Söylə
Dərd içini yandıranda
Apar dağa-daşa söylə.
Bir ömürdə nələr çəkdin,
Nələr gəldi başa, söylə.
Qaldır zilə, endir pəsə,
Səs ver səni duyan kəsə,
Dərdini Haqq eşitməsə,
Gözündəki yaşa söylə.
İllər keçsə, sərt, necədir?
Vaxt olsa, namərd, necədir?
Desələr ki, dərd necədir?-
Çək əlindən haşa, söylə.
- VII.2004.
Dörd yanımız hasar, barı
Açılmaq gül kimi aydın,
Açılıb-solmayan varmı?
Boz-bulanlıq göylər kimi,
Boşalıb-dolmayan varmı?
Qəmli kimdir-boyun bükən,
Dərdli kimdir-qan-yaş tökən.
Ey saçına sığal çəkən,
Saçını yolmayan varmı?!
Dörd yanımız hasar, barı,
Gün əritməz yatan qarı.
Biz gedirik qəbrə sarı,
Bizimlə olmayan vermı?!
30.VIII.2004
*Bu şeirlər Xalq şairi Zəlimxan Yaqubun 2006-cı ildə işıq üzü görmüş “Mən bir dağ çayıyam…” adlı şeirlər kitabından seçilərək dərc olunub