Prof. Dr. Sədnik Paşa Pirsultanlı
(Paşayev) (2012)

53 il bundan əvvəl Rəsul Rza haqqında yad-daşıma yazılmış xatirə hər dəfə zehnimdə təzələn-dikcə məndə yeni duyğular oyadır. Mən bu duyğularıma cavab olaraq aşağıdakı yazımı yazmışam. Sərbəst şeirin özünəməxsus deyim tərzi və intonasiya çalarları vardır. Hər hansı bir məna və məzmun bu şeirdə münasib formada, dilimizin ahənginə uyğun şəkildə ifadə olunur. Azərbaycan poeziyasında sərbəst şeir yaradıcılığının çoxillik tarixi ənənələri olduğu hamıya məlumdur. Bu ənənə özünün daha çox xalq şeirində-xüsusilə, bəzi mərasim nəğmələrində, düzgülərdə, tapmacalarda və bilməcələrdə göstərir. Azərbaycan poeziyasında bu şeirin ən görkəmli nümayəndələrindən biri də xalq şairimiz Rəsul Rzadır. Mən bu münasibətlə bir şeirimdə yazmışam:

Rəsul Rza, Nazim Hikmət,
Bunlardan biri də var.
İstedadlarına,
Qələmlərinə,
Nəfəslərinə
güc verən
üzlərində
Allahın nuru da var.
Şirvanda deyilmi…
Kim tanımır
Xızırın tapdığı
Diri Baba çeşməsin?!
Heç ola bilməz ki,
Torpaq onun,
Yer onun,
Rəsul gəlib
O çeşmədən içməsin.

Koroğluya Qoşabulağın suyu şairlik və igidlik, Diri Baba çeşməsi isə uzun ömür, ağıl, fikir və hünər bəxş edir. Bəlkə, Rəsul Rza da bu çeşmədən yüksək poetik keyfiyyətlər əxz etmişdir. Nigar xanım gəncliyində Gəncə yaylağındakı Pirsultan Pinarından su içdikdən sonra bütün gözəllikləri özündə cəm etmiş və incə duyğular şairi olmuşdur. Sonra tale elə gətirmişdir ki, bu ağıl, hünər və incə duyğular sahibləri bir-birinə qovuşmuşdur. Bir qayda olaraq, Rəsul Rza deyəndə Nigar xanım, Nigar xanım deyəndə Rəsul Rza yada düşür.
Bunların özləri və yaradıcılıqları məni hardan ilgiləndirmişdir? 1954-cü ildə institutu bitirib Daşkə¬sən rayon partiya komitəsində işləyirdim. Bir gün əslən Qubalı olan raykomun I katibi Şıxsəid Kərimov məni səhər-səhər kobinetinə çağırdı. Mən içəri daxil olarkən gülə-gülə dilləndi: “Bax, bu görkəmli şairimiz Rəsul Rza, yanındakı da yazıçı Ənvər Məmmədxanlıdır”.
Mən onsuz da onları yaxşı tanıyırdım. Hər ikisinin əlini sıxıb, “Bizim bu dağlara xoş gəlmisiniz”-dedim. Katib tapşırdı ki, bunları ən gözəl mənzərəsi olan kəndlərə apar. Hörmətli şairimiz Rəsul Rza dilləndi:
-Yox, bizi ən qədim qalaları, divarları olan kəndlərə aparsın.
Biz raykomun vilisi ilə Alünit dağdan keçib Əmirvar kəndinə gəldik. Burada qədim Qaraxan şəhərinin darvazasının uçub-dağılmış divarına, daşına baxdıq. Oradan Durnalı yaylağına çıxdıq, Arpa dərəsini seyr etdik, “Qazanbatan bulağı”ndan su içdik, “Qara inək zağası”nda möcüzəli daşlarla, yerin altı ilə axan çay-bulaqla, onun üst yanındakı “Ayğır bulağı” ilə tanış olduq. Maşınla Güney kənddən Tapan kəndinə (bu kəndin 2-ci adı Ərəzbəridir) tərəf gəldik. Düzlərə səpələnmiş xırda daşlar içərisində üzərində yəhər və insan şəkli olan iri bir daş vardı. Yerli camaata görə, bu qəbirlər Dağ Yunusun və onun əsgərlərinin qəbrləridir. Yerli camaat Babilistan hökmdarı Diyaqiyanusu Dağ Yunus adlandırırlar. Hətta, “Qara inək zağası”na leysanlar yağanda sel qədim əşyalar gətirir. Onların içərisinədn tapılan qızıl pula yerli camaat “Dağ Yunusun pulu” deyirlər.
Tapan kəndində kolxoz sədri Həmidin evinə gəldik. Onun çox sayda lətifələri dildə-ağızda gəzən qardaşı Karağan Usub da burada idi. Görünür, raykom katibi getdiyimiz istiqaməti nəzərdə tutub kolxoz sədrinə zəng vurub tapşırıq vermişdi. Bu kənd axar-baxarlı, bir tərəfi Xəlpərəng meşələri, bir tərəfi Şəmkir çayı, bir tərəfi başı yaz-yay aylarında yığnaqlı olan “Qudur bulağı” idi. Meşə odunu ilə yan-yana neçə-neçə ocaq qalanmışdı. Qadının biri sacda yuxa yayırdı, o biri isə xamralı çörəyi bişirirdi. Bir başqası isə təndirə çörək yapırdı. Dünyada çörəyin ətrindən gözəl ətir harda var? Heç bir güldə, çiçəkdə çörəyin ətri qədər ətir ola bilməz. Cöngə, qoç və quzu kəsilmişdi. Qadınlar kiçik-kiçik toyuq çolpalarının tükünü yolurdular. Elə bil ki, bir toya, bayrama hazırlıq görülürdü. Şair və yazıçı bu mənzərəni heyranlıqla seyr edirdilər. Onlar bir kənara çəkilib dağların başındakı ağ buludlara baxıb həzz alırdılar. Biz böyük bir süfrə arxasında əyləşdik. Cöngə ətindən kəkotu vurulmuş basdırma hazırlanmış, qoç ətindən kabablar çəkilmiş, quzu ətindən göbələyə bənzər buğlama hazırlanmışdı. Yerli adamlar buğlamanın yanında içərisinə sarımsaq döyülmüş yekə qabda qatıq qoyurlar. Burada toyuq çığırtmasını və qayğanağı çim yağın içərisində bişirirlər. Heç kəs dinib-danışmırdı. Karağan Usub-“Bismillah deyin”-dedi. Hamı əlini süfrəyə uzatdı. Amma Rəsul Rza və Ənvər Məmmədxanlı doyunca xörək yemədilər. Bu nemətlərin hərəsindən bir tikə daddılar. Onlar bu yerin təbii insanlarını mehribanlıqla seyr edir, öz baxışları ilə minnətdarlıqlarını bildirirdilər. Onlar yerli camaatdan çox çətinliklə ayrıldılar. Biz yola düşdük. Qabaqtəpə kəndinin tən ortasında Alban abidəsinə baxdıq. Təzəkəndə, Xoşbulağa gəldik. El yaylağa təzə-təzə gəlirdi. Xoşbulaqdakı Həmənli (Əmənli) yurd yerini göstərib dedim:

