HƏMƏN ADAMAM

Yoxuşlu yolları keçib gəlirəm,
Ömür zəmisini biçib gəlirəm.
Özümdən, sözümə köçüb gəlirəm,
Başı dağ, ətəyi çəmən adamam.

Haram qazanmaram, haram yemərəm,
Olsa da lap pulum-param yemərəm…
Haram tikələrə koram, yemərəm,
Anamdan halal süd əmən adamam.

Olar ki, şeytana uysam nə vaxtsa,
Özümü əlçatmaz saysam nə vaxtsa…
Allahım, bu hissi duysam nə vaxtsa!
Nə sənin qulunam, nə mən, adamam!

Gəldikcə yaş üstə yaş deyə bilim,
Yaşadım ömrümü xoş deyə bilim.
Allah, hüzurunda kaş deyə bilim!
Gəlmişəm, sevdiyin həmən adamam!

Rüfət Axundlu.

24.06.2021