Sənə toxunmaq günəşə toxunmaq kimidir,
Yansa da əllərim,
Nura boyanır bədənim.
Huzur selidir baxışların,
Gözlərimdən içimə axan,
Ürəyimə rahatlıq qatan.
Üzümü qıdıqlayan saqqalına da aşiq ola bilərəm,
Ciyərimə zəhər olan siqaretinin
dumanına da.
Pərqu balışımdır çiynin,
Qollarının arasıdır Vətənim,
Barmaqlarıma sarılan barmaqlarının qabarıdır nişan üzüyüm,
Şərab qoxan nəfəsindir ətrim,
Və ömrüm kimi dağınıq saçlarındır düzənim.
Eşq səmamdakı ən parlaq ulduzum,
Bir dünyalıq insan içərisində yalnızlığımsan.
Qəlbimin ən uca minarəsində oxunur
“Səndən başqa sevgili yoxdur”la başlayıb,
“Səni sevirəm”lə bitən
Eşqimin Azanı,
Gündə sonsuzluq qədər.
Eh, sevgili,
Gedirsən…
Haqqım yox ki, “qal” deməyə,
Səni aparan yolları bərk-bərk bağrıma basardım
Ünvanını dəyişməkçün ürəyimə…
Shahane Müşfiq