  • Rəsul müəllim, yaz-yay aylarında, yazın burnu qanayanda (Gəncədə qızılgülün açmasına belə deyirlər) başqaları kimi Nigar xanımgilin ailəsi əvvəlcə Pirsultan dağına, onun yaylaq yerinə gəlib alaçıq qurardılar. O müddətdə, bax, bu Həmənli (Əmənli) yurdu qorunardı ki, onlar Pirsultandan enəndə öz alaçıqlarını burda çəmənin, çiçəyin içərisində qursunlar.
    Rəsul Rza bu sözü eşidən kimi maşından düşdü, başladı gülləri, çiçəkləri ot qarışıq şehli-şehli yol-mağa. Bir qucaq çiçək-ot yığdı. Sizi inandırıram ki, şair dizinə qədər otların arasında suya batmışdı. Rəsul Rza ilə Nigar xanımın məhəbbətinin gücünü orda gördüm. Oradan Amanı (Əməni) bulağa gəldik. Mən bildirdim ki, Xoşbulaq yaylağına gələndə Nigar xanım bu bulağın gözündən çox su içib. Rəsul Rza və Ənvər Məmmədxanlı bulağın suyundan içdilər, əl-üzlərini yudular. Rəsul Rza üzünü mənə tutub dedi:
    -A komsomol, nə olaydı, Tapan kəndindəki yeməklər burda olaydı.
    Bilirdim ki, hörmətli şair bu nemətlərdən az dadıb. Ona görə də, mən bu nemətlərin hamısından süfrəyə bağlayıb gətirmişdim. Biz maşını bulağın yaxınlığındakı Sarıçiçək dağının ətəyinə sürdürdük. Süfrə salıb iştahla yemək yeməyə başladıq. Rəsul Rza tez-tez məni sorğu-suala tuturdu. Qənşərdəki Zağalı kəndi idi. Çayın o tayındakı mənim doğulduğum Qazaxyolçular kəndidir. O uca görünən bizim Pirsultan dağlarımızdır. Biz böyük təəssüratla rayon mərkəzinə gəldik. Mən o gündən üzübəri Rəsul Rzanın insanlığına, sevgisinə, həyata münasibətinə, hünərli bir insan olmasına vurğunluğumu gizlədə bilmirəm.
    1946-cı ildən, yəni, orta məktəbdə oxuyarkən öz şeirlərimlə qəzetlərdə çıxış edirdim. Aşağıdakı şeir parçası o günlərin yadigarıdır:

Daşkəsəni görən könül,
Fərəhlənir, coşa gəlir.
At keçməzdi bu yerlərdən,
Avtomaşın qoşa gəlir.

