Yol çəkir gözləri dəlilərin də,
Tamam unutmayıb dünyanı onlar.
Güzgüdə özünü tanımasa da,
Dəlinin öz dəli xatirəsi var.
Qəfəsə bənzəyən pəncərələrdən,
Siz görən səmanı görür dəlilər.
Heç olmasa ildə cəmi bir dəfə,
Dəli gözlərinə görünür səhər.
Gözləri dikilib yolsuz yollara,
Dəli gözlərində yaşarmır kədər.
Baş çəkin onlara, ancaq gələndə
Əliboş gəlməyin, acdır dəlilər.