ŞƏHİD KAPİTAN, VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI CEYHUN HƏSƏNOV MİSİLSİZ RƏŞADƏTİ İLƏ NƏSİLLƏRƏ NÜMUNƏ OLDU

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Ceyhun Aydın oğlu Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində dünyaya göz açmışdı. Bakıda böyümüş, Naxçıvanda və Beyləqanda işləmişdi. Vətən müharibəsinin ilk günündə – 27 sentyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə canını vətənə fəda etdi.

O, ilk təhsilini Xətai rayonunda Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbdə (1992-2001) almışdı. Sonralar Cəmşid Naxçıvanski adına Hərbi Liseydə (2001-2003) və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (2004-2008) hərb elminin sirlərinə yiyələnmişdi. Təhsilini davam etdirmək üçün Təlim Tədris MərkəzinəBakı  Ali  Birləşmiş Komandirlər məktəbində zabit ixtisası kursuna göndərilmişdi.

Orta məktəbdə oxuduğu müddətdə basketbol yarışlarında, fənn olimpiadalarında, müdavim vaxtlarında  güləş yarışlarında, sonralar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin cüdo birinciliyində qalibiyyətin qürurunu yaşamışdı. Ailəsinin yaxın qohumu, Müdafiə Nazirliyi mətbuat xidmətinin zabiti şəhid İlqar Verdiyevin uğurları Ceyhunda hərb sənətini seçməsinə həvəs yaratmışdı. Bununla belə, dayısı Məstan Novruzov və iki  yaxın qohumu birinci Qarabağ  döyüşlərində şəhidlik zirvəsini fəth etmişdi. Ailə gələnəklərini peşəsi ilə davam etdirən Ceyhun 2018-ci ilin 1 iyulunda ailə qurmuş, 2019-cu ilin 6 avqustunda əkiz oğlanları Cahid və Cavidan dünyaya gəlmişdi.

21 oktyabr 2019-cu ildən Beyləqandakı N saylı hərbi hissədə xidmət edirdi. Vətən müharibəsi başlayan gün Cəbrayıl, Xocavənd, Füzuli istiqamətində uğurlu əks-həmlə döyüşlərində tarix yazanlardan oldu kapitan Ceyhun Həsənov.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ceyhun Həsənov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” (09.12.2020) fəxri adına layiq görülüb, “Vətən uğrunda” (15.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020), “Qubadlının azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif edilib.

Ceyhunun ilk və son savaş günü haqqında onun döyüş yoldaşlarından olan çavuş Şahin Mehdiyev deyir: “Füzuli istiqaməti uğrunda düşmənin ilk müdafiə səddini yaranlar sırasında bizim heyət də vardı. Biz bir yerdə üç aya yaxın idi ki, təlim keçirdik. Ceyhun Həsənov Beyləqan rayonunda N saylı hərbi hissədə bölük komandiri vəzifəsindəydi. O, həm də  PDM komandiri olub. 27 sentyabr 2020-ci ildə müharibə  başlananda Ceyhun öz şəxsi heyəti və 7 BMP, 4 tank, bir neçə başqa texnika ilə hərəkətə keçdi.

Komandirin PDM-i öndəydi. Şiddətli döyüş gedirdi. Hər tərəfdən bizi atəşə tutmuşdular. Bir neçə texnikamız sıradan çıxdı. Şəhidlərimiz var idi. Buna baxmayaraq Ceyhun Həsənovun bacarığı sayəsində bir neçə yüksəkliyi aldıq, üç erməni postunu məhv etdik. Komandir tez-tez bizə səslənirdi: İgidlər, dayanmaq olmaz! Yalnız irəli!” Döyüş daha da şiddətləndi. Ermənilərin birinci eşalonu darmadağın olmuşdu.  Ancaq mənfur düşmən hər tərəfdən, hər növ silahdan istifadə edirdi. Mən komandirin oturduğu PDM-in tuşlayıcısı idim. Sürücümüz isə Qərib Balacayev idi. Komandir tez-tez “Afərin, igidlərim!” hayqıraraq bizə böyük ruh yüksəkliyi verirdi. O döyüşdə bizə verilmiş tapşırığı yerinə yetirdik, istədiyimiz mövqeləri tutduq. Komandir gördü ki, mənfur düşmən sağdan bizim heyəti mühasirəyə almaq üçün hərəkətə keçib, Qəribin PDM-i sağa döndərməsini əmr etdi. Bilirdik ki, ora girmək çox təhlükəlidi. Amma komandir dedi ki, igidlər, başqa yolumuz yoxdur, düşmən bizim 60-a yaxın heyəti mühasirəyə ala bilər. Balacayev ləngimədən PDM-i onun əmr etdiyi tərəfə sürdü. Komandir Ceyhun Həsənov istədiyinə nail oldu, düşmən itki verib geri çəkildi. Amma çox təəssüf ki, sonra biz dönəndə tank əleyhinə minaya düşdük. Cəsur komandirimiz kapitan Ceyhun Həsənov və PDM-i idarə edən Qərib Balacayev qəhrəmancasına şəhid oldular, mən isə yaralandım. Komandir son nəfəsində məndən soruşdu: “Şahin, sonuncu mövqeni vurduqmu?”  Cavab verdim ki, bəli, komandir, vurduq. Gülümsəyərək əlimi sıxdı. Gözlərini yumaraq şəhidlik zirvəsinə yüksəldi. Ruhu şad olsun!”

Bir oğul anası olan və onu da vətən uğrunda şəhid vermiş Səmayə xanım qəhrəman övladı haqqında qürurla danışır və şəhid kapitanın ruhuna xitabən deyir: “Oğlum, azad etdiyin torpaqlarda daima ruhun dolaşacaq. Əkiz övladların səni şəkillərdə, tarixlərdə axtaracaq, qəhrəmanlığınla fəxr edəcəklər. Sən Vətənini balalarından da, anandan da yüksəkdə tutdun, Ceyhun. Həyatda sənə nə əziyyət çəkmişəmsə, halalın olsun, oğlum! Vətənimiz, xalqımız səni unutmayacaq!”