub gözlərini yummuşdular. Dəryadakı balıqlari-cümləsi asudə, kimisi suyun üzərində, kimisi altında dayanmışdılar. Çöllərdə dovşanlar səyyadların qorxusunu müvəqqəti olaraq ürəklərindən çıxarıb kolların altında dinc və fərağət olmuşdular. Dənizlərin suyu dayanıb dalğalanmayırdı. Havada ehtizaz yox idi. Ağacların yarpağı yekdigərinə dəyməyirdi. Göydən yavaş-yavaş şəbnəm gəliyordu. Guya bütün dünya bir fəramuşxanaya dönüb cəmi məxluqat ələmi-sükutə dalmışdı. Fəqət tək bir məscidin mədrəsəsindən bir nəfərin zarıntısı gəliyordu.
Əcəba, bu elə bir vəqtdə o zarıllayan kim imiş? Və nə üçün zarıllayor imiş?
Bu, bizim zavallı Məşədi Zaman idi ki, kəsrəti-zəf və pirbunu bu hala gətirmişdi. Bir tərəfdən aclıq, digər tərəfdən qərib olub pəristarsız olmaq və bunlar ilə bərabər mövt ilə pəncələşib özünün məğlubiyyətini müşahidə etməglənin bunu zarılladıyordu. Demək olar, mövcudatın böylə bir ələmi-sükutə dalması bu zavallının halına giryan olmalarını göstəriyordu və ku gün gələn şəbnəmdə əşki-çeşmi mövcudat imiş.
DALĞALAR ARASINDA
Yay qurtarıb, payız çoxdan daxil olmuşdu. Göyün üzünü qara buludlar əhatə etmişdi. Bir tərəfdən bərk külək əsiyordu. Ağacların budaqları yekdigərinə dəyiyordu. Quşlar cərəyani-havaya tab gətirə bilməyib bir-birlərindən pərakəndə olmuşdular. Dənizin suyu dağ kibi dalğalanıb sahili-dəryaya tərəf yekdigərini təqib edərək gediyor idilər. Balıqlar özlərini qayaların dibinə verib daldalanmışdılar.
Dənizin ortasında dağ kibi dalğaların arasında yelkəni cırılmış və divarı sınmış bir gəmiyi görmək olardı ki, içindəki sərnişinlər dərgahi-İlahiyə əl götürübözlərinin bu vərtədən xilas olmalarını istirham ediyordular. Kimi də ki tayfalar gəmiyə dolan suyu kamali-təhallüklə təmizləməyə çalışıyordılar ki, bəlkə özlərini girdabi-bəladan xilas edələr.
Görəsən bu nələrin bu qisim çalışmaları özlərinə bir rahi-nicat veri?
Xeyr, vermədi. Çünki bu nələrin məyanında bir ələm vardı ki, bədbəxtlik əsəri olaraq bu təsadüfə düçar olmuş imiş. O da məscid həyətində tərki-həyat edən bizim Məşədi Zamanın oğlu Kərim idi. Atasının vəfatından sonra özünün naxələfliyindən əlindəki sərmayəyi tələf edib, kəsrəti-fəqr və zərurət bunu İrana səfər etməyə məcbur edir ki, orada olan atasının malını və əmlakını satıb təkrar övrətinə mülhəq ola. Amma yolda atasının naləsi və Allahın bəlası bunu tutub həlakətində ciddü cəhd ediyordu.
***
LƏPƏ DÖYƏNDƏ
Səhər zamanı idi. Gecə yatan gözlər uyqudan ayılmışdılar. Hər kəs öz kəsbinin dalınca gediyordu. Odun qıranlar baltalarını çəkənlərinə alıb meşəyə gediyor idilər. Quşlar yuvalarını tərk edib ruzi dalısınca uçurdular. Bağbanlar bağlardan meyvəcat dərib heyvanata yükləyərək satmaq üçün şəhərlərə və qəryələrə aparıyordular. Uşaqlar dəstə-dəstə kitablarını qoltuqlarına alıb məktəbə tərəf gediyordular. Havanın küləyi dayanıb yavaş-yavaş ehtizazi-havadan əmələ gələn (nəsimi-səba) gəliyordu. Havanın üzündə olan qarabuludlardan əsər qalmayıb, fəqət ətrafi-üfüqdə atılmış pambıq kibi ağ buludlar görmək oluyordu. Dənizin dağ kibi ləpələri dayanıb, ancaq ləpədə gündə yavaş-yavaş suyun tərpənməyini görmək oluyordu. Bu suyun kənarında bir nəfər üryan meyid düşmüşdü ki, baş tərəfi qumun və torpağın üstə qalaçalar düzəldən suyun içində idi. Ləpələrin yekdigərinə çarpışması bu məfruqun bəzmi-əzasının dərisini aparmışdı.
Bu, Məşədi Zamanın oğlu Kərim idi ki, girdabdan xilas olamayıb Allahın bəlası ilə tərki-həyat etmiş idi. Çünki valideyn üzünə ağ olmaq bundan artıq nəticə verməz və böyləcə olmalıdır!
SON