Azadlıģa çıxan məhbus
“Qarabağım”!

Zümrüdqaşlı bulaqların
zümzüməsinə,
Xarıbülbülün aşiqi,
bülbüllərin eşq nəğməsinə,
Cıdır düzündə, qonur libaslı
köhlənlərin kişnəməsinə
həsrət qaldığımız Qarabağım…
Məhbusu olduğun zülmətin
çiliklənməsini,
yağmalanmış arzularının,
qırılmış ümidlərimizdən
yandırdığımız ocaqların
hənirinə qısılıb,
dan yerinin sökülməsini
səbrsizliklə gözləyirik.
Arabir mirvari yağmur damcıları
gah içimizi göynədən yaralarımızı,
gah da günəş şəfəqlərini gözləyən
utancaq bənövşələrin
ləçəklərinə qonan şeh kimi,
çatlamış dodaqlarımı isladır.
Vətənin sinəsinə tuşlanan
güllə səslərindən yağan damcılar
özüylə həm kədəri, həm sevinci ovlayır.
Torpağın hər qarışında
şəhid olur igidlərin gözlərindəki
vətən sevdalı həsrətli gülüşlər.
Azad etdiyi torpaqlarda
otuz ilin yurd həsrətilə
titrəyən ürəklərdə gerçəkləşir
doğma ocaqlarıyla görüşlər.
Kimisi illərlə həsrətində olduğu
ata ocağında boynubükülü qalan
ağacları bağrına basır,
kimisi dizin-dizin doğmalarının,
ruhları qarşısında baş əyir,
illərdi tərk etdikləri ata-babalarının
məzarları önündə sürünür.
Kimisi şəhidlərin daģlara,
daşlara çökən naləsini,
vətən harayını nəfəsində duyur,
Kimisi qələbə sevincindən
kipriklərində intihar edən
göz yaşlarında boģulur.
Oğullarımız günahsız
qız-gəlinlərimizin,
doğulmamış körpələrin inləyən,
eşidilməyən fəryadını
qaytarır düşmənə, zəfər qoxulu
güllə yağışlarında .
İgidim bilmir ki, zəfərinə sevinsin…
Ya, əyninə geyindiyi
acı xatirələrin arxasınca sürünsün…
Ya Rəbbim, çox şükür deyərək,
öpüb gözləri üstünə qoyduğu
vətən torpağında tapır təskinliyini.
Tarixə qanla yazılan
bu vəhşətlər içərisində anlayır,
Tanrının bizə bəxş etdiyi,
heç nə ilə əvəz olunmayan,
“Vətən” sevgisinin
dəryalar tək dərinliyini.
Şükranlıqla körpə uşaq
anasının qoxusuna sığındığı kimi,
dağın-dərənin gül-çiçək qoxuyan,
vətən ətirli havasını
içinə çəkərək deyir:
Mənim Məkkəm, Mədinəm,
İslamiyyət günəşi doğan
qibləmsən Vətənim!

04.11.2020.