Azərbaycan poeziyasında mövcud olan bütün şeir janrlarında qələmimi sınamışam. 1954-cü ildən üzü bəri ara-sıra sərbəst formalı, ona yaxın, bənzər şəkilli şeirlərdə yazıram. Ümumiyyətlə, Azərbaycan poeziyasında sərbəst şeir dedikdə Rəsul Rza yada düşür. Onu sərbəst şeirin korifeyi olaraq tanıyıram. Sərbəst şeir dinlədikdə elə bil ürək riqqətə gəlir, insanın ürəyi ilə nəbzi bir vurur. Poeziya səni yaşadır, poeziyada sən yaşayırsan. Sərbəst şeirdə müşahidə, xalq dilinin incəliklərinə, onun fikir dünyasına, deyimlərinə və duyumlarına gərək dərindən bələd olasan ki, onu dərindən duya biləsən. Sərbəst şeirin xəmiri fikirlə, düşüncə ilə yoğrulmuşdur. Sərbəst şeir fikrin qabağında dağ kimi dayanmır, əksinə dağ kimi fikrin arxasında dayanır. Şair sözünü, fikrini sərbəst demək üçün ona cəsarət verir, ilham verir.
“İnciyərsən” adlı sərbəst, oynaq şeirimin bir parçasında ifadə etdiyim obrazlı fikrə diqqət edək:
Qəlbi qəlbə calayar,
Ancaq dilsiz baxışlar,
Sevgini
ürəklərə
bağışlasa,
o bağışlar.
Sevgi hissdi,
duyğudu.
O düşüncə,
ağıl deyil.
İstək bir içim sudu,
Bir gecəlik
nağıl deyil.

Göründüyü kimi, şeir yığcam, lakonik və özünəməxsus bədii dəyərə malikdir. Qoşmalarda, gəraylılarda və başqa şeir formalarında verə bilmədiyim dərin fikirləri sərbəst şeirlərdə öz istəyimə uyğun olaraq ifadə edə bilirəm.
“Məhəbbətin yuxusu var” adlı sərbəst şeirimdə fikrimi aşağıdakı şəkildə biçimləndirmişəm:

Gəl çıxaq Kür üstünə,
o yerlərdə,
tər bənövşə qoxusu var.
Çağırıram, oyanmırsan,
Nərgiz kimi
Gözlərində
Məhəbbətin yuxusu var.

“Yoxdu” şeirimdə məna və mətləb ilə yanaşı, bədii bir lövhə də var:

Siz tərəfdən
bir əsim
külək də yoxdu,
Bəlkə heç
ürək də yoxdu.
Ətir də gəlmir,
bağınızda
çiçək də yoxdu.

“Təzadlı dünya” şeirimdən bir parça nümunə verirəm:
Sevinciylə
qəmi
qoşa dünya!
Sən böyük bir səhnəsən,
əski zamanlardan
bəri.
Faciə,
dram,
komediya
oynanır səndə.
Hər cür
tamaşa dünya!

Biz bir neçə şeir nümunəsi ilə kifayətlənirik.
Rəsul Rzanın bir kitabının adı “Üzü küləyə” adlanır. Bilirsinizmi, bu nə deməkdir? Kənd camaatı yaxşı bilir ki, axşam çöldə qalan, itən qoyun sürüsü dərədə, düzəngah yerlərdə qalmır. Düz dağın, təpənin başına çıxır və qoyunlar üzü küləyə tərəf yatışırlar. Hamı tərəfindən bilinməyən, senzuranın gözündən yayınmağa imkan verən, sözün zaman daxilində vətəndaşların üzü küləyə doğru yatmalarına işarədir. Rəsul Rza yaradıcılığında Mirzə Ələkbər Sabir sayağı belə deyimlər, eyhamlar çoxdur.
Rəsul Rza xoşbəxt sənətkardır. Dünyaya xoşbəxt gəldi, xoşbəxt həyat qurdu, xoşbəxt həyat sürdü, dünyadan da xoşbəxt getdi. Lakin, şairin qəlbində bir nisgil, bir kədər də getdi. Bu, Mikayıl Müşfiq kimi istedadlı gənc şairin yarı yolda ömrünün, yaradıcılığının qırılmasından, dünyadan nakam getməsindən doğan bəşəri kədər idi. “Qızılgül olmayaydı” poemasının adını oxuyan kimi insanın canına bir üşütmə gəlir, əzələləri sızıldayır, insanın bütün varlığı lərzəyə gəlir. El bayatısının birinci misrası “Qızılgül olmayaydı” dərhal Kərəmin qoşmasını, el bayatısının son misralarını yada gətirir, insanı duyğulandırır, düşündürür:

Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı.

Rəsul Rza şeirlərinin fəlsəfi qatı, folklor ruhu çox dərindədir. “Rəsul Rza və onun folklor təfəkkürü” ayrıca bir elmi əsərin mövzusudur. Rəsul Rza yaradıcılığını tam anlamaq üçün onu dönə-dönə oxumaq, şairin zəngin şeir dünyasını doğrudan-doğruya dərk etmək lazımdır.
Biz hələlik bu kiçik qeydlərlə kifayətlənirik.