Oğluma

Əzəl ovçuluğa saldım meylimi,
Tikanı tapdayıb, budağı əydim.
Aşırıb boynumdan qoşalüləni,
Meşələr qoynunda özünə bəydim.

Dolu da başlayıb, külək də əsib,00
Dovşan da atılıb, qurd da tələsib,
Ağacda turacın üstünü kəsib,
Qayada kəkliyin xətrinə dəydim.

Azmı peşimanam öz əməlimdən,
Əbəs ələnməyib saçlarıma dən?!
Xəlvəti açılan bir gülləylə mən
Məğrur dağ kəlinin qəddini əydim.

Sevinci yarıda verməzdim bada,
Ağrını, acını salmazdım yada,
Alagöz ceyranın bir dar məqamda,
Ömrünü yarıda bitirməsəydim.

Hüseyn ARİFəm, közə dözərdim,
Enişə, yoxuşa, düzə dözərdim,
Səksənə, doxsana, yüzə dözərdim,
Əllidə Arifi itirməsəydim.

*Bu şeir Xalq şairi Hüseyn Arifin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur