This image has an empty alt attribute; its file name is 1485_001.jpg

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Xalq şairi B.Vahabzadənin ölməz xatirəsinə ithaf edirəm.

Getdi aramızdan o böyük ustad,
Amma xatirəsi bizimlə qaldı.
Oldu böyük şair xalqına övlad,
Sənət meydanında zəfərlər çaldı.

İstiqlal şairi cəsarətiylə
Ucadan söylədi xalqın sözünü,
Tanındı, seçildi ləyaqətiylə,
Ovdu qələmiylə düşmən gözünü.

Çox mətləb qandırdı “Gülüstan”ıyla,
“Muğam” muğamatı göyə qaldırdı.
“Şəhidlər” – igidlik qəm dastanıyla
Qəlblərdə qələbə nuru yandırdı.

Necə də şirindir, “Ana dilimiz,”
“Etiraf” özü də cəsarətdir, bil.
Azadlıq qazanıb Oğuz elimiz,
İnsanı ucaldan dəyanətdir bil.

Bəzən “Qəm içində sevinc” də olur,
“Təzadlar ” mövcuddur “Həyat-ölüm” tək,
Bəzən baharda da yarpaqlar solur,
Bəzən alaq kimi atılır çiçək.

Sözləri qılıncdan iti, kəsərli,
Sözləri bir hikmət, bir məsəl oldu,
Fikri, düşüncəsi dərin, dəyərli,
Şam ömrü yaşadı nur, məşəl oldu.

Müdriklər yurdunun müdrik şairi
Həmişə sevilib – oxunacaqdır,
Nə qədər şeir var, Azərbaycan var,
“Əbədi heykəl” tək yaşayacaqdır!

Getdi aramızdan o böyük ustad,
Amma xatirəsi bizimlə qaldı.
Oldu böyük şair xalqına övlad,
Sənət meydanında zəfərlər çaldı.
2009

2011-ci ildə “Şirvannəşr”də çap olunmuş “Sabaha yol gedirik” kitabından