Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Mənə bir şeir yaz sevgi ünvanlı,
Yaz ki, darıxmışam, ölmüyüm sənsiz.
Mənə bir şeir yaz, lap Məcnun kimi,
Ol, dəli-divanə, bilmiyim sənsiz.
Mənə bir şeir yaz, başı havalı,
Gözündən süzülən yaşı havalı,
Qayası havalı, daşı havalı,
Hər yana səs salsın, gülmüyüm sənsiz.
Yaz ki, çox darıxıb, görüş yerimiz,
Od tutub alışır, çataq birimiz,
Aramızda qalan gizli sirrimiz,
Açılıb bükülsə gəlmiyim sənsiz.
Mənə bir şeir yaz, amma gizlicə,
Doyunca ağlayım, gülüm bu gecə,
Sıxıb ürəyimin üstə beləcə,
Yuxuya getməyə qalmıyım sənsiz.